Məhkəmə qərarları › İş №2(006)-4615/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4615/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4615/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Əlı̇ yev Nası̇ f Mehman oğlunun iştirakı ilə İddiaçı Əlı̇ yev Nası̇ f Mehman oğlunun cavabdeh Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ nə qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Əlı̇ yev Nası̇ f Mehman oğlu cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü il tarixində Bakı şəhərində doğulmuş, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin 4-cü bölüyünün 1ci tağım komandiri, leytenant barəsində həbs qətimkan tədbiri seçilmiş Əliyev X3 Hərbi Məhkəməsinin 1(098)-91/2018 saylı, xx.xx.2018-ci il tarixli Hökmü ilə Azərbaycan Respublikasının CM-nin 134-cü maddəsi ilə təqsirli bilinmiş və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 150.2.1. 150.2.4. 150.2.5-ci maddələri ilə təqsirli bilinmiş və 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 274-cü maddəsi ilə təqsirli bilinmiş və 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 329.3-cü maddəsi ilə təqsirli bilinmiş və 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinmiş vəaylıq pul təminatından 20% məbləğində pul tutulmaqla 1 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına, CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinmiş və 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 338.2-ci maddəsi ilə təqsirli bilinmiş və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına,CM-nin 341.3-cü maddələri ilə təqsirli bilinmiş və 9 il müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum edilmişdir. Gəncə Apeliyasiya Məhkəməsinin 1-1(104)-79/2022 saylı, xx.xx.2022ci il tarixli Qərarı ilə "dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilmiş,Tərtər Hərbi Məhkəməsinin 1(098)-91/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının xx.xx.2108-cil il tarixli qərarı ləğv edilmiş, cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclasına qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-219/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının Qərarı ilə İddiaçı barəsində cinayət işinin icraatına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. AR Baş Prokurorluğunun istintaq İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə Qərar ilə İddiaçı barəsində olan cinayət işinə CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərarın "Qərara aldım" bölməsinin 3-cü bəndinə əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və həhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası təqsirləndirilən şəxsə izah edilmişdir. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 il 7 ay müddətinə əsassız olaraq azadlıqdan məhrum edilmiş, barəsində olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilənə qədər yəni, xx.xx.2022-ci il tarixədək bütün hüquqlarından əsassız olaraq məhrum olunmuşdur. Qeyd edilənlərə əsasən təhqiqat, ibtidaiistintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində Əlı̇ yev Nası̇ f Mehman oğluna dəyən ziyanın 500000 (beş yüz min) manat məbləğində ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X4 etiraz ünvanlayaraq bildirilmişdir ki, İddiaçı istintaq hərəkətlərinin aparılması və çıxarılan hökmlər ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə’’də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinin tələblərinə müvafiq olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, iddia yolverilməz hesab olunur. Göstərilən məhkəmə işi ilə bağlı Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli e- 2(006)-1729/2023 nömrəli qətnamə qəbul edilmişdir. Həmçinin məhkəmə işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən də müvafiq qərardad qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq iddiaçı Əlı̇ yev Nası̇ f Mehman oğlunun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçı Əlı̇ yev Nası̇ f Mehman oğlu iddianı müdafiə edərək bildirmişdir ki, o, N saylı hərbi hissənin 4-cü bölüyünün 1-ci tağım komandiri, leytinat kimi xidmət etmiş, əsassız olaraq həbs qətimkan tədbirinə məruz qalmış və Tərtər Hərbi Məhkəməsinin 1(098)-91/2018-ci saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin müxtəlif maddələri ilə təqsirli bilinmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)- 79/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin hökmü ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində cinayət işinin icraatına xitam verilmiş və cinayət işi prokurora qaytarılmışdır. AR Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində başlanılmış cinayət işinə CPM-nin 39.2-ci maddəsi ilə xitam verilmişdir. Nəticədə o, əsassız olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək, yəni 5 il, 7 ay müddətinə azadlıqdan məhrum edilmiş, həmin vaxt 8 gün müddətində ağır işgəncələrə məruz qalmış, ağır maddi və mənəvi ziyan çəkmişdir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir.

6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Əliyev X3 Hərbi Məhkəməsinin 1(098)-91/2018-ci saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin müxtəlif maddələri ilə təqsirli bilinmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)- 79/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin hökmü ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində cinayət işinin icraatına xitam verilmiş və cinayət işi prokurora qaytarılmışdır. AR Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində başlanılmış cinayət işinə CPM-nin 39.2-ci maddəsi ilə xitam verilmişdir. Hazırda iddiaçı 5 il 7 ay müddət ərzində əsassız yerə azadlıqdan məhrum edildiyinə və həbsdə olduğu müddətdə 8 gün ağır işgəncələrə məruz qaldığına görə ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan çıxarışın surətindən görünür ki, ********* nömrəli cinayət işinin İddiaçı Cinayət Məcələsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 151, 274, 329.3, 331.2, 331.3, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 332.3, 338.1, 338.2, 341.3, 349.2.1, 349.2.2, 349.2.3 və 349.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hissəsinə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməsi və onun dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasından həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası təqsirləndirilən şəxsə izah edilməsi qərara alınmışdır.

10. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə Əlı̇ yev Nası̇ f Mehman oğlunun qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

12. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz».

13. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

14. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir».

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

16. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.

17. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

19. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir.

20. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

21. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

23. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

24. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

25. İşin mübahisəsiz halıdır ki, iddiaçı Əlı̇ yev Nası̇ f Mehman oğlu 5 il 7 ay müddət ərzində əsassız yerə azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində 8 gün müddətində ağır işgəncələrə məruz qalmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.

26. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 5 il 7 ay müddətinə həbsdə olmağına görə 100500 manat (bir ay üzrə 1500 manat x 67 ay) məbləğində müəyyən olunmalıdır.

27. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 100500 (bir yüz min beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.

28. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin etirazına münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilmə mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt kimi isə “Azərbaycan Respublikası” çıxış edir.

29. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur və cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda, ziyana görə həmin şəxsin qarşısında məhz dövlət- “Azərbaycan Respublikası” məsuliyyət daşıyır.

30. Hazırkı işdə də mübahisəli hüquq münasibətinin tərəfi kimi dövlət- “Azərbaycan Respublikası” çıxış edir və dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.

31. Belə olan halda iddiaçıya dəymiş zərər də cavabdehin vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulmalıdır.

32. Bundan əlavə, cavabdehin nümayəndəsi etirazda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yekun məhkəmə aktının mövcud olduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra dəqiləşdirmə ərəziəsi verərək yalnız maddi zərərin ödənilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1729/2023 saylı qətnaməsi ilə İddiaçı maddi zərərə görə 75555,9 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir.

33. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 100.500 (bir yüz min beş yüz) məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 100.500 (bir yüz min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar