Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4634/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil Cumar qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə, 16.07.2005-ci il təvəllüdlü X3 və 28.01.2011-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehin qazancından 1/3 hissəsi tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 28.09.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 2 övladları var - 16.07.2005-ci il təvəllüdlü X3 və 28.01.2011-ci il təvəllüdlü X4. 30.03.2016-cı ildə cavabdehlə bağlanmış nikahları rəsmi qaydada pozulmuşdur. Cavabdeh uşaqların saxlanması üçün ona mütəmadi olaraq maddi yardım göstərmir. Ona görə də o, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh “Oceaneering İnternational Services” Limited şirkətində işləyir və orta əmək haqqı 1,357.31 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil Cumar qızı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul ediıməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.02.2016-cı il tarixli, 2(006)-956/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 28 sentyabr 2003-cü il tarixdə bağlanmış və Bakı şəhəri Səadət Sarayı tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 sentyabr 2003-cü il tarixdə 2099 №- ilə qeyd edilmiş nikahın pozulması, 16.07.2005-ci il təvəllüdlü X3 və 28.01.2011-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 31.03.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 235248 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 30.03.2016-cı il tarixdə 80 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 22.06.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 115930 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 16.07.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 25.02.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 616576 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28.01.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. “Oceaneering İnternational Services Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 21.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ondan ötrü ki, o həqiqətən 18 oktyabr 2019-cu il tarixindən “Oceaneering İnternational Services” Limited şirkətində çalışır. Halhazırda o, Təchizat üzrə texniki köməkçi vəzifəsini tutur və onun aylıq ümumi maaşı 1,357.31 manat (aylıq qida təminatı üçün məbləğ daxil) təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflərin birgə nikahlarından 16.07.2005-ci il təvəllüdlü X3 və 28.01.2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.02.2016-cı il tarixli, 2(006)-956/2016 saylı qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, uşaqların iddiaçının yanında qalması müəyyən edilmişdir. Nikah pozularkən məhkəmə iddiaçının alimentlə bağlı heç bir tələbinin olmadığını nəzərə alaraq həmin məsələyə dair münasibət bildirməmişdir. Hazırda İddiaçı uşaqların saxlanması üçün cavabdehin aylıq maaşının 1/3 hissəsi miqdarında aliment təyin edilməsini tələb edir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-nin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-nin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə cavabdehin müntəzəm qazanca malik olduğunu, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu və heç bir tərəfin marağını pozmadığını və eyni zamanda uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, uşaqların saxlanılması üçün aliment cavabdehin qazancının (başqa gəlirlərinin) müəyyən hissəsi kimi tutulmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, 16.07.2005-ci il təvəllüdlü X3 qızının və 28.01.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11.06.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.06.2021-ci il tarixdən hesablanmaqla 16.07.2005-ci il təvəllüdlü X3 və 28.01.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4634/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4634/2021
12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver