Məhkəmə qərarları › İş №2(006)-4764/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4764/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4764/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 21 fevral 2020-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 07 iyul 2023-cü il tarixdə qız övladları dünyaya gəlmişdir. Hamilə olduğu dövrdə cavabdeh başqa bir qadınla münasibətə başlamış və onunla görüşdüyü zaman evə gəlib ona işgəncələr vermişdir. 14 avqust 2023-cü il tarixində ona məktub yazaraq getmişdir. Hal-hazırda ayrı yaşayırlar. Yetkinlik yaşına çatmayan qız övladı onun himayəsindədir. Cavabdeh övladının maddi vəziyyəti ilə maraqlanmır və heç bir köməklik göstərmir. O, hal-hazırda işləmir və analıq məzuniyyətindədir. Heç bir gəlir yeri yoxdur. Övladının təminatını ödəməkdə çətinlik çəkir. Cavabdeh klinikada diş texniki kimi çalışır. Cavabdehin gəliri qeyri-rəsmi olaraq 600-1.000 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh vermiş olduğu izahatında iddianı qismən qəbul etdiyini, hər ay 300 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmiş və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 21 fevral 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 385639 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 21 fevral 2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 325 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Piriyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01770 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, qarşı tərəf Cavabdeh iştirak etməmişdir (mediator: M.Qafarova). Beləliklə iş materiallarından görünür ki, tərəflər xx.xx.2020-ci il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı bir övladları doğulmuşdur. Hal-hazırda cavabdeh uşağı ilə maraqlanmadığı üçün iddiaçı övladını böyütməkdə maddi sıxıntılar çəkir. Bu səbəbdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh isə ondan tələb edilən miqdarda olmasa da, hər ay 300 manat sabit pul məbləğində aliment ödəməyə razılığını bildirmişdir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Habelə cavabdeh iddianı qismən qəbul edərək, övladının saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində aliment ödəməyə hazır olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin kifayət qədər yüksək gəlirə malik olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Beləliklə də uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 300 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar