Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4609/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İİİ qrup əlil olduğundan 4.400 manat məbləğində sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İİİ qrup Qarabağ müharibəsi əlilidir. xx.xx.1992-ci il tarixdə Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən ehtiyatda olan zabit kimi təkrar hərbi xidmətə çağırılmışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan N saylı hərbi hissədə döyüşən ordunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş zonasında xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.1994-cü il tarixdə düşmənin atdığı mərmi nəticəsində ağır yaralanmışdır. Qubadlı rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, orta ağır dərəcəli diaqnozu qoyulmuşdur. Hərbi xidmət keçərkən hərbi xidmət vəzifələrini yerinə yetirərkən, aldığı travma nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertizası tərəfindən verilmiş 872685 saylı arayışda ağır yaralanmağı haqqında məlumat verilmişdir. Həmin arayış əsasında ona birinci Qarabağ müharibəsinin İİİ qrup əlili statusu verilmişdir. Lakin bütün bunlara baxmayaraq, qanunla hərbi xidmət zamanı İİİ qrup əlil olan keçmiş hərbi qulluqçu ona verilməli olan 4.400 manat sığorta pulu ona ödənilməmişdir. Dəfələrlə bu barədə olunan müraciətlərinin heç birinin nəticəsi olmamışdır. Axırıncı dəfə olunan yazılı müraciətə verilən cavabda göstərilmişdir ki, bu barədə Konstitusiya Məhkəməsi tərəfindən Milli Məclisə tövsiyə olunmuşdur, tövsiyəyə əsasən həmin kateqoriyadan olan hərbi qulluqçulara sığorta pulunun ödənilməsi qaydası və şərtləri müəyyən ediləndən sonra, pul ödəniləcəkdir. Halbuki, Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli «xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair» Plenum Qərarında göstərilmişdir ki, həmin Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu kateqoriyadan olaraq həlak olmuş hərbi qulluqçuların varislərinə qan pulunun ödənilməsi barəsində 2018-ci ilin aprel ayında Sərəncam vermişdir. Həmin Sərəncam 1997-ci ilə qədər həlak olan hərbi qulluqçuların varislərinin sığorta pulu problemini həll etsə də, müharibə əlilləri ilə bağlı problem həllini tapmamışdır. Ona görə də, yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki, hal-hazırda sığorta pulunun ödənilməsi barədə məhkəmə qətnaməsi olanlar həmin pulu alırlar. Bu da əlillər arasında ayrıseçkiliyə gətirib çıxardacaq, onların bərabərlik hüquqlarının pozulmasına səbəb olacaq. Dəfələrlə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə olunan müraciətlərə baxmayaraq müxtəlif bəhanələrlə həmin məbləği ödəməkdən imtina edirlər. Gətirdikləri əsas bəhanələrdən biri də həmin vaxt «Hərbi qulluqçuların icbari sığortası» haqqında qanunun olmaması və pulun ödənilməsi üçün 3 illik müddətin keçməsidir. Halbuki, yuxarıda qeyd etdiyi kimi, Konstitusiya Məhkəməsinin məlum qərarı həmin hala hüquqi qiymət vermişdir. Bundan əlavə, Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindən başlayaraq hərbi qulluqçuların icbari sığorta olunması üçün bir sıra müvafiq normativ hüquqi aktlar qəbul olunmuşdur. Bu səbəbdən, ona sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün qanuni əsas yoxdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında“ Qanuna əsasən sığorta ödənişinin həyata keçirilməsi hərbi xidmət zamanı alınmış xəsarətlə əlaqədar əlillik dərəcəsinin tərxis olunduqdan sonra məhz 3 ilədək müddətdə alınması ilə şərtləndirilmişdir. Bununla da hazırki iş üzrə qeyd edilən müddətin ötürüldüyünü nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1956cı il tarixdə Qubadlı rayonu Çardaxlı kəndində doğulmuşdur. xx.xx.1994-cü il tarixdə Qubadlı rayonu ərazisində gedən döyüşlərdə mərmi partlaması nəticəsində qapalı kəllə-beyin travması və qulaqların kontuziyasını almışdır. Müayinə və uzun müddət müalicə olunmuşdur. Qeyd olunan məlumatlar tibbi sənədlərdə müfəssəl şəkildə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İİİ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. O, eşitmənin aktiv iştirakı tələb olunmayan işlərdə işləyə bilər. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı qapalı kəlləbeyin travması və qulaqların kontuziyasıdır. İddiaçıya müvafiq vəsiqələr təqdim olunmuşdur. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı sığorta məbləğinin verilməsi haqqında xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, həmin Şirkətdən özünə çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2019-cu il tarixli 07-07-481 saylı məktubundan görünür ki, İddiaçı səhhəti ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə həmin Şirkətə ünvanlanmış ərizəsinə qeyri-məqbul cavab verilmişdir. Beləliklə, mübahisəsiz qaydada İddiaçı xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı travma və yaralanma ilə bağlı üçüncü qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİİ qrup — 40 faiz. İddiaçının İİİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4609/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4609/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver