Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4771/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 750 manat məbləğində sığorta ödənişinin 21 avqust 2024-cü il tarixindən hesablanmaqla sığorta ödənişinin vaxtında ödənilməməsinə görə dəbbə pulunun və 30 manat məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun oğlu X5 25 iyul 2024-cü ildə ona məxsus “Mersedes-Benz E220“ markalı, ** OJ *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərində hərəkət edərkən arxada irəliləyən “VAZ 21104“ markalı, ** KE *** dövlət nömrə nişanlı avtomobil arxadan oğlunun idarə etdiyi, onun mülkiyyəti olan avtomobilə zərər vurmuşdur. Hadisədən sonra Bakı şəhər Yol Patrul Xidmətinin əməkdaşları əraziyə gələrək hadisənin sxemini çəkdilər. Hadisə iştirakçılarının sənədlərini alaraq şöbəyə dəvət ediblər. Şöbədə izahatlar alındıqdan və inzibali xəta üzrə araşdırma aparıldıqdan sonra yol nəqliyyat hadisəsinin baş verməsində “VAZ 21104” markalı, ** KE *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2 təqsirli bilindi və onun barəsində İnzibati xəta haqqında protokol tərtib edildi. İnzibati xəta haqqında iş üzrə araşdırma aparılarkən X1 idarə etdiyi “VAZ 21104“ markalı, ** KE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (ləğv prosesindədir) icbari sığorta növündə sığortalandığı məlum oldu və avtomobilinə vurulmuş zərərin ödənilməsi üçün müvafiq sənədlər hazırlanaraq cavabdehə təqdim edildi. Cavabdehin ona təqdim etdiyi 21 avqust 2024-cü il tarixli, ....-524/24 nömrəli sığorta ödənişinin verilməsinə dair təqdim edilmiş sənədlərlə bağlı cavab məktubunda qeyd edilib: “xx.xx.2024-cu il tarixində Bakı şəhəri ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (ləğv prosesindədir) "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü ilə sığortalanmış "Mersedes-benz E220" markalı ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə "VAZ 21/04" markalı ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 idarə edərkən ona maddi zərər yetirmişdir. Yuxarıda qeyd edilən sığorta hadisəsi nəticəsində Mersedes-benz E220 " markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı “Baku Property” Servis tərəfindən 320 manat məbləğində müəyyən edilmişdir. Avtomobil mülkiyyətçisi tərəfindən sığorta şirkətinə bank hesabı təqdim edildikdən sonra ödənişin həyata keçirilməsi baş tutacaqdır ". Məktubdan göründüyü kimi mövcud sığorta qanunvericiliyinə uyğun olaraq, baş vermiş sığorta hadisəsi nəticəsində mülkiyyətçisi olduğu avtonəqliyyat vasitəsinə zərər vurulması ilə bağlı sığorta ödənişinin verilməsi işin mübahisələndirilməyən halıdır. Yəni “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsində müəyyən edilmiş sənədlər cavabdehə təqdim olunmuş zərərin qiymətləndirilməsi aparılmışdır. Sığorta ödənişinin verilməsindən imtina üçün əsaslar yoxdur. Mübahisə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, cavabdeh onun avtomobilinə dəymiş zərərin miqdarını əvvəlcə 280 manat məbləğində müəyyən etmişdir. O, razılaşmadığı üçün sonradan məktubda göstərildiyi kimi 320 manat zərər vurulduğu barədə “Baku Property" servisin arayışı təqdim edilmişdir. O, həmin arayışla razı deyildir. Ona görə ki, avtomobilin zərər dəymiş hissələrindən təkcə arxa buferin işlənmişinin qiyməti 350 manat, arxa işığın qiyməti isə 280 manatdır. Arxa işıqın üzlüyü, yəni şüşəsi ayrıca olmur. Bundan başqa bəzi xırda-para hissələr də dəyişilməlidir. Buferlə işığın ikisinin qiyməti 630 manat təşkil edir. Belə olan halda o, cavabdehin dəvət etdiyi servisin müəyyənləşdirdiyi 320 manatla razılaşa bilmə. Həm də servisin ona təqdim olunan arayışında onun adı, ünvanı, hüquqi vəziyyəti haqqında heç bir məlumat yoxdur. Halbuki onun bu məlumatları almaq hüququ vardır. Ona görə də hesab etmişdir ki, ekspertiza təyin edilməli və onun avtomobilinə dəymiş zərər qanuni yolla və ədalətli olaraq müəyyənləşdirilməlidir. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın qismən təmin olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı məxsus X5 tərəfindən idarə olunan “Mercedes Benz E220” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilə X2 tərəfindən idarə olunan “Vaz 21104” markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxadan vurması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. “Vaz 21104” markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobil şirkətdə icbari qaydada sığortalandığından İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmişdir. “Mercedes Benz E 220” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği Şirkət tərəfindən 280 manat məbləğində müəyyən edilmişdir. İddiaçı qeyd olunan zərər məbləği ilə razılaşmadığından qanunvericliyə uyğun olaraq qiymətləndirmə müstəqil ekspert tərəfindən yenidən həyata keçirilmişdir. AR Mərkəzi Bankının müvafiq reyestrindən qeydiyyatdan keçmiş müstəqil ekspert "xxxx" MMC tərəfindən “Mercedes Benz E220” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi 320 manat məbləğində müəyyən edilmişdir. Bu barədə iddiaçıya məktub ünvanlanaraq bank rekvizitlərini təqdim edəcəyi təqdirdə 320 manat məbləğində sığorta ödənişi həyata keçiriləcəyi bildirilmişdir. İddiaçı iddia edir ki, avtomobilə dəymiş zərərin miqdarı 750 manat təşkil edir. Lakin, bu məbləği təsdiq edən hər-hansı sənəd təqdim etməmişdir. Hesab etmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan və yalnız mülahizələrə əsaslandığından, həmçinin sığorta sahəsində səlahiyyətli qiymətləndirici olan müstəqil ekspert tərəfindən qiymətləndirmə aparıldığından qeyd olunan sığorta hadisəsi ilə əlaqədar iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərərin qiymətləndirilməsində "xxxx" MMC-in rəyi əsas götürülməli, 320 manat məbləğində sığorta ödənişi həyata keçirilməlidir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 545 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh nümayəndəsi X6 iddia tələbini etiraf edərək, 545 manat miqdarında zərərin iddiaçıya ödənilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E 220” markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş rəydən görünür ki, “Mercedes Benz E 220” markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ümümi ziyanın məbləği 545 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi sığorta ödənişi həyata keçirilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının tələb etdiyi 545 manat məbləğində dəymiş ziyanın əvəzinin ödənilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, məhkəmə xərcləri onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 545 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-4771/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4771/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver