Məhkəmə qərarları › İş №2(006)-470/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-470/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-470/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin tam ödənilməsi, sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin tam ödənilməsi, sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 3.400 manat sığorta ödənişinin, 3.000 manat mənəvi zərərin, 12.680 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, eyni zamanda sığortaçı sığorta ödənişini qaydalarla müəyyən olunmuş müddətdə ödəmədiyindən sığorta hadisəsi baş verdiyi gündən iddia tələbi tam ödənilənə qədər hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 4.756 manatın 0,1 % dəbbə pulu məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2018-ci il tarixdə saat 12 radələrində Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən 1-ci kmdə, idarə etdiyi, şəxsi mülkiyyətində olan «Mercedes-Benz C-180» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdə olan X7 idarə etdiyi, «xxxx» ASC-yə məxsus «Mercedes Benz 3340» markalı HO 14864 dövlət qeydiyyat nişanlı yük maşını yolun döngəli hissəsində qəfil onun hərəkət zolağına çıxmış və onun hərəkət zolağında toqquşma baş vermiş, nəticədə avtomobilin sol qabaq qanadı, sol qabaq, sol arxa qapıları, sol içəri dayağı, qabaq kapotu, fənəri, buferi, radiatoru, amortizatoru, alt qorucusu, kondisionerin radiatoru, qanad altlığı və digər hissələri zədə alaraq yararsız hala düşmüşdür. Dərhal hadisə barədə qarşı tərəfin, yəni «xxxx» ASC-yə məxsus «Mercedes Benz 3340» markalı HO 14864 dövlət qeydiyyat nişanlı yük maşınının sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə mobil telefon vasitəsi ilə məlumat verilmiş və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Nəqliyyat Sığortası Departamentinin Şəmkir rayon filialının əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə və avtomaşınlara baxış keçirmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Şəmkir rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılmaqla toplanmış material üzrə xx xxxx 2018-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, «Mercedes Benz 3340» markalı HO 14864 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü X7 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Şəmkir rayon Polis Şöbəsinin DYPB-yə göndərilmiş və həmin bölmədə müvafiq tədbir görülmüşdür. Həmin yol-nəqliyyat hadisəsi zamanı tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamış və hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Rəsmi servisdə ona məxsus «Mercedes-Benz C-180» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4.750 manat olaraq qiymətləndirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra avtomobilinə dəymiş maddi ziyanla bağlı sığorta ödənişinin hesablanması üçün lazım olan sənədlərin, yəni 4 saylı forma arayışın (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Nəqliyyat Sığortası Departamenti tərəfindən Şəmkir rayon Polis Şöbəsinə göndərilməsi ilə bağlı dəfələrlə o və «xxxx» ASC-yə məxsus «Mercedes Benz 3340» markalı HO 14864 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü X10 tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Nəqliyyat Sığortası Departamentinin Şəmkir rayon filialına və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Nəqliyyat Sığortası Departamentinə müraciət olunsa da, həmin sənədin Şəmkir rayon Polis Şöbəsinə göndərilməsi təmin edilməmişdir. Bundan sonra o, X1ynar xəttinə müraciət etdikdən sonra, xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DSKŞ tərəfindən avtomobilinə dəymiş maddi ziyanla bağlı sığorta ödənişinin hesablanması üçün lazım olan sənədlər, yəni 4 saylı forma arayış (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış) Şəmkir rayon Polis Şöbəsinə göndərilmiş, sığorta ödənişinin hesablanması üçün lazım olan sənədlər tərtib edilərək Azərbaycan Respublikası DSKŞ-yə qaytarılmış, lakin həmin sığorta şirkəti uzun müddətdən sonra xx.xx.2020-ci il tarixli 06.05.\139 saylı Azərbaycan Respublikası DSKŞ-nin Nəqliyyat Sığortası Departamentinin Şəmkir rayon filialına ünvanladığı məktubda guya ona məxsus «Mercedes-Banz C-180» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürüşərək «Mercedes Benz 3340» markalı HO 14864 dövlət qeydiyyat nişanlı yük maşınına dəyməsi göstərilməklə, «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş sığorta ödənişini verməkdən imtina üçün əsas olmadan sığorta ödənişinin verilməsindən qərəzli surətdə imtina edilmişdir. Lakin ona sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə bildiriş təqdim edilməmişdir. O, dəfələrlə cavabdehin ünvanına gedərək, avtomobilinə dəymiş zərəri tələb etsə də, onlar ödənişin edilməsindən imtina etmişlər. Lakin sonuncular ona sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə bildiriş təqdim etməmişlər. xx xxxxxx 2020-ci il tarixdə təkrarən X6 funksiyasını həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankına ərizə ilə müraciət etdikdən sonra araşdırma aparılmış və sığorta ödənişinin verilməsinə dair qərar qəbul edilmiş, xx xxxxx 2020-ci il tarixdə onun «xxxx» ASC-də olan hesab nömrəsinə cəmi 1.350 manat pul köçürülmüşdür. O, dəfələrlə cavabdehin ünvanına gedərək, avtomobilinə dəymiş zərərin tam ödənilməsini, avtomobilinə dəymiş zərərin tam ödənilməməsinin səbəbini bildirmələrini tələb etsə də, onlar avtomobilinə dəymiş zərərin tam ödənilməsini təmin etməmişlər. Həmçinin avtomobilinə dəymiş zərərin tam ödənilməməsinin səbəbini bildirməkdən imtina etmişlər və tələb etsə də, ona sığorta ödənişinin tam verilməsindən imtina haqqında yazılı şəkildə bildiriş təqdim etməmişlər. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, «xxxx» ASC-yə məxsus «Mercedes Benz 3340» markalı HO 14864 dövlət qeydiyyat nişanlı yük maşını icbari qaydada Azərbaycan Respublikası DSKŞ-nin Xızı sığorta filialında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək PD**********0 saylı sığorta şəhadətnaməsi ilə sığorta etdirilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, «Mercedes Benz 3340» markalı HO 14864 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü X10 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Şəmkir rayon PŞ DYPByə göndərilmiş, onun hərəkətlərində isə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq aşkar edilməmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli 190-33429-1219 saylı arayışa əsasən baş vermiş yol-nəqliyyat hadisəsində «Mercedes Benz 3340» markalı HO 14864 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü X10 təqsirli bilinmişdir. İşdə olan Azərbaycan Respublikası DSKŞ-nin Nəqliyyat Sığortası Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 3829-4182 sığorta ödənişinin verilməsinə dair rəydə xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxs İddiaçı əmlakına dəymiş zərər məbləğinin ödənilməsinin qanunvericiliyə uyğun olması göstərilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli ziyan aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona məxsus «Mercedes-Benz C-180» markalı ** DE *** dövlət nömrə nişanlı avtomobilinə dəymiş zərər 4.750 manat qiymətləndirilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli 1819 və 1820 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, sürücülər X10 və İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərxoş olmamışlar. İşdə olan xx.xx.2018-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən 1-ci km.-də baş vermişdir. Qeyd edir ki, Azərbaycan Respublikası DSKŞ tərəfindən verilmiş cavab məktublarında Şirkətin ünvanı kimi AZ1108 ünvan 2 göstərildiyindən xx.xx.2020-ci il tarixdə tərəfindən cavabdeh Azərbaycan Respublikası DSKŞ-yə qarşı «sığorta ödənişinin tam ödənilməsi, sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun, maddi və mənəvi zərərin ödənilməsi» barədə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edilmiş, lakin Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası DSKŞ-nin hüquqi ünvanı AZ1014 ünvan 3 olması əsası ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası № Q-20 saylı xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta qaydaları»nın 22-ci bəndinə əsasən bu qaydaların 20.1-ci bəndində göstərilən sənədlərdən sonuncunun sığortaçıya təqdim edildiyi tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini faydalanan şəxsə onun istəyinə uyğun olaraq nağd və ya bank hesabına köçürmə yolu ilə ödəməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün görülən tədbir barədə sığortalıya yazılı məlumat verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Qaydaların 24-cü, 19-cu bəndlərinə, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 18.1-ci, 18.2-ci, 16.4cü, 23.2.6-cı, 23.2.7-ci maddələrinə, Mülki Məcəllənin 934.1-ci, 934.2-ci maddələrinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, sığortaçı sığorta ödənişini Qaydalarla müəyyən olunmuş müddətdə ödəmədiyindən sığorta hadisəsi baş verdiyi gündən iddia tələbi tam ödənilənə qədər hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 4.750 manatın 0,1 faiz dəbbə pulu məbləği tutularaq ona ödənilməlidir. Eyni zamanda, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi iztirab və sarsıntılar keçirmişdir. Dəfələrlə cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, günlərlə, saysız hesabsız şəkildə cavabdehin olduğu ünvana gedib-gəlmişdir, cavabdehlə danışıqlar aparmışdır, hər dəfə cavabdeh tərəfindən imtina cavabı almışdır. Cavabdeh qeyd edilən əməlləri ilə onu daim əsəb və stresdə saxlamışdır. Bu səbəbdən, cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 3.000 manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Həmçinin, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, o, ailə üzvləri ilə birlikdə Beyləqan şəhəri RTS qəsəbəsində yaşayır və hərbçi olmaqla N saylı hərbi hissədə aptek rəisi işləyir. Xidməti iş yeri yaşadığı Beyləqan şəhərindən təxminən 60 km-də yerləşir. «Mercedes-Benz C-180» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobili təmir edilmədiyinə görə və iş yerinə ictimai nəqliyyat vasitəsi hərəkət etmədiyindən, o, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra iş yerinə taksi ilə gedibgəlməyə məcbur qalmışdır. O, iş yerinə aparıb-qaytarmağa görə taksiyə hər gün 30 manat pul verir. O, iş yerinə özünə məxsus «Mercedes-Benz C-180» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə gedib-gələrkən isə gündəlik yol xərci 10 manata başa gəlirdi. O, həftənin bazar günündən başqa hər gün işləyir. Nəzərə alınsa ki, yol-nəqliyyat hadisəsi baş verdiyi gündən bu günə kimi iki il vaxt keçmişdir. Belə olan halda, ona 12.680 manat maddi ziyan dəymişdir. Mənəvi zərərin ödənilməsi ilə bağlı qanunvericiliyə, bundan başqa Mülki Məcəllənin 21.1, 21.2, 14.2.6, 427.3, 443.1, 448.1, 385.1, 386.1, 1096.1, 1097.1-ci maddələrinə istinad edən iddiaçı həmçinin qeyd etmişdir ki, cavabdehin ona maddi zərər vurması iş materialları ilə öz təsdiqini tapır, eyni zamanda maddi zərərdən başqa cavabdehin qanunsuz hərəkətləri nəticəsində müəyyən sarsıntılara, əzaba, stresə, əsəbə və məyusluğa məruz qalmışdır ki, bu isə ona real olaraq mənəvi zərərin vurulmasını sübuta yetirir. Həmçinin, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Hesab edir ki, bu məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixdə saat 12 radələrində Şəmkir-Gədəbəy yolunun 1-ci kilometrliyində İddiaçı idarə etdiyi «Mercedes C180» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə X7 idarə etdiyi «Mercedes 3340K» markalı H014864 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Aparılmış ilkin yoxlama zamanı müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X3 hüququ olmadan «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq, Şəmkir rayonu Şəmkir-Gədəbəy yolunda hərəkətdə olarkən hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin vəziyyətini, yol və şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin maddənin tələblərinə əməl etməmiş və idarə etdiyi «Mercedes» markalı H014864 dövlət qeydiyyat nişanlı avtomobili ilə əks istiqamətdən gələn İddiaçı idarə etdiyi «Mercedes C180» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və yol nəqliyyat hadisəsi törətmişdir. X10 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin İ hissəsinin tələblərini pozduğundan, onun əməlində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tərkibi yaranmışdır (Şəmkir RPŞ TB-nin təhqiqatçısı, polis kapitanı R.R.Sadıqovun xx xxxx 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı). DSKŞ-nin Nəqliyyat Sığortası Departamentinin direktoru müavininə və Şirkətin Hüquq və Kadr departamentinin direktoruna ünvanlanmış sığorta ödənişinin verilməsinə dair rəydən görünür ki, Hüquq və Kadr departamentinin direktoru iş materiallarına və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə istinad edərək, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər çəkən şəxs İddiaçı əmlakına dəymiş zərər məbləğinin ödənilməsinin qanunvericiliyə uyğun olduğunu nəzərə çatdırmışdır (sığorta müqaviləsi və sığorta ilə bağlı digər sənədlər iş materiallarına əlavə olunmuşdur). 2019-cu il tarixli qüsur aktından (Azərsığorta tərəfindən hazırlanmış) görünür ki, həmin qüsur aktında İddiaçı əmlakına dəymiş zərər məbləğinin (ehtiyat hissələri və görülməli iş) 1.350 manat təşkil etdiyi qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli 1747 saylı ödəniş tapşırığından görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 1.350 manat icbari sığorta ödənişi həyata keçirilmişdir. «Şəmkir-Avtoservis» ATSC-nin xx.xx.2018-ci il tarixli ziyan aktından görünür ki, İddiaçı məxsus «Mercedes-Benz C-180» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan ehtiyat hissələrinə və ustalara xidmət haqqı olaraq, cəmi 4.757 manat vəsait tələb olunur. Hadisə yerində çəkilmiş fotoşəkillərdən görünür ki, «Mercedes-Benz C-180» markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə ciddi ziyan dəymişdir və «Şəmkir-Avtoservis» ATSC-nin xx.xx.2018-ci il tarixli ziyan aktı daha obyektivdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. İşin faktiki hallarından görünür ki, iddiaçıya vurulmuş real maddi ziyan 4.757 manat təşkil edir. Həmin məbləğdən 1.350 manat sığorta şirkəti tərəfindən iddiaçıya ödənilsə də, 3.400 manat məbləğində qalıq iddiaçıya ödənilməmişdir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. - 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. - 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini – 3.400 manat məbləğində qalığı (sığorta ödənişini) iddiaçıya ödəməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişinin qalıq hissəsi olan 3.400 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İş materiallarından göründüyü kimi, iddiaçı ona vurulmasını iddia etdiyi mənəvi zərərin konkret olaraq nədə ifadə edildiyini göstərməmiş, ümumi sözlərlə cavabdehin qanunsuz hərəkətləri nəticəsində müəyyən sarsıntılara, əzaba, stresə, əsəbə və məyusluğa məruz qaldığını bildirmişdir. Bu səbəbdən, iddia mənəvi zərərin tutulmasına dair hissədə iddia təmin edilə bilməz. Bundan başqa, iddiaçı ona ödənilməmiş qalıq 3.400 manat sığorta məbləğindən əlavə 12.680 manat real ziyan vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, 12.680 manat maddi ziyanın ödənilməsi tələbinə dair hissədə də iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sığorta ödənişinin qalıq hissəsi olan 3.400 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar