Məhkəmə qərarları › İş №2(006)-4656/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4656/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4656/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildə Şəki RHK tərəfindən Kazaxstan Respublikasının, Qızılorda vilayətinin, Karmakşin rayonunun Toretam qəsəbəsinə hərbi xidmətə göndərilmişdir. İddiaçı xx xxxxxx 1988-ci il tarixdə işlədikləri yaşayış binasında divara dübel vurarkən divar parçası sıçrayaraq sol gözünü yaralamışdır. Həmin gün hərbi hissənin tibb məntəqəsinə yerləşdirildi və sonradan vəziyyəti ağırlaşdığı üçün onu 12 dekabr tarixində həmin qəsəbənin hərbi hospitalına yerləşdirdilər. xx xxxxxx 1989-cu ildə iddiaçı gözündən əməliyyat olunmuş və təxminən 45 gün hospitalda müalicə aldıqdan sonra hərbi xidmətdən təxris olunmuşdur. Elə həmin ildə də Azərbaycanda “xidməti vəzifələrini yerinə yetirərkən” 3-cü qrup əlillik təqaüdünə çıxmışdır. 7 nəfər ailə üzvləri yar. Lakin həmin vaxt iddiaçıya hərbi qulluqçular üçün nəzərdə tutulmuş sığorta ödənişi ödənilməmişdir. Bununla bağlı iddiaçı rəsmi qaydada Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə müraciət etmiş, lakin Sığorta Şirkəti qeyri-müəyyən cavab verməklə sığorta ödənişindən imtina etmişdir. Göstərilənlərə əsasən iddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirərkən xəsarət aldığı üçün İİİ qrup əlillərə nəzərdə tutulmuş 4400 manat sığorta ödənişinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununun 2-ci maddəsinə əsasən hərbi qulluqçulara (sığorta edilənlərə) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Göründüyü kimi İddiaçı 1989-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur. Buna görə də sığorta ödənişinin verilməsi qeyri-mümkündür. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Şəki Rayon Şöbəsi tərəfindən verilmiş № 001521 saylı, xx.xx.2016-cı il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar üçüncü qrup müharibə əlilidir. İş materiallarında olan xx.xx.1989-cu il tarixli arayışdan görünür ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirərkən üçüncü qrup əlil olmuşdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.1997-ci il tarixdə qəbul edilmiş, həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı qəbul edilmiş və həmin Qanun xx.xx.1997-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (Sığorta olunanlar) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. İddiaçı isə 1988-ci ildə Kazaxıstan Respublikasının, Qızılorda vilayətinin, Karmakşin rayonunun Toretam qəsəbəsinə hərbi xidmətdə xidmət etdiyi zaman baş vermiş hadisəyə görə sığorta ödənişini tələb edir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, qeyd olunan hadisə Azərbaycan SSR dövründə baş vermişdir və həmin hadisədə xəsarət almış iddiaçı ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında heç bir müqavilə olmamışdır. xx xxxxxxx 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”na əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Yəni müstəqil Azərbaycan Respublikası SSRİ-nm hüquqi varisi deyil. İddiaçı öz iddia ərizəsində Azərbaycan Respublikasının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 27-ci maddəsinə (Hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması) istinad edərək hesab etmişdir ki, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Lakin həmin Qanunun 2-ci maddəsinə (Hərbi qulluqçu statusuna malik şəxslər) əsasən hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının SilahlıQüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Beləlikləməhkəməhesabedirki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar