Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4770/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 ananın yanında və himayəsində saxlanılmasına, eləcədə yetkinlik yaşına çatana qədər saxlanılması üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, uşaq azyaşlı olduğu üçün anaya əlavə 150 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə evlənərək nikahlarını Bakı 3 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2022-ci il tarixli, 1049 saylı X4 Akt Qeydi ilə rəsmi olaraq qeydiyyata aldırmışlar.Birgə nikahlarından xx.xx.2023-cü il tədəllüdlü X3 adında övladları doğulub.O cavabdeh ilə əvvəllər mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuşdur.Cavabdeh ilə bir-birlərini başa düşə bilmirlər.Xasiyətləri uyğun gəlmədiyindən artəq bir neçə vaxtdır ki, ayrı yaşayırlar.Halhazırda faktiki olaraq ər-arvad kimi ayrı yaşayırlar.Nikah aralarında formal olaraq qalır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Hazırki məhkəmə iclası barədə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri verilməsinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: İş materiallarına əlavə edilmiş: - 03 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İT seriyalı 497903 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə X4 akt qeydləri kitabında 1049 nömrə ilə qeyd edilmişdir. - 4 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 917815 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü ildə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/18/2024-00532 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, , xx.xx.2024-cü il tarixdə, saat 14:30 keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya xərci olan 60 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları da nəzərə almaqla məhkəmə hesab edir ki, müəyyən edilən aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti baxımından ədalətli və ağlabatan olmaqla təmin edilməli və cavabdehdən hər ay uşağın saxlanılması üçün 235 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə iddiaçının 04 avqust 2023-cü il təvəllüdlü X1 üç yaşına çatanadək özü üçün cavabdehdən 150 manat aliment tələb etməsi hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. İddiaçı cavabdehin həqiqətən üç yaşına çatanadək tələb edilən (150 manat) məbləğdə aliment ödəyə bilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübut təqdim etməsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin rəsmi iş yeri olmasa da o, fərdi əməklə məşğul olur və hər ay müəyyən məbləğlərdə qazanc əldə edir. Odur ki, məhkəmə, iddiaçının uşağın azyaşlı olması səbəbindən işləyə bilməməsini, həmçinin cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulmalı olan alimenti də nəzərə almaqla hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək cavabdehdən hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə 19 sentyabr 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment ərizənin verildiyi yəni xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Həmçinin məhkəmə iddia ərizəsinin “xx.xx.2023-cü il təvəllüdlü X1 ananın yanında və himayəsində saxlanılması” hissəsi ilə bağlı qeyd edir ki, hazırda tərəflər aralarında nikahın pozulması barədə hər hansı iddia olmadığından, iddia bu hissə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 235 manat sabit pul məbləğində, 04 avqust 2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-4770/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4770/2024
13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver