Məhkəmə qərarları › İş №2(006)-4586/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4586/2021

18.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4586/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ilin noyabr ayından AWS şirkətində sürücü işləmişdir. İşə qəbul olunduğu gündən növbəti iş qrafikində çalışmışdır. İşlədiyi ərazi Səngəçal Terminalı olmuşdur. 2016-cı ildə şirkətin adı dəyişib Cavabdeh olmuşdur (müdiriyyət və işçilər dəyişməyib, dəyişilən ancaq şirkətin adı olub). 2016-cı ilə qədər maaş artaraq 1150 manat olmuşdur. 2016-cı ildə Cavabdeh-yə keçdikdən sonra maaşı heç bir səbəb göstərmədən 1050 manat olmuşdur (növbəti iş rejimində işləmişdir, 15-16 iş günü çalışmışdır). Yəni həmin qrafikdə işləmişdir, amma maaş 1050 manat olmuşdur. 2020-ci ilin mart ayının 26-sı pandemiya ilə əlaqədar onlara evə gəlmədən 28 gün 12 saatdan işləmək və iş ərazisində kampda qalacaqları bildirilmiş və artıq işlədiyi saatları və kampda qaldıqları üçün əlavə pul alacaqları bildirilmişdir. Aprelin 23-ü işdən çıxmışlar. May ayının 14-ü yenidən otelə gedəcəkləri bildirilmişdir (7 gün otel, 21 iş günü). İyunun 12-si iş ərazisindən çıxmışlar. İyunun 25-i yenidən otel 7 gün, 21 iş günü Səngəçal terminalında işləmişlər. İyulun 22-si terminaldan çıxmışlar. Hər dəfə narahat olmamaqları, artıq işlədiyi günlərin ödəniləcəyi deyildi. Yuxarıda göstərilən aylarda 1045 manat maaş almışdır. Axırıncı ayda etiraz etdikdən sonra 440 manat əlavə pul ödəmişlər və iddiaçıya bildirmişlər ki, Şirkətin baş direktoru onların əlavə iş saatlarına uyğun hesablanmış pulu ödəyə bilməyəcək. İyun ayının 31-i axşam saat 22.00-da kardlar şöbə müdiri Orxan Əmrahov oktyabrın 1-i iddiaçının işdən azad olunacağı bildirmişdir. Haqqını tələb etdiyinə görə iddiaçını işdən azad etmişlər. Göstərilənlərə əsasən cavabdehin ödəmədiyi əmək haqqı ödənişləri üzrə ümumilikdə 12.000 manat məbləğində olan borcun Cavabdeh BM MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh BM MMC tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla əmək müqaviləsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsait cavabdehdən alınaraq iddiaçının xeyrinə pul kompensasiyasının ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, şirkətdə heç bir ad dəyişikliyi olmamışdır. İddiaçının əmək kitabçasından da göründüyü kimi 16.11.2011-ci il tarixdən «X5» Şirkətinin AR filialında (VÖEN: **********) işləmiş və 01.02.2016-cı il tarixdə öz təşəbbüsü ilə (işçinin ərizəsi əsasında) əmək müqaviləsinə xitam verilmişdir. 01.02.2016-cı il tarixdə iddiaçı ilə Cavabdeh BM MMC-nin (VÖEN **********) işəgötürəni arasında qarşılıqlı razılaşma əsasında əmək haqqı təyin edilmiş və hər iki tərəfin imzası ilə əmək müqaviləsi ilə rəsmiləşdirilərək İddiaçı işə sürücü vəzifəsinə şəbul edilmişdir. İddiaçının 2017-2018-ci illər üçün olan xalis əmək haqqısının təhlili göstərmişdir ki, həmin illərdə əlavə gecə iş saatları, bayramlar, birdəfəlik mükafatlar və ilin yekunlarına görə 13-cü əmək haqqı (bonus) hesablanması da daxil olmaqla orta aylıq əmək haqqının xalis məbləği 1,290,89 manat təşkil etmişdir. Həmçinin şikayət olunan dövr üçün isə (yanvar 2019-iyul 2020) faktiki işlənmiş iş saatlarına uyğun olaraq arta aylıq xalis əmək haqqı 1.216,68 manat olmuşdur ki, bu da onu göstərir ki, İddiaçı əmək haqqının işəgötürən tərəfindən bilərəkdən azaldılması halına yol verilməmişdir. Əksinə olaraq qeyd edilən dövr ərzində işçinin faktiki işlədiyi iş saatları aylıq normadan az olmasına baxmayaraq müəssisə tərəfindən onun vəzifə tarif maaşını tam alması üçün əmək haqqına əlavələr edilmiş və o, vəzifə tarif maaşını almışdır. İddiaçının pandemiya ilə bağlı 28 gün işlədiyi və iş ərazisində oteldə qaldığı və bunun müqabilində şirkət əlavə pul verəcəyi haqda söz verildiyi bildirilir. Karantin-izolyasiya qaydalarına uyğun olaraq sifarişçi olan BP Azərbaycan tərəfindən 28.03.2020-ci il tarixdə elektron poçt vasitəsilə fasiləsiz əməliyyata malik və dövlət əhəmiyyətli Səngəçal Terminalı ərazisində növbəlilik rejiminin tətbiq ediləcəyi xəbərdarlığı edilmişdir. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə cəmiyyətin işçiləri üçün xüsusi iş rejiminin tətbiq edilməsi zərurəti yaranmışdır. Xüsusi karantin dövründə işləyən işçilərin «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respubldikası Qanununa uyğun olaraq koronavirusa (SOVİD-19) yoluxma risklərinin azaldılması işçilər üçün xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi, işçilərin evdə qalma müddətinin artırılması və nəqliyyatla iş yerinə gediş-gəlişinin məhdudlaşdırılması məqsədilə texniki işçilərini bilavasitə həyata keçirən işçilərin vaxta metodu üzrə növbəli iş rejimindəki mövcud vaxta müddəti 28 iş növbəti və 28 vaxtalararası istirahət günləri olmaqla növbə cədvəlləri üzrə tənzimlənmişdir. Növbəti iş rejiminə keçirilmə Cavabdeh BM MMC tərəfindən müvafiq əmr ilə təsdiqlənmişdir. Bu iş rejimində «İş və istirahət rejimi, iş vaxtının uçotu» qaydası tətbiq edilmişdir. Belə ki, vaxta metodu üzrə iş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən iş vaxtının cəmlənmiş uçota əsasında təşkil edilmişdir. Bu halda, bir qayda olaraq, qeydiyyat (uçot) dövrü bir il götürülmüşdür. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş vaxtı normasından çox olmamalıdır. Bu halda müvafiq qeydiyyat (uçot) dövrü üçün iş vaxtı norması hər il Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq hesablanmış və müvafiq ilin iş vaxtı norması əsasında müəyyənləşdirilmişdir. İşçilər (iddiaçı o cümlədən) növbə cədvəli üzrə vaxtaya göndərildikləri gündən əvvəl sayı sifarişçi tərəfindən müəyyən edilmiş günlər, gün ərzində işəgötürən tərəfindən tam təminat verilən mehmanxanalarda karantin rejimində yerləşdirilmiş və həmin dövrdə onlarda koronavirus (COVİD-19) infeksiyasının əlamətlərinin olub-olmaması müvafiq qaydada tibbi yoxlanılmış, koronavirus (COVİD-19) infeksiyasının əlavətləri olan, eləcə də özünü gümrah hiss etməyən işçilər vaxta rejimində işə buraxılmamışlar. İşçilərin mehmanxanalarda karantin rejimində yerləşdirildiyi günlər üçün əmək haqqında ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Sifarişçi şirkət tərəfindən də həmin günlər üzrə əlavə ödəniş edilməmişdir. Lakin buna baxmayaraq Cavabdeh BM MMC öz vəsaiti hesabına həmin günlər üçün aylıq əmək haqqının orta günlük normasının 50% həcmində kompensasiya xarakterli ödəniş edilməsinə qərar vermiş və ödənişlər əmək haqqına əlavə olaraq işçilərin əmək haqqı kartlarına köçürülmüşdür. İşçilərə qeyd edilən dövr ərzində cəmlənmiş uçot qaydalarına əsasən norma iş saatlarından artıq işlənmiş saatlar üçün də qanunvericiliyə əsasən əlavələrin hesablanması və ödənilməsi olmuşdur. İddiaçı öz ərizəsində haqqını tələb etdiyi üçün işdən azad edildiyini qeyd edir. Bu tamamilə yalnış məlumatdır. Sifarişçi şirkət (BP Azərbaycan) tərəfindən 23.07.2020-ci il tarixdə şirkətə 2 ay ərzində layihənin bitməsi barədə yazılı elektron xəbərdarlıq göndərilmişdir. Bununla bağlı şirkət həmin layihəyə aid ştatların ixtisar edilməsi məcburiyyətində qalmış və nəzərdə tutulan ştatların ixtisarı ilə əlaqədar iddiaçıya və bir neçə digər işçilərə qanunvericiliyin müddəaları nəzərə alınmaqla rəsmi qaydada xəbərdarlıq məktubu təqdim etmişdir. İddiaçının əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqədar xitam veriləcəyi təqdirdə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan təminatlar son haqq-hesabında ödənilmişdir. İddiaçı Cavabdeh BM MMC-də 1 ildən 5 ilə qədər əmək stajına malik olmuşdur. AR Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən həmin iş stajına görə 4 təqvim həftəsi və ya orta əmək haqqının 0,9 misli və orta əmək haqqının 1,4 misli həcmində müavinət nəzərdə tutulur. Lakin buna baxmayaraq müəssisə vətəndaşın sosial rifahının yaxşılaşdırılması məqsədi ilə ona Əmək Məcəlləsində nəzərdə tutulmuş ən yüksək, yəni 9 həftə müddətdə xəbərdarlıq müddəti və ən yüksək əmsalda, yəni orta aylıq əmək haqqının 2 mislində birdəfəlik müavinət verilməsini nəzərdə tutmuş və bu da öz növbəsində sözügedən xəbərdarlıq məktubunda elan olunmuşdur və buna uyğun da ödəniş həyata keçirilmişdir. İddiaçı məhz xəbərdarlıq məktubunu aldıqdan qısa müddət sonra AR X2 əvvəlki dövrlər üzrə qarşılıqlı razılaşdırılmış və ona ödənilmiş əmək haqqının az olması ilə bağlı şikayət etmiş və AR X3 də öz növbəsində bununla bağlı şirkətinə işin araşdırılması üçün 11.08.2020-ci il tarixli **********7 saylı sorğu məktubu göndərmişdir. AR X1 daxil olmuş həmin sorğu məktubuna 10.09.2020-ci il tarixli LO/091A/20 saylı izah məktubu ilə bütün tələb olunan sənəd və hesablamalar təqdim edilmiş və verilmiş suallar cavablandırılmışdır. AR X3 tərəfindən təqdim edilmiş sənədlər araşdırılarkən işçidən şirkət daxili təyin edilmiş və işçilərə mobil danışıq limitinin tətbiq edilməsi səbəbindən verilmiş dövr üçün tutulan limitdən artıq istifadə edilmiş 135 manat mobil danışıq məbləğlərinin işçiyə geri ödənilməsinə dair (AR Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən) 13.11.2020-ci il tarixli **********2 saylı məktubla qərar qəbul edilmiş və həmin 135 manat məbləğin ödənilməsi 20.11.2020-ci il tarixdə tərəflərdən həyata keçirilmişdir. Eyni zamanda həmin limitin tutulmasına görə AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən şirkətin vəzifəli şəxsinə 06.11.2020-ci il tarixli ******* nömrəli protokola əsasən cərimə tətbiq edilmiş və həmin cərimə məbləği tərəflərdən dövlət büdcəsinə ödənilmişdir. İddiaçının ərizəsində «əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün ümumilikdə 12000 manat» məbləğin heç bir riyazi hesablama təqdim etmədən və əsas gətirmədən qeyd etməsi absurddur və qəbuledilməzdir. Belə ki, qeyd edilən rəqəmin hansı hesablama qaydasında aparılması iddia ərizəsində qeyd edilməmişdir. İddiaçı tərəfindən işlədiyi dövrlərdə əmək haqqının düzgün hesablanmaması ilə bağlı heç bir müraciət olmamışdır. İddiaçının ərizəsində «mühasibatlıq hesabat təqdim etmir» ifadəsini qeyd etməsi tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı iddia ərizəsində 2011-ci ilin noyabr ayından AWS şirkətiində sürücü işlədiyini, 2016-cı ildə şirkətin adının dəyişilərək Cavabdeh olduğunu bildirir ki, bu məlumat yanlışdır. İddiaçının iddiası Cavabdeh BM MMC-yə qarşıdır ki, bu şirkətin adında ötən dövrdə heç bir dəyişiklik olmamışdır. İddiaçı 2016-cı ildə işlədiyi «X6» Şirkətinin AR filialından (VÖEN ё4********) öz xahişi (ərizəsi) ilə işdən azad olunaraq Cavabdeh BM MMC-yə (VÖEN **********) işə qəbul olunmuşdur. İşə qbul olunarkən əmək şəraiti şərtləri, o cümlədən aylıq maaşı əmək müqaviləsində qarşılıqlı razılaşmaya əsasən yeni işəgötürən tərəfindən təyin edilmiş və hər iki tərəf müqaviləni imzalamışlar. Bu baxımdan iddiaçının iddia ərizəsində aylıq maaşının 1150 manatdan 1050 manata azaldılması iddiası tam əsassızdır. İşdən azad olunma və yeni işə təyin olunmanın xronoloji ardıcıllığı əmək kitabçasının surətində öz əksini tapmışdır. İddiaçı 01.02.2016-cı il tarixdə Cavabdeh BM MMC-yə aylıq tarif maaşı 910 manat olmaqla sürücü peşəsinə işə qəbul edilmiş, 27.04.2017-ci il tarixdən isə aylıq tarif maaşı artırılaraq 1043 manat olmuşdur. Azərbaycan Respublikasında Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın qərarları əsasında həyata keçirilən «COVİD-19» virusuna qarşı mübarizə tədbirləri çərçivəsində iddiaçının əmək haqqının düzgün hesablanmadığını iddia etdiyi 2020-ci ilin aprel-iyul aylarında Cavabdeh BM MMC tərəfindən işçilər iş növbəsinə buraxılmazdan öncə 7 gün mehmanxanada yerləşdirilmiş, mehmanxana və yemək xərcləri şirkətin hesabına ödənilmiş, mehmanxanada onların səhhətinə tibbi nəzarət edilmiş, bundan əlavə işçilərin mehmanxanada qaldığı hər gün üçün gündəlik əmək haqqının 50%-i məbləğində onlara əmək haqqı ödənilmişdir. İddiaçı 2020-ci ilin may ayında 7 gün, iyun ayında 6 gün, iyul ayında 1 gün (cəmi 14 gün) mehmanxanada olmuşdur. Sifarişçi BP Şirkətinin otel-karantin günlərinin Təchizatçı Cavabdeh Şirkətinə ödənilməsindən imtina etməsinə baxmayaraq Cavabdeh Şirkəti otel günlərinin şirkətin öz hesabına işçilərə ödənilməsinə qərar vermiş və yuxarıda göstərilən 14 günə görə vergi və sosial sığorta ödənişləri xaric 490 manat və əlavə olaraq 200 manat mükafat məbləğinin İddiaçı ödənişini iyul və avqust aylarında təmin etmişdir. 2020-ci ilin aprel-iyul aylarında iddiaçıya gündüz və gecə növbələri üzrə əmək haqqının, mehmanxanada yerləşdirilməyə görə əlavə xərclər, cəmi 4940,57 manat tam ödənilmişdir. Bununla yanaşı iddiaçı iddia ərizəsində həmin aylarda aylıq iş vaxtı normasından artıq iş saatlarının ödənişini iddia edir ki, bu hal aşağıda göstərilənlərə əsasən əsassızdır. Belə ki, iddiaçının əmək müqaviləsində onun növbəli iş qrafiki üzrə iş vaxtının cəmlənmiş uçotu aparılmaqla işləməsi göstərilmişdir ki, 01.01.2020-ci il tarixdən onun əmək müqaviləsinə xitam verildiyi 13.10.2020-ci il tarixinə illik iş vaxtı norması 1179 saat təşkil etdiyi halda həmin tarixə faktiki olaraq 1177 saat (2 saat az) işləmişdir. Bu səbəbdən son haqq-hesab ödənilərkən iddiaçıya əlavə ödəniş edilməmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbləri təmin edilməməlidir. İş üzrə əmək kitabçasının kserosurətindən görünür ki, İddiaçı 16.11.2011-ci il tarixdə «X7» şirkətinə sürücü vəzifəsinə işə qəbul edilmiş, 01.02.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 01.02.2016-cı il tarixli Cavabdeh BM MMC-yə sürücü vəzifəsində iş əqəbul edilmiş, 13.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (ştatların ixtisarı) əsasən işdən azad edilmişdir. İş üzrə xxxxxxx000100 saylı, 09.09.2014-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “X7 Limited” Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialında 16.11.2011-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 853,41 manat təşkil edir. İş üzrə xxxxxxx000101 saylı, 16.11.2015-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “X7 Limited” Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialında 16.11.2011-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 853,41 manat təşkil edir. İş üzrə xxxxxxx0001X0 saylı, 01.02.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Cavabdeh Birgə Müəssisəsi MMC ilə İddiaçı arasında bağlanmış 01.02.2016cı il tarixli, 003/16 saylı müddətli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh BM MMC İddiaçı sürücü vəzifəsinə işə götürmüşdür. Müqavilə Əmək Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə əsasən müddətlidir, 01.02.2016-cı il tarixdən 01.08.2016-cı il tarixədək qüvvədədir. İş üzrə xxxxxxx000200 saylı, 01.02.2016-cı il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh Birgə Müəssisəsi MMC-də 01.02.2016-cı il tarixli müddətli əmək müqaviləsinə əsasən sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 910 manat təşkil edir. İş üzrə xxxxxxx000202 saylı, 27.04.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh Birgə Müəssisəsi MMC-də 01.02.2016-cı il tarixli müddətli əmək müqaviləsinə əsasən sürücü vəzifəsində işləyir, aylıq əmək haqqı 1043 manat təşkil edir. İş üzrə xxxxxxx0002X0 saylı, 13.10.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə hesablanmış və ödənilmiş əmək haqqı cədvəllərindən görünür ki,cavabdeh tərəfindən İddiaçı 2017-2018-ci illərdə cəmi 30.981,28 manat, 2019-2020-ci ilin sentyabr ayına kimi cəmi 23.807,46 manat məbləğində əmək haqqı ödənilmişdir. İş üzrə Cavabdeh BM MMC-nin 30.03.2020-ci il tarixli, 001-20 saylı əmrin surətindən görünür ki, inzibati heyətin 31.03.2020-ci il trixdən etibarən distant (evdən) işləməsinin təmin edilməsi və bunun üçün müvafiq şəraitin yaradılması, Səngəçal Terminalı ərazisində işləyən işçi heyəti, əməliyyat şirkəti (BP Azərbaycan) tərəfindən tətbiq edilən qaydalara əsasən iş fəaliyyətinin davam etdirməsi, izolyasiya tədbirlərinə uyğun olaraq işçilər növbə müddəti ərzində Səngəçal Terminalı ərazisində yerləşən yaşayış massivində yerləşdirilməsi, əməliyyat şirkəti (BP Azərbaycan) tərəfindən tələb olunan bütün şəxsi və sosial izolyasiya qaydalarına əməl edilməsi, yaranmış fövqəladə hal ilə işçilərlə bağlanmış əmək müqavilələrinə uyğun olaraq orta aylıq iş qrafikinin və müvafiq olaraq əmək haqqlarının saxlanılması və nəzarət edilməsi məqsədilə verilmiş dövr üçün cəmlənmiş uçotun tətbiq edilməsi əmr edilmişdir. İş üzrə Cavabdeh BM MMC-nin 01.06.2020-ci il tarixli, 003-20 saylı əmrin surətindən görünür ki, yeni nəsil Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Səngəçal Terminalı ərazisində BP Şirkət tərəfindən tətbiq edilən izolyasiya qaydalarına əsasən Cavabdeh BM MMC işçilərinin iş qrafikinə 27.03.2020-ci il tarixdən etibarən bəzi dəyişikliklər edilməsinə ehtiyac yaranmışdır. İşçilər növbəyə başlanmazdan əvvəl şəxsi izolyasiya dövründə otel karantin şəraitində 3-7 gün qalmalı olduğunu nəzərə alaraq 27.03.2020-ci il tarixdən etibarən işçilərin növbədən əvvəl olduqları otel karantini günləri üçün gündəlik norma əmək haqqının 50%-i həcmində əlavə ödənişin həyata keçirilməsi, karantin periodunda Səngəçal Terminalında işləyən həyət üzvlərindən, briqadirlərə 100 manat, sürücülərə 200 manat birdəfəlik ödənişlərin verilməsi əmr edilmişdir. İş üzrə Cavabdeh BM MMC tərəfindən sürücü İddiaçı ünvanlanmış 30.07.2020-ci il tarixli məktubdan surətindən görünür ki, Cavabdeh BM MMC-nin fəaliyyəti ilə bağlı layihələrin icrası dayandırılmaq üzrədir. Bu səbəbdən Cəmiyyətdə işçilərin sayının və ya ştatlarının ixtisar ediləcəyi zəruriyyəti yaranmışdır. Qeyd edilən səbəbdən əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar olaraq İddiaçı tutduğu sürücü vəzifəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilməsi nəzərdə tutulur. "xxxx" BM MMC-nin işəgötürənin ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq Cəmiyyətlə münasibətdə 10 ildən çox əmək stajına malik olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğu) vaxtdan etibarən 9 təqvim həftəsi qabaqcadan çalışdığı Sürücü vakansiyasının ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilir. 9 təqvim həftəsi xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 iş gün iş axtarmağa İddiaçı imkan yaradılır. Həmin məktubdan həmçinin görünür ki, İddiaçı məktubun əslini 12.08.2020-ci il tarixdə almışdır. İş üzrə Cavabdeh BM MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış 10.09.2020-ci il tarixli arayışına əsasən İddiaçı avqust 2019-avqust 2020 periodu üzrə xalis əmək haqqı cəmi 15.481 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh BM MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış 10.09.2020-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı hazırda 01.02.2016-cı il tarixli 003/16 nömrəli əmək müqaviləsi əsasında Cavabdeh Birgə Müəssisəsində sürücü peşəsində çalışır və onun əmək müqaviləsi «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmişdir. Əmək müqaviləsi xalis əmək haqqı (vergi və sosial tutulmalar çıxılmaqla) üzərindən bağlanmışdır. İddiaçı əmək haqqı vəzifə maaşından, gecə saatlarına görə əmək haqqına əlavədən, mükafatlardan, son dövrlərdə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mehmanxanada tibbi müayinə üçün yerləşdirilməklə bağlı əlavə ödənişdən ibarətdir ki, aylıq iş saatlarından (gecə və gündüz növbəsi) asılı olaraq onun xalis əmək haqqı dəyişə bilir. İddiaçı müraciətində son dövrlərdə xalis əmək haqqının 1,150 manatdan 1,050 manat azaldılmasından və ştatların ixtisarı ilə əlaqədar rəsmi xəbərdarlıq edilməsindən şikayətlənir ki, bununla əlaqədar aşağıdakı bildirirlər. Təqdim edilən son 12 ayın əmək haqqı arayışından görünür ki, İddiaçı son dövrdə əmək haqqından gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları çıxıldıqdan sonra əmək haqqı 2019-cu ilin noyabr, sentyabr ayında və 2020-ci ilin aprel-iyul aylarında 1051 manat təşkil etmişdir. Digər aylardakı nisbətən 10-20 manat fərqlilik iş saatlarının az və çox olması ilə bağlı olmuşdur. İddiaçı 2017-2018-ci illərdə xalis əmək haqqının təhlili göstərmişdir ki, həmin illərdə əlavə gecə iş saatlarının çox olması, bayramlarla əlaqədar birdəfəlik mükafatların və ilin yekunlarına görə 13-cü əmək haqqı (bonus) hesablanması səbəblərindən orta aylıq əmək haqqının məbləği 1.290,89 manat təşkil etmişdir. Həmçinin şikayət olunan dövr üçün faktiki işlənmiş iş saatlarına uyğun olaraq orta aylıq olmasına baxmayaraq müəssisə tərəfindən onun vəzifə tarif saaşını tam alması üçün əmək haqqına əlavələr edilmiş və o vəzifə tarif maaşını almışdır. Cavabdeh BM-də nəzərdə tutulan ştatların ixtisarı ilə əlaqədar İddiaçı bütün işçilərə olduğu kimi rəsmi xəbərdarlıq verilmişdir ki, onun müraciətində yalnız şifahi olaraq xəbərdarlıq alması əsassızdır. İddiaçı əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqədar xitam veriləcəyi təqdirdə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan təminatlar son haqq-hesabında ödəniləcəkdir. Baxmayaraq ki, İddiaçı Cavabdeh BM-də 1 ildən 5 ilə qədər əmək stajına malikdir, müəssisə ona Əmək Məcəlləsində nəzərdə tutulmuş ən yüksək yəni 9 həftə müddətdə xəbərdarlıq etmiş və ən yüksək əmsalda yəni 2 mislində birdəfəlik müavinət verilməsini nəzərdə tutmuş və bu da öz növbəsində sözügedən xəbərdarlıq məktubunda elan olunmuşdur. İş üzrə 20.11.2020-ci il tarixli, 89813020 (JV 01237) saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh BM MMC tərəfindən İddiaçı 135 manat mobil danışıq məbləği ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı, surəti X3 Xidmətinə ünvanlanmış 26.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh BM MMC-nin rəhbəri tərəfindən təqdim olunmuş sənədlərdən İddiaçı tutduğu sürücü vakansiyasının ixtisar ediləcəyi ilə bağlı 30.07.2020-ci il tarixli xəbərdarlıqla 12.08.2020-ci il tarixdə tanış olduğu və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 30.10.2020-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. Eyni zamanda təqdim olunmuş sənədlərdən əmək haqqının hesablanıb ödənilməsində qanunveriliciyin tələblərinin pozulması aşkar edilmişdir. Bu səbəbdən Cavabdeh BM MMC-nin direktoru V.E.Osmanov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq, 06.11.2020-ci il tarixli MN ******* nömrəli İnzibati Xətai haqqında Protokol tərtib edilmişdir. İddiaçı yaranmışd əmək haqqı borcunun ödənilməsi ilə bağlı Cavabdeh BM MMC-yə məktub göndərilmişdir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 16.11.2011-ci il tarixdən «X5» Şirkətinin Azərbaycan filialında işləmiş,01.02.2016-cı il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. 01.02.2016-cı il tarixdə iddiaçı Cavabdeh BM MMC-yə sürücü vəzifəsinə qəbul olunmuş, 13.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ştat ixtisarı ilə bağlı işdən azad olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 26 noyabr 2020ci il tarixli məktubundan da göründüyü kimi, əmək haqqının ödənilməsində qanunverciliyin tələbləri pozulmuş və daha sonradan isə cavabdeh tərəfindən həmin pozuntu ilə bağlı müəyyən edilmiş 135 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı əmək haqqının və ödənişin gecikdirilməsi ilə bağlı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Hazırki mülki işin gedişatı zamanı iddiaçı məhkəməyə iddiada göstərdiyi halları təsdiq edən heç bir mötəbər dəlil təqdim edə bilməmiş, mülki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədlər isə bu faktın əksini deməyə əsas vermişdir. İddiaçının öz tələblərini əsaslandırdığı faktlar təsdiqini tapmadığından məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi hissəsinə prosessual qənaət prinsipi nöqteyinəzərindən qiymət verilməsini zəruri hesab etmir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı «əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdiq etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar