Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4708/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 235 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə nikahları pozulmasa da, nə həyat yoldaşı, nə də ata kimi ailəyə baxmır, maddi dəstək göstərmir. Bu səbəbdən azyaşlı uşağının saxlanması üçün aliment tələbi zərurəti yarandığından, qarşı tərəfə bu məsələnin mediasiya vasitəsi ilə həll olunması üçün təklif göndərmişdir. Mediator cavabdehi mediasiya sessiyasına dəvət etmiş, lakin cavabdeh gəlməmişdir. İddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 734103 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 1764 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmamış uşaqları vardır. Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01298 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında iddiaçı tərəf iştirak etsə də, cavabdeh iştirak etməmişdir (mediator:F.Əliyev). Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş işin halı ondan ibarətdir ki, tərəflər 16 dekabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Hazırda uşaq anasının yanındadır. İddiaçının bildirdiyinə görə cavabdehlə nikah münasibətlərinə son verilməsə də, cavabdeh azyaşlının saxlanmasında iştirak etmir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək və alimentin məhkəmə qaydasında tutulmasını tələb etmək məcburiyyətindədir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin tələblərinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə iddia tələbinin “uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğinə” münasibətdə qeyd edir ki, ailə münasibətlərindən irəli gələn məsələləri tənzimləyən qanunvericilik bu məsələni də xüsusi olaraq tənzimləyir. Qanunvericiliyin tələblərinə əsasən aliment valideynin aylıq qazancın (gəlirin) müəyyən hissəsi və yaxud sabit pul məbləğində tutula bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən (aliment tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən (aliment tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4708/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4708/2024
05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver