Məhkəmə qərarları › İş №2(006)-4680/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4680/2021

23.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4680/2021 23.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 46 saylı Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “ipoteka müqaviləsinə xitam verilməsi və daşınmaz əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 46 saylı Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “ipoteka müqaviləsinə xitam verilməsi və daşınmaz əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.12.2008-ci il tarixli ipoteka müqaviləsinə və 04.12.2008-ci il tarixli ipoteka müqaviləsinə 01.03.2010-cu il tarixli əlavəyə xitam verilməsi və Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 89 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 304,0 m2 qeyri-yaşayış sahəsinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərin mərhum anası X7 ilə aralarında ilk dəfə 04.12.2008-ci il tarixdə sadə yazılı formada borc müqaviləsi imzalanmışdır. Həmin borc müqaviləsinə əsasən X7 04.12.2009-cu il tarixədək 180.000 ABŞ dolları məbləğində pulu ona borc vermişdir. Elə həmin gün, yəni 04.12.2008-ci il tarixdə borc müqaviləsinin tam təminatı üçün o, mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 89 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 304,0 m2 qeyri-yaşayış sahəsi ipotekaya verilməklə müqavilə imzalanmışdır. Götürülmüş pul məbləği vaxtında qaytarılmadığına görə 01.03.2010-cu il tarixdə 04.12.2008-ci il tarixli sadə yazılı formada borc müqaviləsinə əlavə imzalanaraq, 180.000 ABŞ dolları məbləğinə 30.000 ABŞ dolları əlavə olunmuş və ümumilikdə 210.000 ABŞ dolları miqdarında pulun 01.03.2012-ci il tarixədək qaytarılacağı razılaşdırılmışdır. Eləcə də, 04.12.2008-ci il tarixli ipoteka müqaviləsinə 01.03.2010-cu il tarixli əlavə imzalanmış və əlavə edilmiş 30.000 ABŞ dolları pul miqdarı nəzərə alınmışdır. Göstərilən müqavilə üzrə pul vəsaiti vaxtında ödənilmədiyinə görə həmin müqavilə təzələnmiş və 12.05.2012-ci il tarixdə yeni müqavilə imzalanmaqla, 210.000 ABŞ dolları miqdarında pul vəsaitinin 12.05.2012-ci il tarixədək qaytarılacağı razılaşdırılmışdır. Göstərilənləri nəzərə alaraq, 10.000 ABŞ dolları pul vəsaiti qəbul etməklə, kredit və ipoteka müqavilələrinin ləğv olunmaqla xitam verilməsinə dair cavabdehlərə təklif göndərilmişdir. Lakin, Cavabdeh və X9 ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, ondan 420.000 ABŞ dolları və 30 manat dövlət rüsumunun alınaraq birincilərə ödənilməsi, 04 dekabr 2008-ci il tarixli ipoteka müqaviləsi üzrə və 01 mart 2010-cu il tarixli ipoteka müqaviləsinə əlavəyə əsasən ipoteka predmetinin qiymətini müəyyən etməklə X7 ilə onun arasında notariat kontorunda bağlanmış 04 dekabr 2008-ci il tarixli, 01 mart 2010-cu il tarixli və 12 may 2012-ci il tarixli kredit müqavilələri üzrə tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən 89 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 304,0 m2 qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracda satılması, qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra ipoteka qoyan və qeyrilərinin qeyri-yaşayış sahəsini ən gec 1 ay ərzində tərk etmədikdə və qeyri-yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18.09.2017-ci il tarixli 2(003)-2218/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ondan Cavabdeh və X5 xeyrinə 210.000 ABŞ dolları məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.03.2018-ci il tarixli 2(103)-349/2018 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş və həmin iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18.09.2017-ci il tarixli 2(003)-2218/2017 saylı qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddianın qismən təmin edilməsi, ondan iddiaçıların xeyrinə 10.000 ABŞ dolları pul vəsaitinin tutulması, onun apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, iddiçıların apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişiklik edilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.06.2018-ci il tarixli 2(102)-4791/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.03.2018-ci il tarixli 2(103)-349/2018 saylı qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019cu il tarixli 2(103)-1773/2019 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh və X5 apellyasiya şikayəti qismən təmin edilmişdir. Hesab edir ki, Cavabdeh və X9 tərəfindən tələb olunan pul vəsaiti onun tərəfindən ödənildiyindən, borc müqaviləsinə xitam verilmişdir. Aidiyyəti maddi hüquq normasının tələbinə görə, ipoteka müqaviləsi və onun əlavəsi müstəqil xarakter daşımadığından və əsas öhdəliyin icrasını təmin etmək üçün bağlandığına görə, artıq əsas öhdəliyə xitam verildiyi an ipoteka müqaviləsinə və onun əlavəsinə də xitam verilmişdir. Belə ki, onun iştirakı ilə Cavabdeh və X9 tərəfindən 11.01.2020-ci il tarixdə yazılı qəbz tərtib edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli 2(103)-1773/2019 saylı qətnaməsinə əsasən Cavabdeh və X8 ödənilməli olan 240.000 ABŞ dolları, həmin şəxslərə ödənildiyindən onların, yəni hazırkı iş üzrə cavabdehlər Cavabdeh və X5 ona qarşı qətnamə üzrə heç bir tələblərinin olmadığını və həmin qətnamənin icrasını tələb etməyəcəklərini imzaları ilə təsdiq etmişlər. Bundan sonra, Cavabdeh və X9 tərəfindən 11.01.2020-ci il tarixli ayrı-ayrılıqda, demək olar ki, eyni məzmunda ünvan 1 ünvanlanmış ərizələr tərtib edilmişdir. Həmin ərizələrdə göstərilmişdir ki, «hazırda cavabdehlə (yəni onunla - İddiaçı ilə) məhkəmədən kənar öz aramızda razılığa gəldiyimizdən və razılaşdırılmış məbləğ bizə (digər ərizədə mənə və qardaşıma) ödənildiyindən həmin qətnamənin icrasından imtina edirəm və gələcəkdə bu qətnamə üzrə cavabdehə (yəni ona) qarşı heç bir tələbim olmayacaq və bu qətnamənin icrasını tələb etməyəcəyəm. Xahiş edirəm qətnaməni icraya yönəltməyəsiniz». Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.02.2020-ci il tarixli 2(103)-1773/2019 saylı qərardadı ilə Cavabdeh ilə X5 ayrı-ayrılıqda verdikləri ərizələr təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli 2(103)-1773/2019 saylı qətnaməsinin icrasından Cavabdeh və X5 imtinaları qəbul edilmişdir. Qərardad çıxarıldığı andan qüvvəsini almış və ondan şikayət verilə bilməz. Açıq-aşkardır ki, qeyd olunan məhkəmə işi üzrə yekun məhkəmə aktı çıxarılmış və həmin iş üzrə iddiaçılar olan Cavabdeh və X9 tələb etdikləri pul vəsaitlərini aldıqlarına görə artıq əsas öhdəliklərə xitam verilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli 2(003)-2218/2017 saylı qərardadı ilə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 89 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 304,0 m2 qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüşdür. Qüvvədə olan maddi hüquq normasının tələbinə görə isə əsas öhdəliyə xitam verildiyi an ipotekaya da xitam verilsə də və ipoteka saxlayan 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməli olsa da, cavabdehlər bunu etməmişdir. Odur ki, məcbur olub, 04.12.2008-ci il tarixli ipoteka müqaviləsinə və 04.12.2008-ci il tarixli ipoteka müqaviləsinə 01.03.2010-cu il tarixli əlavəyə xitam verilməsi və Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 89 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 304,0 m2 qeyri-yaşayış sahəsinin yüklülükdən azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Kəmalədddin Hacıyev məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və X6, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 46 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli 2(103)-1773/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18.09.2017-ci il tarixli 2(003)- 2218/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, iddiaçıların apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18.09.2017-ci il tarixli 2(003)-2218/2017 saylı qətnaməsi «04.12.2008-ci il tarixli «Kredit müqaviləsi» və onun tərkib hissəsi olan 01.03.2010-cu il tarixli «Kredit müqaviləsinə əlavə» üzrə yaranmış kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan qeyriyaşayış sahəsinə yönəldilməsi, satıldığı halda qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması barədə» tələblərin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçıların cavabdehə qarşı irəli sürdükləri iddianın «04.12.2008-ci il tarixli «Kredit müqaviləsi» və onun tərkib hissəsi olan 01.03.2010-cu il tarixli «Kredit müqaviləsinə əlavə» üzrə yaranmış kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, satıldığı halda qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması barədə» hissəsi təmin edilmiş, iddiaçıların mərhum anası X1 cavabdeh İddiaçı ilə bağladığı 04.12.2008-ci il tarixli «Kredit müqaviləsi» və onun tərkib hissəsi olan 01.03.2010-cu il tarixli «Kredit müqaviləsinə əlavə» üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə (180.000 + 30.000 = ) 210.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq mərhum L.Vəliyevanın vərəsələrinə – iş üzrə iddiaçılara verilməsi; tutmanın L.Vəliyeva ilə cavabdeh İddiaçı arasında 04.12.2008-ci il tarixdə bağlanmış «ipoteka müqaviləsində» və onun tərkib hissəsi olan 01.03.2010-cu il tarixli «İpoteka müqaviləsinə əlavədə» nəzərdə tutulmuş ipoteka predmetinə – cavabdehin mülkiyyətində olan və Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən 89 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 304,0 m2 qeyri-yaşayış sahəsinə yönəldilməsi; həmin qeyri-yaşayış sahəsinin açıq hərracda satılması və satışdan əldə oluna biləcək pul məbləği cavabdeh U.Əsgərovadan 04.12.2008-ci il tarixli «Kredit müqaviləsi» və onun tərkib hissəsi olan 01.03.2010-cu il tarixli «Kredit müqaviləsinə əlavə» üzrə iddiaçıların xeyrinə tutulmalı olan borcun ödənilməsinə yönəldilməsi; satıldığı halda qeyri-yaşayış sahəsinin 1 aydan gec olmayaraq boşaldılması və cavabdeh İddiaçı həmin qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmiş; iddiaçıların cavabdehə qarşı irəli sürdükləri iddianın «satıldığı halda qeyri-yaşayış sahəsinin «başqa şəxslər» tərəfindən boşaldılması» barədə hissəsi təmin edilməmiş, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmış; hazırkı qətnamə ilə rayon məhkəməsinin 18.09.2017-ci il tarixli qətnaməsi əsasında cavabdeh İddiaçı tutulmalı olan pul məbləğlərinin qətnamənin icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması barədə göstəriş qeyd edilmişdir. Cavabdeh və X5 apellyasiya instansiyası məhkəməsinə təqdim etdikləri ərizələrdən görünür ki, onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli 2(103)-1773/2019 saylı qətnaməsinin icraya yönəldilməsindən imtina etmişlər və qətnamənin icraya yönəldilməməsini xahiş etmişlər. Ərizələrini onunla əsaslandırmışlar ki, məhkəmə qətnaməsi ilə caabdehdən iddiaçıların xeyrinə tutulmalı olan pulu məbləği barədə hər iki iddiaçı və cavabdeh məhkəmədən kənar qaydada öz aralarında razılığa gəlmiş və razılaşdırılmış məbləğ cavabdeh tərəfindən iddiaçılara ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2020-ci il tarixli 2(103)- 1773/2019 saylı qərardadından görünür ki, iddiaçılar Cavabdeh və X5 ayrı-ayrılıqda verdikləri ərizələr təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı (həmin) iş üzrə qəbul etdiyi 18 oktyabr 2019-cu il tarixli qətnaməsinin icrasından iddiaçılar Cavabdeh və X5 imtinaları qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İpoteka predmetinin hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehlərə apellyasiya məhkəməsinin qətnaməsi üzrə ödənilməli pul vəsaitinin təminatı kimi yüklü olmasına, həmin pul vəsaitinin iddiaçı tərəfindən cavabdehlərə məhkəmədən kənar qaydada ödənilməsinə, tərəflər arasında razılığa gəlinməsinə dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Göründüyü kimi, ipoteka predmetinin hazırda ödənilmiş borca görə yüklü qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Mübahisənin həll edilməsi üçün tətbiq edilməli maddi hüquq normalarının («İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun, Mülki Məcəllənin aidiyyəti maddələri) tələblərinə əsasən əsas öhdəliyin icrasının təminatı üsulu olan yuxarıda qeyd edilən ipoteka müqaviləsi təminat altına alınan borc öhdəliyi yerinə yetirildiyindən aktuallığını itirmişdir. İpoteka müqaviləsinin qüvvədə qalmasına heç bir zərurət yoxdur, bu vəziyyətin davam etməsi mahiyyət etibarı ilə mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə mərhum X7 arasında bağlanmış 04.12.2008-ci il tarixli ipoteka müqaviləsinə və 04.12.2008-ci il tarixli ipoteka müqaviləsinə 01.03.2010-cu il tarixli əlavəyə xitam verilməli; Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 89 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 304,0 m2 qeyri-yaşayış sahəsinin yüklülükdən azad edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə mərhum X7 arasında bağlanmış 04.12.2008-ci il tarixli ipoteka müqaviləsinə və 04.12.2008-ci il tarixli ipoteka müqaviləsinə 01.03.2010-cu il tarixli əlavəyə xitam verilsin. Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 89 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 304,0 m2 qeyri-yaşayış sahəsinin yüklülükdən azad edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar