Məhkəmə qərarları › İş №2(006)-4674/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4674/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4674/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ** XO *** dövlət nömrə nişanlı, qara rəngli avtomobilinə dəyən zərər üçün 1.400 manat məbləğində pulun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun şəxsi istifadəsində olan “Ford minik” markalı, ** XO *** dövlət nömrə nişanlı, qara rəngli avtomobil yol-nəqliyyat qəzasına düşmüşdür. Nəticədə, maşınına 1400 manat məbləğində zərər dəymişdir. Hadisədən sona baqajın üstündə olan orta stop işləmir, kabel zədələnib, arxa bufer bir neçə yerdən zədə alaraq deşilib, yararsız vəziyyətə düşüb. Lakin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin müstəqil sığorta eksperti maşınına dəyən zərəri düzgün qiymətləndirməmiş, düzgün qiymətləndirmə aparmamışdır. Dəfələlərlə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, onun zənglərinə cavab verməmiş, haqlı tələbini təmin etməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə ziyan dəymişdir. Sığorta ödənişinin ödənilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Cavabdeh tərəfindən isə ümumilikdə 730 manat məbləğində pul vəsaitinin ödənilə biləcəyi bildirilmişdir. Həmin məbləğlə, habelə ekspert rəyi ilə razı deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının onlara sığorta ödənişinin ödənilməsi tələbi ilə müraciət etməsi doğrudur. Bu səbəbdən tərəflərindən qüsur aktı tərtib edilərək, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği müəyyən edilmişdir. Qüsur aktına əsasən qeyd edilən avtomobilə 730 manat məbləğində ziyan dəymişdir. Daha sonra, tərəflərindən bu məbləğin iddiaçıya ödənilməsi təklif edilsə də, sonuncu razılaşmamış, əksinə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Həmçinin, tərəflərindən əvvəlki məhkəmə iclasında 730 manat sığorta ödənişinin iddiaçıya ödənilməsinin bir daha təklif edilməsinə baxmayaraq, İddiaçı israrla razılaşmamış, habelə ekspertiza keçirilməsini xahiş etmişdir. Hazırda ekspert rəyi ilə razıdırlar. Göstərilənlərə əsasən iddianın qismən, yəni “730 manat məbləğində pulun ödənilməsi hissəsində” qəbul edərək, qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X4 ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında 06.05.2021-ci il tarixdə 1 il müddətinə icbari sığorta müqaviləsi bağlanmışdır. Sığorta müqaviləsində sığortalının avtonəqliyyat vasitəsi kimi «X7» minik markalı ** GS *** dövlət qeydiyyat nişanlı avtomobil qeyd edilmişdir. 15.05.2021-ci il tarixdə saat 18.05 radələrində Q.Qarayev prospektində X4 «X7» minik markalı ** GS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarını pozmuş və nəticədə iddiaçının idarə etdiyi «Ford FSC» minik markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili zədələmişdir. 15.05.2021-ci il tarixdə sürücü X4 barəsində Azərbaycan Respublikası İXM-in 327.1ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilməsi barədə TP seriyalı ******* saylı qərar qəbul edilmişdir. Yəni, baş vermiş yol-nəqliyyat hadisəsində məhz X2 təqsirli olması təsbit edilmiş, həmin qərar A.Ə.Nağdəliyev tərəfindən mübahisələndirilməmişdir. DS3007 nömrəli, 27.05.2021-ci il tarixli “Müstəqil Ekspert” rəyindən görünür ki, iddiaçının idarə etdiyi avtomobilə cəmi 820 manat məbləğində maddi zərər vurulduğu qeyd olunmuşdur. "xxxx" MMC-nin 26.07.2021-ci il tarixli ilkin aktından görünür ki, iddiaçının idarə etdiyi avtomobilə cəmi 1.250 manat məbləğində maddi zərər vurulduğu qeyd olunmuşdur. Məhkəmə işə obyektiv baxılması üçün müvafiq ekspertizanın keçirilməsi barədə qərardad qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.10.2021-ci il tarixli 9/5388 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “**********” VÖEN-nin 19.05.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı «Ford» minik markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 730 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 200 manat; Təmir-bərpa işlərinin qiyməti – 530 manat. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Mülki Məcəllənin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. - 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. - 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini - 730 manat sığorta ödənişi iddiaçıya ödəməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 730 manat sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iş materiallarından, habelə tərəflərin izahatlarından aydın olur ki, ekspertizanın keçirilməsinə əsas İddiaçı cavabdeh tərəfindən məhkəmə prosesinin gedişində təklif edilən sığorta ödənişini qəbul etməməsi, habelə məhkəmə prosesinin davam etdirilməsini tələb etməsi olmuşdur. Təyin edilmiş ekspertiza zamanı dəymiş ziyanın müəyyən edilmiş məbləğinin cavabdeh tərəfindən işin gedişatında qəbul edilən sığorta məbləği ilə eynilik təşkil etməsi onu göstərir ki, ekspertiza keçirilməsi zərurəti cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyindən irəli gəlməmişdir. Belə olan halda, ekspertiza xərcinin tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması yolverilməzdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 730 manat sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 100 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar