Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4659/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.01.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli 2(006)- 3583/2020 saylı qətnaməsi ilə ondan tutulan aliment məbləğinin azaldılaraq 200 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Uzun müddət ailə kimi bir yerdə yaşamışlar. Lakin sonradan ailə münasibətləri korlanmış və hazırda aralarında olan nikahın pozulması tələbinə dair mülki iş Nəsimi rayon Məhkəməsinin hakimi Natəvan Tağıyevanın icraatındadır. Bildirmək istəyir ki, hazırkı iş üzrə Cavabdeh ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları 09.01.2005-ci il təvəllüdlü X1 üçün ondan sabit pul məbləğində aylıq 1.000 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki işə baxılan zaman o, iddia tələbini qismən qəbul edərək, aylıq 900 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsinə razılıq vermişdir. Məhz buna görə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli 2(006)-3583/2020 saylı qətnaməsi ilə 09.01.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan sabit pul məbləğində hər ay 900 manat məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bildirmək istəyir ki, həmin aliment mübahisəsinə baxılan zaman birgə nikahdan olan digər övladları X2 Respublikasında ali təhsil alırdı. Bundan başqa digər övladları X7 orta məktəbin sonuncu sinfində olduğundan, ali təhsil müəssisəsinə hazırlaşırdı. Bununla bağlı X7 «CELT» hazırlıq kurslarında əlavə hazırlıqlar keçirdi. Həmin hazırlıq kurslarının aylıq xidmət haqqı 700 manatdan çox idi. Yəni həmin dövrdə övladlarının təhsil xərci çox olduğundan o, aliment məbləği ilə bağlı iddianı etiraf etmişdir. Hazırda isə X2 Respublikasında ali təhsilini başa vurmuş, X7 da ali təhsil müəssisəsinə qəbul olmaq üçün abituryent imtahanı vermişdir. Yəni, övladlarının aylıq xərci əvvəlki aylara münasibətdə azalmışdır. Bundan başqa, o, səhhətində olan problemlərlə bağlı hazırda müalicə alır və müalicə olunması üçün əlavə xərclər yaranmışdır. Bu səbəbdən, hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli 2(006)-3583/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 200 manat miqdarında azaldılması zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh bağça müdiri işləyir, əmək haqqı 360 manat təşkil edir. İddiaçı və cavabdeh bir ünvanda yaşayırlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, biz iddiaçı ilə biryerda yaşamırıq və yaşamağımız da mümkün deyildir. Belə ki, məlum hadisələrlə bağlı iddiaçının borclu olduğu şəxslər onları narahat edirlər və bu səbəbdən də ayrı yaşayırlar. Həmçinin uşağın bütün xərcləri onun tərəfindən ödənilir. İddia tələbinə münasibət bildirərək iddiaçının kifayət qədər pensiya aldığını və Ailə Məcəlləsinin müvafiq maddəsinə əsasən alimentin məbləğinin bir uşaq üçün müəyyən olunmuş ¼ hissədə tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(006)-3583/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «aliment tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, 09.01.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı 11.06.2020-ci il tarixdən etibarən hər ay 900 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktından görünür ki, İddiaçı əvvəllər maddi durumu qənaətbəxş olduğundan, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olmuş 2(006)-3583/2020 saylı mülki iş üzrə övladının saxlanılması üçün 900 manat sabit pul məbləğində aliment tutulmasına etiraz etməmişdir. Bu, onun övladının saxlanılması üçün aliment ödəməkdən yayınmadığını göstərir. Habelə, İddiaçı aliment məbləğinin həmin həddə tutulmasına ona görə razı olmuşdur ki, bir övladı xarici ölkədə ali təhsil almış, digəri isə qəbul imtahanlarına hazırlaşmaq üçün ödənişli kurslarda biliklərini artırmaqla məşğul olmuş, onların təhsil yönümlü xərcləri çox olmuş, hazırkı iş üzrə iddiaçı övladlarının qayğılarının həll edilməsində cavabdehə maksimum dərəcədə köməklik göstərmək istəmişdir. Hazırda iddiaçının böyük övladı xaricdə təhsilini başa vurmuşdur. Digər övladı isə ali təhsil ocaqlarına qəbul imtahanı vermişdir. İddiaçının nümayəndəsinin bildirdiyinə görə iddiaçının sağlamlıq durumu qənaətbəxş deyil, müayinə və müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, İddiaçı aldığı aylıq pensiya məbləği 2.190,19 manat, sosial ödəniş məbləği isə 80 manat təşkil edir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, iddiaçı Cavabdeh hazırda Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində tədris hissə müdiri vəzifəsində çalışır, aldığı aylıq əmək haqqı 423 manat təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(006)-3583/2020 saylı qətnaməsi ilə aliment məbləği təyin edilən zaman tərəflər öz aralarında razılıq əldə etdiklərindən, alimentin 900 manat sabit pul məbləğində tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sabit pul məbləği o zaman tutulur ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alır. Məhkəmə hesab edir ki, iş materiallarından göründüyü kimi, bu halların heç biri mövcud olmadığından, yəni İddiaçı aldığı aylıq pensiya məbləği 2.190,19 manat, sosial ödəniş məbləği isə 80 manat təşkil etdiyindən, aliment Ailə Məcəlləsinin 76.1.1-ci maddəsində qeyd edilən qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 09.01.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12.08.2020ci il tarixli 2(006)-3583/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq), İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarına əsasən aliment valideynlər arasında razılıq olmadıqda, müvafiq olaraq uşaqlar üçün onların valideynlərindən qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi həcmində tutulur. Göründüyü kimi, alimentin tutulması ilə əlaqədar (məbləğlə bağlı) tərəflər arasında razılıq yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 09.01.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli 2(006)-3583/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (azaldılaraq), İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4659/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4659/2021
27.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver