Məhkəmə qərarları › İş №2(006)-4730/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4730/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4730/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 2-ci qrup əlillər üçün nəzərdə tutulumuş 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin cavabdehdən tutularaq X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdadrlıq edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasa tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı dövlət rüsumunun ödənilməsinə dair qəbzi iddia ərizəsinə əlavə etməmiş, dövlət rüsumunu ödəməkdən azad olunmasına əsas verən halları isə iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011ci il tarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152. 259.0.12, 260.0.4-cü maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını qanuni və ədalətli hesab edir. Belə ki, iddiaçı dövlət rüsumunun ödənilməsini təstiq edən qəbzi məhkəməyə təqdim etməmişdir. Bununla belə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırılmaqla, işin icraat növü üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263- 264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar