Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-462/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və digər» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və digər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 2019-cu il tarixdə təxminən saat 07:30 radələrində dostu ilə birlikdə etibarnamə əsasında idarə etdiyi VAZ 21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhərindən Zaqatala şəhərinə getmək üçün çıxmış, saat təxminən 08:20 radələrində Qax rayonu Qum kəndi istiqamətində yola çatmamış uzaqdan Qax şəhəri istiqamətində markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi VAZ 2106 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğunu görmüş, dairəvi yola yenicə daxil olmuş ki, həmin avtomobil sürətlə üstünə gələrək onun avtomobilinin qabaq sol burnundan vurmuşdur. Toqquşma nəticəsində avtomobil bir neçə dəfə fırlanaraq istiqamətini dəyişmiş, toqquşmanın zərbəsindən o, huşunu itirmiş vəziyyətdə olmuş, daha sonra hadisə yerinə Qax MRX-nın TTYS-mn əməkdaşları gələrək onu xəstəxanaya aparmış və tibbi yardım göstərmişlər. Hadisə nəticəsində dostu heç bir xəsarət almamış, İddiaçı isə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol təpə-gicgah-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri almış və tikiş qoyulmuşdur. Qeyd edilənlər məhkəmə tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 40 nömrəli rəyində də göstərilmiş və xəsarətin dərəcəsi yüngül qiymətləndirilmişdir. Hadisədən sonra ambulator şəraitdə həkim nəzarətində yataq rejimində 2 ay yatmışdır. VAZ 2106 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 (avtomobilini AR Dövlət Sığorta Kommersiya Şirkətində sığorta etdirmişdir) barəsində QAX RPŞ İstintaq Qrupunun baş müstəntiqi polis mayoru Elvin Məmmədov cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxx 2019-cu il tarixli qərar qəbul edərək hadisənin inzibati xəta xarakterli olduğu qənaətinə gələrək baş vermiş hadisənin İXM-nn 327.8-ci maddəsinin tələbinin pozulması kimi tövsif etmişdir. Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşmüş, onun yenidən işlək vəziyyətə gətirilməsi üçün 2950 manat vəsait xərcləmiş, həmçinin hadisə nəticəsində aldığı xəsarətlər nəticəsində 1000 manatdan çox müalicəyə xərcləmişdir. Hadisədən sonra dəfələrlə QAX RPŞ-nə müraciət edərək sığorta ödənişinin həyata keçirilməsi üçün müvafiq sənədlərin AR Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilməsini tələb etsədə hər dəfəsində ona laqeyid münasibət bəsləmişlər. Sonuncu müraciət zamanı bütün müvafiq sənədlərin Sığortaçıya göndərildiyi bildirilmişdir. Sığortaçı ilə müraciət zamanı isə sənədlərdə səhvlik olduğunu yenidən QAX RPŞ-dən sənədlər alınacağı bildirilmişdir. Sonda isə xx xxxxxxxx 2019-cu il tarixli AKT-2458 sayh sərəncamla Sığortaçı 635 manat sığorta ödənişi hesablamışdır. Həmin sığorta ödənişindən haqlı narazı qalaraq xx xxxxxxx 2019-cu il tarixdə Sığortaçıya şikayət ərizəsi ilə müraciət etmiş, a 08/H-753 sayh xx xxxxxx 2019-cu il tarixli məktubla ərizəyə cavab olaraq bildirilmişdir ki, ona xx xxxxxxx 2019-cu il tarixli xx-xx/2863 salı məktubla 200 manat əlavə sığorta ödənişi hesablanmış, 4 saylı forma arayışda xəsarət almağı barədə məlumat göstərilmədiyindən sığorta ödənişi vermək mümkün olmadığı bildirilmişdir. Göstərilənlərə əsasən, cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətindən avtomobilə dəymiş ziyana görə 2950 manat, sağlamlığa dəyən zərərə görə 750 manat, mənəvi zərərə görə 1000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4730 manat tutularaq iddiaçının nəfinə ödənilməsinə dair qətnamə və AR Dövlət Sığorta Kommersiya Şirkətinin yol verdiyi qanun pozuntularının araşdırılması üçün barəsində xüsusi qərardad çıxarılmasına dair qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eyni zamanda məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə təyin olunmuş ekspertizanın rəyi ilə tanış olduğunu, rəyə etirazı olmadığını bildirərək, mülki işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, 08/H-753/1 saylı məktubundan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx xxxxxxxx 2019cu il tarixli, AKT-2458 saylı sərəncamla 635 manat sığorta ödənişi hesablanmış və əlavə olaraq xx xxxxxxx 2019-cu il tarixli, xx-xx/2863 saylı məktubla 200 manat sığorta ödənişi hesablanaraq İddiaçı ödənilmişdir. İddiaçı xəsarət alması ilə əlaqədar sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışda (forma 4) məlumat olmadığı üçün sığorta ödənişinin verilməsi mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli Qərara əsasən HK-1/215 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, hadisə nəticəsində heç kim az ağır və ağır xəsarət almadığından CM-nin 263-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilməlidir. X2 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qax Rayon Polis şöbəsinin İddiaçı ünvanladığı xx xxxxxx 2020-ci il tarixli, 172-980 H-3220 saylı məktubunda bildirilmişdir ki, hadisə zamanı İddiaçı yüngül dərəcəli bədən xəsarəti aldığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hadisə ilə əlaqədar avtomobilə və sağlamlığa dəymiş maddi ziyanın hesablanması və ödənilməsi Qax RPŞ-nin səlahiyyətlərinə aid deyildir. Məhkəmə qərardadına əsasən təyin edilmiş ekspertizaya əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5362 nömrəli, xx xxxxxx 2021-ci il tarixli rəyindən görünür ki, «VAZ 21011» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 2358 (iki min üç yüz əlli səkkiz) manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Beləliklə, işin faktiki hallarından aydın olur ki, iddiaçı idarə etdiyi «VAZ 21011» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı ziyan dəymiş, dəymiş ziyanın əvəzi kimi sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 635 (altı yüz otuz beş) manat sığorta ödənişi hesablanmış, sonradan 200 (iki yüz) manat əlavə sığorta ödənişi hesablanmışdır. Lakin iddiaçı həmin məbləğlə razılaşmır və iddia edir ki, yol-nəqliyyat hadisəsi zamanı onun avtomobilinə dəymiş ziyanın həcmi daha böyükdür. Həmin fakta əsasən iddiaçı əlavə sığorta ödənişinin edilməsini, ona dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulmasını, həmçinin AR Dövlət Sığorta Kommersiya Şirkətinin yol verdiyi qanun pozuntularının araşdırılması üçün barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Eyni Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Hazırki halda sığorta hadisəsi nəticəsində «VAZ 21011» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi ekspert rəyinə əsasən 2358 (iki min üç yüz əlli səkkiz) manat həcmində müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, sığortaçı tərəfindən həmin məbləğin bir hissəsi, yəni 835 (səkkiz yüz otuz beş) manat sığorta ödənişi İddiaçı bank hesabına ödənilmişdir. Belə olan halda, məhkəmə cavabdehdən avtomobilin təmir-bərpa işləri üşün tələb olunan 2358 manat məbləğində pulun yerdə qalan hissəsinin (2358-835=1523) tutulmasını ədalətli hesab edir. Qeyd olunanlara əsasən, iddia tələbi “2950 manat məbləğində sığorta ödənişinin tutulması” hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1523 (bir min beş yüz iyirmi üç) manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməlidir. İddianın maddi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onun sağlamlığına vurulmuş maddi zərərlə bağlı tələb hüququ o zaman mövcud olardı ki, iddiaçının fərdi sığortası( və s.) və ya qarşı tərəfin sərnişinlərin fərdi qəza siğortasına aid müqaviləsi mövcud olardı . Lakin hər iki tərəfə ( iddiaçı və qəza törədən) aid belə bir müqavilə təqdim edilməmiş qəza törədən tərəfin isə yalnız avtomobilə dair icbari sığorta müqaviləsi mövcud olmuşdur. Odur ki, iddiaçı tərəfindən sağlamlığa dəymiş maddi zərərlə bağlı iddia tələbi əsassız olduğundan təmin oluna bilməz. Məhkəmə iddia tələbinin mənəvi zərərə aid hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarı). Məhkəmə iddiaya bu hissədə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş, eyni zamanda, özünün hansı şəxsi qeyri-əmlak hüquqlarının pozulmasını məhkəməyə bildirməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının “xüsusi qərardad” çıxarılması ilə bağlı tələbinə qiymət verərək, hesab edir ki, məhkəmə baxışı zamanı buna əsas kimi iddia ərizəsində göstərilən hallar öz təsdiqini tapmadığına görə iddia bu hissədə də təmin olunmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin olunmaqla, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1523 (bir min beş yüz iyirmi üç) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1553 (bir min beş yüz əlli üç) manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************, X1, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1523 (bir min beş yüz iyirmi üç) manat sığorta ödənişi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1553 (bir min beş yüz əlli üç) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************, X1, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-462/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-462/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver