Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4773/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 uşağa 235 ( iki yüz otuz beş ) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh ilə aralarında bağlanmış rəsmi nikah münasibəti məhkəmənin qərarı ilə pozulmuşdur. Birgə nikahlarından 1 övladı - xx.xx.2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, sonralar aralarında soyuqluq olmuş və nikahları pozulmuşdur. Övladı xx.xx.2010-cu il təvəllüdlü X5 onun yanında və himayəsindədir. Cavabdeh övladı ilə maraqlanmır, onunla görüşmək istəmir. Övladı azyaşlı olduğu üçün ehtiyaclarını ödəməkdə çətinlik çəkir, ona görə də aliment üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmək üçün rəsmi olaraq dəvət edilsə də, iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən 50 manat ödəniş edilmişdir. Odur ki, məhəmədən iddianın təmin edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ikinci dəfə ailə qurub, özü isə evlənməyərək uşağına baxır. Uşağa əqli gerilik diaqnozu qoyulmuşdur. Gəlirləri aşağıdır, ona görə uşağın tələbatlarını, müalicə xərclərini tam ödəyə bilmir. Cavabdehi Salamova (Rəcəbova) Aysel Münasib qızının qeydiyyatda olduğu ünvana göndərilmiş bildiriş poçt xidməti tərəfindən “sökülüb” qeydi ilə ona çatdırılmadan geri qaytarılmışdır. Faktiki yaşayış yerinə bildiriş göndərilməklə, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 280298 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasındakı nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 513928 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 adlı uşaqları var. Ana qrafasında Cavabdeh, ata qrafasında İddiaçı qeyd edilmişdir. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)2399/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı uşağın atanın yanında saxlanması tələbinə dair iddiası təmin edilmiş, 08.2010-cu il təvəllüdlü X3, atası İddiaçı yanında saxlanılması qət edilmişdir. AR Səhiyyə Nazirliyinin ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən, xx.xx.2010-cu il təvəllüdlü X4 yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən xəstəlik diaqnozu qoyulmuşdur. “Aquasport” İdman və Sağlamlıq mərkərizinin xx.xx.2024-cü il tarixli 5/2024 nömrəli arayışına əsasən, X5 2023-cü ilin iyul ayının 1-dən dekabr ayının sonuna kimi kompleksdə 3 dəfə olmaqla üzgüçülük üzrə qrup dərslərində iştirak etmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2024-cü il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiya arayışından görünür ki, mediator tərəfindən Cavabdeh ilə əlaqə saxlanılmış, cavabdeh bildirmişdir ki, “iddia tələbini qəbul etmir, uşağın saxlanması üçün aliment vermək niyyəti yoxdur. Oğlunun artıq 15 yaşı var. O, başqa şəxslə ailə qurmuşdur. Xahiş edir ki, onu bu məsələ ilə bağlı bir daha narahat etməsinlər” Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında nikah pozulmuş və birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X5 məhkəmə qətnaməsinə əsasən atası İddiaçı himayəsinə verilmişdir, uşaq faktiki olaraq atasının yanındadır. Cavabdeh uşağın saxlanmasında maddi cəhətdən iştirak etmir. İddiaçı buna görə uşağın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin ödənilməsini tələb edir. Mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşağın saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında da qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Hazırki halda məhkəmə Cavabdeh əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Bundan başqa işdən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən xəstəlik diaqnozu qoyulmuşdur, xəstəliyi ilə əlaqədar mütəmadi həkim qəbulunda olmaqla müvafiq müalicələr alır. Qeyd olunanlar, onsuz da mənəvi cəhətdən uşağın saxlanmasında iştirak etməyən ananın - Cavabdeh uşağın maddi cəhətdən saxlanılmasında iştirakını zəruri etməklə məhkəmə tərəfindən müəyyən olunmuş miqdarda alimentin ondan tutulması əsası kimi çıxış edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X7rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və belə olan halda xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçının xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün və iddianın qiyməti 2820 manat (235 man x12ay) olduğundan, cavabdehdən 48,2 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçının xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 48,2 manat (qırx səkkiz manat iyirmi qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4773/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4773/2024
14.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver