Məhkəmə qərarları › İş №2(006)-4596/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4596/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4596/2021 18.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC ilə X1 arasında 20.11.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «Mitsubishi Pajero» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 22.01.2018-ci il tarixdə «Mitsubishi Pajero» markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, M.Rəfili küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və «Mitsubishi Pajero» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2.376,63 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi RPİ DYPŞ-dən 22.01.2017-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Nəsimi RPİ DYŞP-nin "xxxx" ASC-yə təqdim etdiyi 03.04.2018-ci il tarixli, 082-5362-1118 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı zərərin aradan qaldırılması üçün ödədiyi 2.376,63 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına 10.07.2018-ci il tarixli, AS-18/1719 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək ödənilməmişdir. Göstərilənlərə əsasən 2.376,63 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 2.406,63 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 27.07.2018-ci il tarixli arayışın kserosurətinə əsasən «Mitsubishi Pajero» minik markalı ** DB *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «Mitsubishi Pajero» markalı ** DB *** dövlət nömrə nişanlı avtomobil 20.11.2017-ci il tarixdən 20.11.2018-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan Nəsimi DYPŞ tərəfindən tərtib edilmiş 22.01.2017-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, 22.01.2017-ci il tarixdə Cavabdeh tərəfindən AR İXM-nin 327.1-ci maddəsinə əsasən araməsafəsi qaydalarının pozulması, 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaların pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyatı hadisəsi yerindən yayınması hallarına yol verilmişdir. Həmin hadisə nəticəsində Cavabdeh AR İXM-nın 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 25.01.2018-ci il tarixli dəymiş zərərin hesablamadan görünür ki, «Mitsubishi Pajero» markalı ** VZ *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin həcmi 2520,63 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 19.02.2018-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" ASC tərəfindən PAA170710523 nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış «Mitsubishi Pajero» markalı, **-DB-*** dövlət nömrə nişanlı avtomobil, Kasko Butik məhsulu üzrə L290RLUS nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmış «Mitsubishi Pajero» markalı, **-VZ-*** dövlət nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisə nəticəsində zərərçəkən sığortalıya "xxxx" MMC tərəfindən 2.376.63 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR Mülki Məcəlləsinin 936-cı maddəsinə uyğun olaraq ödənilmiş 2.376,63 manat məbləğində vəsaiti 5 təqvim günü ərzində "xxxx" MMC-nin bank hesabına ödənilməsinə göstəriş verilməsini xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 06.04.2018-ci il tarixli sığorta aktın təsdiq edilmiş surətindən görünür ki, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmış «Mitsubishi Pajero» markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobil 20.11.2017-ci ildən 20.11.2018-ci il tarixədək sığortalanmış, həmin nəqliyyat vasitəsi «Mitsubishi Pajero» markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə «Mitsubishi Pajero» markalı, **-VZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2.520,63 manat ziyan dəymiş və bununla bağlı 2.376,63 manat "xxxx" MMC-yə sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə 09.04.2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 1462/18/AA-791/18 saylı sığorta aktına əsasən PAA********** sığorta şəhadətnaməsi üzrə 2376,63 manat sığorta ödənişi köçürülmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ** DB *** dövlət qeydiyyat nişanlı «Mitsubishi Pajero» markalı avtonəqliyyat vasitəsi 20.11.2017-ci il tarixində "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» növü üzrə sığortalanmışdır. 22.01.2018-ci il tarixində Cavabdeh idarə etdiyi ** DB *** dövlət qeydiyyat nişanlı «Mitsubishi Pajero» markalı avtonəqliyyat vasitəsi ilə **-VZ-*** dövlət qeydiyyat nişanlı «Mitsubishi Pajero» markalı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı zərər vurmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş 25.01.2018-ci il tarixli hesabata əsasən, **-VZ-*** dövlət qeydiyyat nişanlı «Mitsubishi Pajero» markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 2520,632 manat məbləğində müəyyən edilmiş və həmin ziyanın məbləği olan 2.376,63 manat "xxxx" ASC tərəfindən ödənilmişdir. Məhkəmə iddianın hüquqi cəhətdən əsaslı olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 2376,63 (iki min üç yüz yetmiş altı manat, altmış üç qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2406,63 (iki min dörd yüz altı manat, altmış üç qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 2376,63 (iki min üç yüz yetmiş altı manat, altmış üç qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2406,63 (iki min dörd yüz altı manat, altmış üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar