Məhkəmə qərarları › İş №2(006)-4613/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4613/2020

19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4613/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Həxiyeva Şəbnəm Səlim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx xxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Lakin sonradan münasibətlərin alınmaması səbəbindən faktiki ayrılmışlar. Daha sonra Nəsimi Rayon Məhkəməsinin 2(006)-2031 /2010 saylı, xx xxx 2010-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahlarından doğulmuş X2 iddiaçının yanında qalması və Cavabdeh xx xxxx 2010-cu il tarixdən başlayaraq hər ay xx xxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq qazancının və bütün gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Həmin mülki işin baxılması zamanı Cavabdeh arayış təqdim edərək, aylıq qazancının 75 manat olmasını bildirmişdir. Həmin vaxtdan aylıq 75 manatın ¼ hissəsi məbləğində aliment hesablanmalı olduğu təqdirdə belə bu müddət ərzində ümumiyyətlə bu cüzi məbləğ də ödənilməmiş, uşağın saxlanılması üçün cavabdeh heç bir maddi kömək etməmişdir. Cavabdehlə birgə nikahdan doğulmuş xx xxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 2020-ci ilin yaşayış minimumuna uyğun olaraq, 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh birgə nikahdan doğulmuş xx xxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-2031/2010 saylı, xx xxx 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş qazancın və bütün gəlirlərin ¼ hissəsi miqdarında alimentin dəyişdirilərək hər ay 170 manat olmaqla sabit pul məbləğində tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010cu il tarixdə verilmiş AZ-İİ № 414914 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2031/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə X5 arasında Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx xxxxx 2009-cu il tarixli, 300 saylı nikah haqqında akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx xxxxxx 2010-cu il təvəllüdlü X2 anası X1 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx xxxx 2009-cu il tarixdən başlayaraq, hər ay xx xxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 30 iyun 2010cu il tarixdə verilmiş AZ-İ № 109231 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 188 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Rüstəmova soyadı verilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsi təmin edilməlidir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Həmçinin, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin hal-hazırda rəsmi iş yeri yoxdur. Bu səbəbdən Cavabdeh hər ay qazancının (digər gəlirlərinin) dörddə bir hissəsi həcmində alimentin tutulması mümkünsüzdür. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh hal-hazırda işsiz olması, cavabdehin ərizəsi nəzərə alınmaqla, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanılması üçün aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə aliment 2 formada tutula bilər: 1) qazancın (gəlirin) müəyyən hissəsi kimi; 2) sabit pul məbləğində. Bundan əvvəlki qətnamə ilə qət edilmişdir ki, aliment qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulsun. Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunub ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. O cümlədən, Mülki Prosessual Məcəllənin 233.4-cü maddəsində qeyd olunub ki, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Göründüyü kimi, bu maddələr alimentin miqdarını dəyişmək səlahiyyəti verir. Həmin maddələrin tələbi baxımından alimentin tutulması formasının da dəyişdirilməsi mümkündür, çünki formanın dəyişdirilməsi nəticə etibarilə miqdarın dəyişməsinə səbəb olur. Alimentin tutulması formasının dəyişdirilməsi (qazancın müəyyən hissəsi əvəzinə sabit pul məbləğində tutulması) Ailə Məcəlləsinin 78.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olduğu halda mümkündür. Həmin maddədən görünür ki, bu əsasların sırasına “alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozması” da aiddir. Alimentin qazancın müəyyən hissəsi kimi tutulması iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, cavabdehin hazırda rəsmi iş yeri yoxdur. Odur ki, alimentin tutulma forması dəyişdirilməli, aliment sabit pul məbləği kimi tutulmalıdır. Məhkəmə iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməli, sabit pul məbləğində tutulan alimentin miqdarının hər ay uşaq üçün 170 manat müəyyən edilməlidir. Belə ki, cavabdeh əmək qabiliyyətlidir, işləməsinə mane olan xəstəliyi yoxdur, müvafiq qazanc əldə edərək ayda 170 manat aliment ödəyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Həmçinin, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbinə razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2031/2010 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin tutulma forması dəyişdirilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2031/2010 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin tutulma forması dəyişdirilsin. Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar