Məhkəmə qərarları › İş №2(006)-470/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-470/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-470/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Xəlilova Zeynəb Mirzə qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona ödənilməli olan sığorta ödənişinin məbləğinin düzgün hesablanması, ona əlavə olaraq 40466 manat 28 qəpik məbləğində sığorta ödənişinin, həmin məbləğ üzrə gecikdirilmiş hər gün üçün 0,1 faiz həcmində dəbbə pulunun və ödənilmiş 211 manat 40 qəpik məbləğində dövlət rüsumunun cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin müdafiyə edərək, iddia tələbini onunla əsaslandırdı ki, hal-hazırda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin, böyük prokuroru vəzifəsində, ədliyyə mayoru rütbəsində çalışır. 21 may 2021-ci il tarixdə saat 12 radələrində Respublika Hərbi Prokurorluğunun inzibati binasında pilləkanla düşərkən sol ayağımın burxularaq yıxılması nəticəsində “sol aşıq sümüyünün medial kənari qopmuş sınığı” xəsarəti almışdır. Aldığı xəsarətlə bağlı xidməti yoxlama aparılması üçün tərəfindən Respublika Hərbi Prokurorluğuna müraciət edilmiş, komissiyanın qərarına əsasən, xidməti fəaliyyəti zamanı xəsarət aldığı müəyyən edilmiş və sığorta ödənişi almaq üçün arayış verilmişdir. O, 05 avqust 2021-ci il tarixdə həmin arayışla yanaşı Dövlət Sığorta Kommersiya Şirkətinə son 5 illik əmək haqqı barədə arayışları və aldığı xəsarətlə bağlı verilmiş məhkəmə-tibbi ekspertizasının rəyini də təqdim etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və X1 30.07.2021-ci il tarixli 1074 saylı rəyinə əsasən, aldığı xəsarət az ağır xəsarət növü kimi qiymətləndirilmiş və əmək fəaliyyətinin uzun müddətə pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilmiş orta aylıq əmək haqqının cəmi barədə arayışa əsasən, həmin məbləğ 4270 manat 94 qəpik təşkil etmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılan araşdırma nəticəsində ekspertin qərarına məhəl qoyulmadan, həqiqətə uyğun qərar verilməyərək və heç bir əsas olmadan aldığı xəsarət yüngül xəsarət kimi qiymətləndirilərək ona 5 illik əmək haqqının 10%-i məbləğində sığorta ödənişi ayrılmışdır. Lakin, həmin məbləğ də natamam şəkildə hesablanmış, yalnız aylıq əmək haqqı nəzərə alınaraq ona 25625 manat 64 qəpik əvəzinə 10785 manat ödənilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, sığorta şirkəti tərəfindən aldığı az ağır xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizasının müvafiq rəyi düzgün qiymətləndirilməklə ağır xəsarət kateqoriyasına uyğun olaraq ona 5 illik əmək haqqının 20%-i məbləğində 51251 manat 28 qəpik məbləğində sığorta ödənişi ödənməli idi. Bununla əlaqədar 03.09.2021-ci il tarixdə sığorta ödənişinin düzgün hesablanıb tam şəkildə ödənilməsi üçün cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək ona əlavə olaraq 40466 manat 28 qəpik ödənilməsini tələb etməsinə baxmayaraq, sığorta ödənişini ödəməkdən imtina edilmişdir. Hərbi prokurorluq tərəfindən təqdim edilmiş arayışa əsasən ona verilən orta aylıq əmək haqqı 4270 manat 94 qəpik təşkil edir. Riyazi hesablamalara uyğun olaraq 4270,94 x 60=25625,64 manat. Onun 20%-i 51251,28 manat. 51251,28 manatdan ona verilən 10785 manat. Geriyə qalan məbləğ isə 40466,28 manat təşkil edir. Son olaraq bildirdi ki, sığorta ödənişi ayrılarkən qanunvericiliyin tələbləri nəzərə alınmamış, düzgün hesablama aparılmamış, ona 51251 manat 28 qəpik ödənilməli olduğu halda, 10785 manat pul verilmişdir. Ona əlavə olaraq 40466 manat 28 qəpik məbləğdə sığorta ödənişi ödənilməlidir. Məhkəmə iclasında İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, Respublika Hərbi prokurorluq tərəfindən təqdim edilmiş arayışda göstərilmiş 4270 manat 94 qəpik təşkil edən orta ayliı əmək haqqı məbləği əsas götürülməklə, riyazi hesablamalara uyğun olaraq 4270,94 x 60=256256,40 manat. Onun 20%-i isə 51251,28 manat. 51251,28 manatdan 51251,28 manatdan verilən cəmi məbləğ 10785 manat. Geriyə qalan məbləğ isə 40466,28 manat təşkil edir. Odur ki, əlavə olaraq ona 40466,28 manat sığorta ödənişinin, iddia ərizəsində qeyd olunan dəbbə pulu və dövlət rüsumunun cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən tutulub ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 idda tələbi ilə razılaşmayaraq və məhkəməyə yazılı etiraz təqdim edərək bildirdi ki, İddiaçı xidmət vəzifələrinin icrası ilə əlaqədar xəsarət almış və bununla bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ona 40466 manat sığorta ödənişinin, həmin məbləğ üçün gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulunun və ödənilmiş 211,40 manat dövlət rüsumunun verilməsi ilə bağlı iddia ərizəsi ilə Bkı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə 13.12.2021-ci il tarixdə verilmiş vəsatət təmin edilmiş, vəsatətə uyğun olaraq AR-nın Hərbi Prokurorluğuna İddiaçı sığorta hadisəsi baş verən tarixə müəyyən olunmuş 5 illik əmək haqqının məbləği barədə sorğu verilmiş, 06.01.2022-ci il tarixli cavabdan məlum olmuşdur ki, iddiaçı sığorta hadisəsi baş verən tarixə müəyyən olunmuş 5 illik əmək haqqı 158427 manat təşkil etmişdir. Sığorta ödənişi hesablanarkən məhz həmin məbləğ əsas götürülməlidir. Sorğuya verilmiş cavaba əsasən, sığorta olunanın 5 illik əmək haqqı 158427 təşkil edir. Həmin məbləğin 15%-i, yəni 158427 x 15%=23764,05 manat təşkil edir. Beləliklə, sığorta olunana 23764,05 manat sığorta ödənişi şirkət tərəfindən verilməlidir. Digər tərəfdən Qanuna əsasən az ağır xəsarətə görə faiz nisbətinin yeni əlavə edilməsi məhkəmə tərəfindən qanunun geriyə qüvvəsinin yolverilməzliyi kimi başa düşülməməlidir. Çünki, sığorta hadisəsi nəticəsində şəxsin xəsarətinin az ağır qiymətləndirilməsinə görə sığorta ödənişinin verilməsi həmin vaxt qanunvericiliklə tənzimlənmirdi və bu, qanunda kolliziya hesab olunurdu. Lakin, qanuna edilən dəyişikliklə az ağır xəsarətə görə faiz nisbəti qanuna əlavə edilmiş, qanunda olan boşluq aradan qaldırılmışdır. Sığorta olunana ödənilməli olan 23764,05 manat sığorta ödənişinin 10785 manat hissəsi ödənildiyindən, 23764,05-10785=12979,05 manat sığorta ödənişi iddiaçıya ödənilməlidir. Buna görə də, iddianın həmin hissədə təmin edilməsinə, yəni 12979,05 manat vəsaitin iddiaçıya ödənilməsinə etirazı yoxdur və hətta məhkəmə iddianı təmin etmədən də bu vəsait iddiaçıya ödənilə bilər. Lakin, iddiaçı sığorta ödənişinin gecikdirilmiş hər gün üçün 0,1% həcmində dəbbə pulunun hesablanmasını tələb etmişdir. İddia həmin hissədə əsassızdır və rədd edilməlidir. Son olaraq bildirdi ki, iddiaçı ödənilmiş 211,40 dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə əgər iddia tələbini onun 12979 manat hissəsində təmin edərsə, dövlət rüsumu da həmin məbləğə uyğun olaraq müəyyən edilməlidir. Sonda, cavabdehin nümayəndəsi iddia ərizəsinın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçını və cavadehin nümayəndəsinin izahatını dinləyib, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 03.08.2021-ci il tarixli Arayışından görünür ki, İddiaçı həqiqətən 11.04.2008-ci il tarixdən AR Prokurorluq orqanlarında, 28.04.2021-ci il tarixdən isə AR Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru vəzifəsində, ədliyyə mayoru hərbi rütbəsində xidmət edir. İş materiallarında olan 05.08.2021-ci il tarixli Arayışdan görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru, ədliyyə mayoru İddiaçı 30.07.2021ci il tarixli təqrirlə müraciət edərək, 21.05.2021-ci il tarixdə xidmət zamanı Respublika Hərbi Prokurorluğunun inzibati binasında pilləkənlərdən düşərkən ayağının burxulması nəticəsində aldığı “sol aşıq sümüyünün medial kənarının qopmuş sınığı” xəsarətlə əlaqədar olaraq sosial sığorta müavinəti verilməsi məsələsinə Respublika Hərbi Prokurorluğunun müvafiq komissiyasında baxılmasını və sığorta ödənişi almaq üçün “sığorta hadisəsinin xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq rəy” in verilməsini xahiş etmişdir. Komissiyanın 05.08.2021-ci il tarixli qərarına əsasən İddiaçı almış olduğu “sol aşıq sümüyünün medial kənarının qopmuş sınığı” az ağır dərəcəli bədən xəsarətinin bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar olması qənaətinə gəlinmişdir. Ədliyyə mayoru İddiaçı 11.04.2008-ci il tarixdə prokurorluq orqanlarında qulluğa qəbul edilmiş və onun orta aylıq əmək haqqısı 4270 manat 94 qəpik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 02.08.2021-ci il tarixli Arayışından görünür ki, İddiaçı AR Nazirlər Kabinetinin 04 may 2018-ci il tarixli 203-16 nömrəli qərarına əsasən vəzifə maaşı 1150 manat; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli qərarına əsasən prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə 1150 manat; Nazirlər Kabinetinin 09.11.2009-cu il tarixli 175-4 saylı qərarına əsasən rütbə maaşı 130 manat; xidmət illərinə görə əlavə haqq 45% olmaqla 517 manat 50 qəpik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 04.08.2021-ci il tarixli, HP-13/84 №-li Arayışından görünür ki, İddiaçı orta aylıq əmək haqqısı 4270 manat 94 qəpik təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN Məhkəmə Tibbi Ekspertiza və X1 1074№-li Aktına əsasən, İddiaçı məhkəmə-tibbi müayinəsi keçirilmiş, müəyyən edilmişdir ki, İddiaçı almış olduğu xəsarət-sol aşıq sümüyünün kənari qopmuş sınığı, bərk küt əşya təsirindən törənmişdir, şəxsin müayinəsi zamanı özünün göstərdiyi tarixdə (21.05.2021) və şəraitdə əmələ gəlməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan İddiaçı ünvanlanan 16.09.2021-ci il tarixli Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin məktubundan görünür ki, iddiaçının 5 illik əsas əmək haqqı, rütbə maaşı və xidmət ili üçün 107850 manat təşkil edir. Beləliklə, xəsarətin dərəcəsinə uyğun olaraq sığorta ödənişi sığorta məbləğinin 10%-ni, yəni 10785 manat təşkil edir. İş materiallarında olan 06.01.2022-ci il tarixli Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məktubundan görünür ki, İddiaçı 21 may 2021-ci il tarixə kimi olan 5 illik əmək haqqısının ümumi məbləği 158427 manat 00 qəpik təşkil edir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən, prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sığorta hadisəsi baş verən zaman, yəni 2021-ci ilin may ayında qüvvədə olan “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri tətbiq olunmalıdır. Belə ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün məhkəmə və hüquq mühafizə orqanları işçilərinə (sığorta olunanlara) bütün məhkəmə hakimləri, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən şəxslər, təhqiqat aparan şəxslər, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, fövqələdə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları aid edilirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sığortaçısı dövlət sığorta orqanıdır. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-çı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş dövlət orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Həmin qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçiləri onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. Həmin qanunun 5-ci maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığorta olunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığorta olunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığorta olunana əlillik təyin olunduqda; İ qrup- 80 faiz; İİ qrup - 60 faiz; İİİ qrup - 40 faiz ç) sığorta olunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 20.9-cu maddəsinə əsasən Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. 20.8-ci maddəsinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının iki qat həcmindən az olmayaraq maddi yardım verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin, böyük prokuroru vəzifəsində, ədliyyə mayoru rütbəsində çalışır. 21 may 2021-ci il tarixdə saat 12 radələrində Respublika Hərbi Prokurorluğunun inzibati binasında pilləkanla düşərkən sol ayağımın burxularaq yıxılması nəticəsində “sol aşıq sümüyünün medial kənari qopmuş sınığı” xəsarəti almışdır. Aldığı xəsarətlə bağlı xidməti yoxlama aparılması üçün tərəfindən Respublika Hərbi Prokurorluğuna müraciət edilmiş, komissiyanın qərarına əsasən, xidməti fəaliyyəti zamanı xəsarət aldığı müəyyən edilmiş və sığorta ödənişi almaq üçün arayış verilmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən aparılan araşdırma nəticəsində aldığı xəsarət yüngül xəsarət kimi qiymətləndirilərək ona 5 illik əmək haqqının 10%-i məbləğində sığorta ödənişi ayrılmışdır. O, həmin məbləğlə razılaşmayaraq, hesab etmişdir ki, sığorta ödənişi ayrılarkən qanunvericiliyin tələbləri nəzərə alınmamış, düzgün hesablama aparılmamış, ona 51251 manat 28 qəpik ödənilməli olduğu halda, 10785 manat pul verilmişdir. Ona əlavə olaraq 40466 manat 28 qəpik məbləğdə sığorta ödənişi ödənilməlidir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar isə qeyd edir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 06.01.2022-ci il tarixli HP-13/30 -14084/04 №-li Arayışına əsasən iddiaçının 21 may 2021-ci il tarixə kimi olan 5 illik əmək haqqısının ümumi məbləği 158427 manat 00 qəpik təşkil edir. Onun 20% isə 31685 manat 40 qəpik təşkil edir, 31685 manat 40 qəpik məbləğindən verilən cəmi məbləğ 10785 manat. Geriyə qalan məbləğ isə 20.900 manat 40 qəpik təşkil etmişdir. Həmin məbləğdə cavabdehdən tutulmalıdır. Məhkəmə iddianın “dəbbə pulunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ona sığorta ödənişinin 10785 manatı 16.08.2021-ci il tarixdə ona ödənilməsinin bildirsə də, bununla bağli hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 20.900 manat 40 qəpik sığorta ödənişi və 241 manat 40 qəpik dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 20900 (iyirmi min doqquz yüz) manat 40 (qırx) qəpik sığorta ödənişi və 241 (iki yüz qırx bir) manat 40 (qırx) qəpik dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar