Məhkəmə qərarları › İş №2(006)-4679/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4679/2024

16.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4679/2024 16.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 300.000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-814/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 manat məbləğində pul vəsaiti və maddi ziyana görə 10.890 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamə öz qanuni qüvvəsini almış və hazırda icra mərhələsindədir. Məhkəmə qeyd edir ki, daha öncədən irəli sürülmüş olan və hazırda da iddianın əsasını təşkil edən tələblər mənəvi zərərin ödənilməsi ilə əlaqədardır. 2(006)-814/2024 saylı mülki işə baxıldığı dövrdə iddiaçı, ona qanunsuz olaraq cinayət təqibinə məruz qalmaqla, mənəvi zərər vurulduğuna istinad edərkən, istintaq orqanının səhvi nəticəsində dəymiş maddi ziyanla eyni zamanda iztiraba, işgəncələrə məruz qaldığını qeyd etmiş və buna görə kompensasiya qismində dəymiş mənəvə zərərə görə vəsaitin ödənilməsini xahiş etmişdir. İddiaçının müvafiq tələbinə hüquqi qiymət verilmiş və nəticə etibarı ilə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Hazırki iddia tələbinin əsasını da istintaq orqanının səhvi nəticəsində vurulmuş olan mənəvi zərərin əvəzinin ödənilməsi çıxış edir. Belə olan halda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən məhkəmə aktının mövcudluğu mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının eyni növlü iddiasına baxılmasını yolverilməz etdiyindən, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153.2.1, 153.3, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar