Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-470/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Məmmədov X3 rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1999-cu il tarixində həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmətə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının N nömrəli hərbi hissəsində başlamışdır. Hərbi xidmət dövründə minaya düşmüş və sağ diz altı nahiyyəsindən xəsarət almışdır. xx.xx.1999-ci il tarixindən, xx.xx.1999-cu il tarixinə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kinik Hospitalında müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06.2000-ci il tarixli 215 saylı əmri əsasında 15 iyul 2000ci il tarixində 050 № Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Ona sağ dizaltı nahiyyənin qəlpə yaralanmasından sonrakı vəziyyətinin hərəkətin və ya yerişin pozulmaları, aşağı ətrafları funksiya pozulması, dərinin hipertrofik dəyişiklikləri, dizaltı nahiyyənin ağrılı dartıcı kobud kelloid çapıq toxuması, oynaqların kontrakturası, sağ diz oynağının kəskin kontrakturası, əlin və ya pəncənin sallanması, sağ incik sinirinin postravmatik neyropatiyası, sağ pəncənin sallanması, əzələnin başqa rubrikalarda təsnif olunmayan otrofiyası və üzülməsi, sağ budun arxa səthinin, hər iki baldırın ağrı dartıcı hipertofik kəskin əzələ atrofiyası əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən hərb xidmət dövrü ilə əlaqədar lll dərəcəli müddətsiz əlilik təyin edilmişdir. O bundan sonra Azərbaycan Respublikasının Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında 20 may 1997-ci il tarixli, 296 nömrəli qanuna əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Dövlət Sığorta kommersiya Şirkətinə müraciət etmişdir. Ancaq hər iki qurum müxtəlif əsaslar gətirərək müraciətinin təmin olunmasından imtina etmişdir. Göstərilənləri nəzərə alaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununun 1, 2, 4-cü maddələri, 5-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı hərbi xidmətlə əlaqədar üçüncü dərəcəli əlil olaraq 4400 manat pulun cavabdeh olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, elektron kabinet vasitəsi ilə tərəfindən məhkəməyə təqdim edilmiş etirazı müdafiə edərək bildirmişdir ki, İddiaçı dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin alınması ilə bağlı xx.xx.2022-ci il tarixində Şirkətə ərizə ilə müraciət etmişdir. AO0157217 nömrəli hərbi biletə əsasən şəxs xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Şəxsin almış olduğu xəstəlik və travma hərbi xidmət dövründə alınmışdır. TSEK-də sonuncu müayinəyə dair məlumata əsasən iddiaçıya xx.xx.2021-ci il tarixində müddətsiz üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Bununla əlaqədar olaraq xx.xx.2003-cü il tarixində iddiaçıya 2.200.000 manat sığorta ödənişi verilmişdir. Buna görə də iddiaçıya təkrarən sığorta ödənişinin ödənilməsi qanunvericiliyə ziddir. Bundan əlavə, qeyd etmək lazımdır ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1dən əvvələ aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən ödənilir. Bundan sonrakı şirkət trəfindən, bundan qabaq ödənilən ödənişlər istisna olmaqla 2022-ci il yanvar ayının 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Qeyd olunanlara əsasən iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə, İddiaçı, cavabdehin nümayəndəsi X1 izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 032 saylı qərarının surətindən görünür ki, Daşkəsən RHK tərəfindən 1999-cu ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyini və 23.07.199-cu ildən xx.xx.1999-cu ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik, travma-diaqnoz: “Soltərəfli qeyri vərəmmənşəli ekssudativ plevrit. Sağ incik sinirinin dizaltı çuxurunun zədələnməsi, çapıq toxuma ilə sıxılması” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin xx.xx.2022ci il tarixli 18 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli, 20 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitaldan verilmiş xx.xx.1999-cu il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, travmadır, hərbi xidmət dövründə alınmışdır”.
7. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışa əsasən İddiaçı üçüncü dərəcəli əlildir. Diaqnoz: sağ nahiyyətinin qəlpə yaralanmasından sonrakı vəziyyəti. Hərəkətin və yerişin pozulmaları, aşağı ətrafların funksiya pozulması. Dərinin hipertrofik dəyişiklikləri, dizaltı nahihhənin ağrılı dartıcı, kobud kelloid çapıq toxuması. Oynaqların kontrakturası, sağ diz oynağının kəskin kontrakturası. Əlin və ya pəncərənin sallanması (qazanılma) , sağ incik sinirinin postravmatik neyropotisayası. Sağ pəncənin sallanması. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsməsi, sağ budun arxa səthinin, hər iki baldırın ağrılı dartıcı hipertrofik kəskin əzələ atrofiyası. Qiymətləndirmə tarixi: xx.xx.2021. Təyinatın tarixi: xx.xx.2021. Əlillik səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar.
8. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il, 05/1887 saylı cavab məktubunda bildirilmişdir ki, ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair arayışdan məlum olduğu üzrə İddiaçı xx.xx.2021-ci il tarixində 3-cü dərəcəli əlillik təyin edildiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən, vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Odur ki, sığorta ödənişinin alınması üçün aidiyyatı üzrə Fonda müraciət etməyi tövsiyyə olunmuşdur.
9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli, 1513 nömrəli Fərmanına uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. Qeyd edilən Fərmana əsasən 1997-ci il 1 avqust tarixindən sonrakı xidmət dövrü ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmadığından müraciətin təmin edilməsi qanunvericiliyə əsasən mümkün hesab edilmir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 231162 nömrəli vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 hərbi xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ikinci qrup əlildir.
11. İş materiallarında olan AO ******* saylı hərbi biletin surətindən görünür ki, Məmmədov X3 RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1999-cu ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2000-ci ildə MN-nin 215 saylı, xx.xx.2000-ci il tarixli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə üçüncü qrup əlil olmuşdur. Hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ona ödənilməli olan 4400 manat birdəfəlik sığorta ödənişinin ödənilməsini xahiş etmişdir.
13. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir.
14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişinin ödənilməsini tələb etməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir.
15. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz olunmasını təklif edilsə də, iddiaçı tərəf buna razı olmamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbayca Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinin xx.xx.2013-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir: ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olduqda: İİİ qrup – 40 faiz.
17. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetməniun təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə görə, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta Şirkət tərəfindən həyata keçirilir.
18. Fərmanın 2.8-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxlərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarının 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.
19. Məhkəmə qeyd edir ki, cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Belə ki, Prezident Fərmanı ilə sığorta ödənişi ediləcək şəxslərin siyahısı, ödəniş məbləğinin hesablanması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilir. İş materiallarında olan TSEK-də sonuncu müayinəyə dair məlumata əsasən, iddiaçıya müddətsiz üçüncü dərəcəli əlillik xx.xx.2021-ci il tarixinə təyin edilmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz».
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
24. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.
25. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
26. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
27. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.
28. Bundan əlavə, məhkəmə etiraz ərizəsində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ******* manat (yeni manatla 440 manat) sığorta məbləğinin xx.xx.2003-cü il tarixində İddiaçı ödənilməsi qeyd etsə də, bu barədə hər hansı əsas olan sübutu (ödəniş qəbzi) məhkəməyə təqdim etməməklə sığorta ödənişinin ödənilməsini sübuta yetirə bilməmişdir.
29. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
30. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
31. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
32. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
33. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov