Məhkəmə qərarları › İş №2(006)-4586/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4586/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4586/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ona, döyüşlərdə İİ qrup əlil olmuş mərhum hərbiçi həyat yoldaşı X2 varisi kimi döyüşlərdə əlil olmuş vətəndaşları üçün nəzərdə tutulmuş 6600 manat sığorta məbləğinin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, 1967-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda Qarabağ Müharibəsində iştirak etmişdir. 1993-cü ildə döyüşlərdə ağır yaralanaraq Qarabağ Müharibəsinin İİ qrup əlili kimi təxris edilmişdir. Əlillər üçün nəzərdə tutulmuş sığorta pulunun alınması ilə bağlı mərhum həyat yoldaşı dəfələrlə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də dünyasını dəyişənədək ala bilməmişdir. Həyat yoldaşı aldığı yaralardan əziyyət çəkdiyinə görə xx xxxxxxxx 2016-cı il tarixdə dünyasını dəyişmişdir. Mərhum həyat yoldaşının ölümündən sonra 2 saylı Asan Xidmət Mərkəzində vərəsəlik işi açılmışdır. Eyni zamanda ona xx xxxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ üzrə şəhadətnamə verilmişdir. ona, döyüşlərdə İİ qrup əlil olmuş mərhum hərbiçi həyat yoldaşı X2 varisi kimi döyüşlərdə əlil olmuş vətəndaşları üçün nəzərdə tutulmuş 6600 manat sığorta məbləğinin ödənilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə imtina vermişdir. Bundan sonra o, sığorta məbləğinin ödənilməsi tələbinə dair Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sonda iddiaçı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, X3 ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Vİ-JQ 440035 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, X4 ilə X1 arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanaraq bu barədə Xətai rayon VVAQ Şöbəsinin akt qeydləri kitabında 10 saylı qeyd aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 2 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinin ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxxxxxx 2016-cı ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxx 2016-cı il tarixdə iddiaçıya verilmiş cavabda qeyd olunur: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin halhazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilmişdir”. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-də müayinə aktından çıxarışdan görünür ki, X4 ikinci qrup əlildir. İş materiallarından göründüyü kimi Bakı şəhəri Xətai RHK tərəfindən X3 müharibə veteranı kimi 048266 saylı vəsiqə verilmişdir. İş materiallarında olan Bakı şəhəri 2 saylı Asan Xidmət Mərkəzində Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli 2271 saylı arayışdan görünür ki, Bakı şəhəri 2 saylı Asan Xidmət Mərkəzində Notariat Kontorunda müvafiq vərəsəlik işi açılmışdır. X2 vərəsələrinin dairəsi müəyyən edilmiş və onun qanun üzrə vərəsəsi kimi İddiaçı xx xxxxx 2017-ci il tarixdə reyestrdə 2V-238 nömrə ilə qeyd olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının həyat yoldaşı X3 hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. İddiaçı həyat yoldaşıba sığorta ödənişinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin sığorta ödənişi verilməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 6.600 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, istinad olunan hüquq normalarına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən xx xxxxxx 2016-cı il tarixdə iddiaçıya verilmiş cavab qanunun tələblərinə uyğun deyil, həmin cavab əsassızdır və iddiaçının tələbi əsaslı olduğuna görə iddiaçıya cavabdeh tərəfindən sığorta ödənişi ödənilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar