Məhkəmə qərarları › İş №2(006)-4722/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4722/2020

11.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4722/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə qarşı (Cavabdeh2 maraqlı şəxs qismində cəlb edilməklə) “aliment borcunun ödənilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə qarşı (Cavabdeh2 maraqlı şəxs qismində cəlb edilməklə) “aliment borcunun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Verilmiş iddia ərizəsindən görünür ki, məhkəmə qətnaməsi ilə uşaqların maddi təminatı üçün hər ay Cavabdeh2 60 manat alınaraq ona verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməməsinə görə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsindən 8.088 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmalıdır. İddia ərizəsindən görünür ki, iddia ərizəsində irəli sürülən tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. Belə ki, iş materiallarının ilkin araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının tələbinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2006-cı il tarixli 2-2140/2006 saylı qətnaməsi) qəbul edilmiş və icraya yönəldilmişdir. Belə olan halda, iddiaçının müvafiq tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə deyil, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, icra mərhələsində tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2017-ci il tarixli Qərarına əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, hazırki məsələ ilə bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə qarşı (Cavabdeh2 maraqlı şəxs qismində cəlb edilməklə) “aliment borcunun ödənilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya hazırki məsələ ilə bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar