Məhkəmə qərarları › İş №2(006)-477/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-477/2022

24.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-477/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Dadaşov Kənan İlqar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Şükürov Elxan Şükür oğlunun, cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Fərhadova Fərəh Fərhad qızının iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyə xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyə xitam verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 dekabr 2008-ci il tarixdə onunla QSC "xxxx" Kommersiya Bankı arasında bağlanmış ********** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə iddiaçıya qarşı bu günədək heç bir tələb mövcud deyildir. Hazırda ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Cavabdehə rəsmi müraciət etsə də, bu müraciət müsbət cavablandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış 03.12.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı iddianın həcminin artırılması haqqında ərizəni məhkəməyə təqdim edərək ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankını cavabdeh qismində cəlb olunmasını və onunla QSC "xxxx" KB arasında 03.12.2008-ci il tarixdə bağlanmış ********** saylı kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi və qeyd edilən müqavilə üzrə borcun olmaması barədə Mərkəzi Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Şükürov Elxan Şükür oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Fərhadova Fərəh Fərhad qızı iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, hesabdan çıxarış məlumatlarına əsasən iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi üzrə sonuncu ödəniş iddiaçı tərəfindən 05.06.2014cü il tarixində həyata keçirilmişdir. Buna görə də iddiaçı ümumi iddia müddətinin keçdiyinə istinad edərək Mülki Məcəlləsinin 550-ci maddəsinə müvafiq olaraq tələbetmə müddəti keçdiyinə görə öhdəliyə xitam verilməsini tələb etməkdə haqlı deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 05.05.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-yə 03.12.2008-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 9127,39 manat faiz borcu vardır, kreditin müqavilə üzrə bitmə tarixi 03.12.2011ci ildir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Eyni Məcəllənin 552.1-ci maddəsinə əsasən öhdəliklərin xitamı üçün müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Göstərilən Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Eyni Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında imperativ qaydada qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, kredit müqaviləsində icra müddəti müəyyənləşdirildiyinə görə öhdəliklərin xitamı üçün müddətin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən həmin tarixdən başlamışdır. Qeyd olunan qanunun normasına görə vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində müəyyən edildiyi kimi icra müddəti 03.12.2011-ci il tarixdə başa çatmış, kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi borcludan tələb edilməmişdir. İcra müddətinin keçməsindən artıq xeyli vaxt keçdiyindən, kreditor öhdəliyin icrasını tələb etmədiyindən, iddiaçı həmin öhdəliklərə xitam verilməsini tələb etməkdə tam haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə QSC "xxxx" KB arasında 03.12.2008-ci il tarixdə bağlanmış ********** saylı kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməli və qeyd edilən müqavilə üzrə borcun olmaması barədə Mərkəzi Kredit Bürosuna məlumat verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə QSC "xxxx" KB arasında 03.12.2008-ci il tarixdə bağlanmış ********** saylı kredit müqaviləsi üzrə iddiaçının öhdəliyinə xitam verilsin və qeyd edilən müqavilə üzrə borcun olmaması barədə Mərkəzi Kredit Bürosuna məlumat verilməsi vəzifəsi cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar