Məhkəmə qərarları › İş №2(006)-4628/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4628/2021

15.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4628/2021 15.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin ləğvi və borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin ləğvi və borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin onunla bağlamış olduğu 2013-cü il tarixli, 17 AZM000 saylı kredit xətti müqaviləsi və 08 yanvar 2015-ci il tarixli, 04AZN000 saylı kredit xətti müqaviləsinin ləğv edilməsi və bu müqavilələr üzrə ona qarşı hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “xahiş etdi” hissəsində qeyd edilmiş “2013-cü il tarixli müqavilə” sözünün “23.09.2013-cü il tarixli kredit xətti müqaviləsi” kimi oxunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsi ilə Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı 23 sentyabr 2013-cü il tarixli, 17 AZM000 saylı kredit xətti müqaviləsi üzrə və 08 yanvar 2015-ci il tarixli 04AZN000 saylı kredit xətti müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya və kassasiya şikayəti vermiş olsa da, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona qarşı kreditin olmamasına dair məhkəmə qətnaməsinin olmasına baxmayaraq, onun Azərbaycan Kredit Bürosunda hələ də bu kredit borcunun olması göstərilir. O, cavabdehə müraciət etdikdə ona bildirdilər ki, məhkəmə qətnaməsi ilə ona qarşı qaldırılmış iddia rədd edilmişdir. Lakin kreditin silinməsi ilə əlaqədar heç bir qətnamə və ya qərardad yoxdur. Bu səbəbdən o, yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi Fərid Əliyev tərəfindən məhkəməyə teleqram ünvanlanaraq, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə müvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan teleqramı və ərizəni nəzərə alaraq, mülki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(006)-1008/2019 saylı qətnaməsi ilə iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı «kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, kredit məbləğinin İddiaçı verilməsini təsdiq edən ciddi hesabat sənədi olan kassa məxaric orderi yoxdur. Yuxarıda qeyd edilən qətnamədən LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(103)-9490/2019 saylı qətnaməsi ilə LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(006)-1008/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2(102)- 2851/2020 saylı qərarı ilə LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(103)-9490/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı cavabdeh LPO Cavabdeh ASC qarşısında 23 sentyabr 2013-cü il tarixli, 17 AZM000 saylı və 08 yanvar 2015-ci il tarixli 04AZN000 saylı kredit xətti müqavilələri üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh LPO Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə teleqram ünvanlanaraq, tərəflərindən iddia etiraf edilmiş və iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, LPO Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 23 sentyabr 2013-cü il tarixli, 17 AZM000 saylı və 08 yanvar 2015-ci il tarixli 04AZN000 saylı kredit xətti müqavilələri ləğv edilməli, 23 sentyabr 2013-cü il tarixli, 17 AZM000 saylı və 08 yanvar 2015-ci il tarixli 04AZN000 saylı kredit xətti müqavilələri üzrə İddiaçı adına hesablanmış borc məbləğləri silinməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. LPO Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 23 sentyabr 2013-cü il tarixli, 17 AZM000 saylı və 08 yanvar 2015-ci il tarixli 04AZN000 saylı kredit xətti müqavilələri ləğv edilsin. 23 sentyabr 2013-cü il tarixli, 17 AZM000 saylı və 08 yanvar 2015-ci il tarixli 04AZN000 saylı kredit xətti müqavilələri üzrə İddiaçı adına hesablanmış borc məbləğləri silinsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar