Məhkəmə qərarları › İş №2(006)-4800/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4800/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4800/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.01.2021-ci il tarixində Salyan rayonu ərazisində "xxxx" ASC sığorta şirkətində icbari sığorta növü ilə sığortalanmış "Mercedes Benz" markalı, **-CR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil, yol nəqliyyat hadisəsi törədərək X6 məxsus "Mercedes Benz C180" markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Dəymiş zərər "xxxx" MMC tərəfindən qüsur aktı tərtib olunaraq 4534 manat məbləğində qiymətləndirilmişdir. Lakin sığorta şirkəti avtomobilə dəymiş qeyd olunan ziyan məbləğini ödəməkdən imtina etmiş və öz mütəxəssisləri tərəfindən çıxarılan dəymiş ziyan məbləğini 3190 manat ödəyə biləcəklərini təklif etmişdir.Sığorta şirkətinin qiymətləndirilməsi ilə razı olmadığı üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət məzmunlu müraciət ünvanlamış. Müraciətinə cavab olaraq, tərəflər arasında razılıq əldə olunmadığı təqdirdə müstəqil ekspertizanın keçirilməsi barədə Mərkəzi Bankdan sorğu göndərilmiş, sığorta şirkətinin Departament rəhbəri İddiaçı ofisə çağırmış, qəbul eləmiş və müstəqil ekspert tərəfindən qiymətləndirmə etməyini bildirmişdir. O, "X4"-nə müraciət etmiş, 15 mart 2021-ci il tarixli qüsur aktına əsasən dəymiş ziyan məbləği 4249 manat dəyərində qiymətləndirilmişdir. Sığorta şirkətinə təqdim edilmiş, həmin məbləği də ödəməkdən imtina etmişlər və bildirmişlər ki, onların ekspert rəyi qəbul olunmur, rəy müstəqil ekspert Əhməd Talıblı tərəfindən olmalıdır.Talıblı Əhməd onunla telefon əlaqəsi saxlamış, maşına baxmaq istədiyini bildirmiş, avtomobilə birlikdə baxış keçirmişlər, avtomobilin şəkillərini çəkərək getmişdir. Bir müddət sonra sığorta şirkəti telefonla əlaqə saxlayıb ona dəymiş zərər müqabilində müstəqil ekspert Əhməd Talıblının qiymətləndirdiyi 2963 manat məbləği verəcəklərini bildirmişlər. Artıq neçə aydır ki, onun avtomobili təmirsiz vəziyyətdədir və cavabdehin etdiyi qanunsuz əməllərin nəticəsi olaraq o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hadisə baş verən tarixindən avtomobil tamamilə yarasız vəziyyətdə olduğu üçün o, "xxxx" MMC-yə müraciət edərək günlük icarəyə avtomobil almışdır. Özü 3-cü qrup əlildir, sağ ayağı dizdən aşağı amputasiya olunub. Maşınsız hərəkət etməkdə çətinlik çəkir və çörəkpulu maşından çıxır, rayonda taksi fəaliyyəti ilə məşğuldur. Göstərilənlərə əsasən "xxxx" ASC-dən X6 məxsus "Mercedes Benz C180" markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4534 manatın, qiymətləndirmə üçün ödənilmiş 83 manatın (servis rəyi), 200 manatın (ekspert rəyi), 100 manatın (avtomobili evakuator vasitəsilə Bakı şəhərinə gətirmək) və 4435 manat (rentcar-dan götürdüyü avtomobilə görə ödədiyi məbləğ) məbləğin, ümumilikdə 9352 manat pulun ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 tərəfindən iddia tələbinə etiraz edərək bildirmişdir ki, onlar iddiaçı tərəfə sığorta hadisəsi baş verdikdən sonra müəyyən məbləğ təklif etmişlər və təmiri öhdələrinə götürmüşlər, lakin iddiaçı onların təklif etdiyi məbləğlə razılaşmamışdır. Bu səbəbdən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə Şirvan RQİ və TBŞ tərəfindən verilmiş 08.02.2018-ci il tarixli AD seriyalı 057717 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, **-UL-*** qeydiyyat nişanlı, "Mercedes Benz C180" minik markalı nəqliyyat vasitəsi X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi tərəfindən İddiaçı verilmiş 14 yanvar 2021-ci il tarixli arayışından görünür ki, 14.01.2021-ci il tarixində, 14:00 radələrində Salyan şəhəri, H.Əliyev küçəsi ilə Ə.Hüseynov küçəsi kəsişməsində yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C180 minik” markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobilin qabaq kapot, qabaq bufer, qabaq hər iki qanad, qabaq hər iki faralar və işıq sistemi zədələnmişdir. Yol nəqliyyat hadisəsinin digər iştirakçısı X7. İş materiallarında olan "xxxx" MMC-nin 03 mart 2021-ci il tarixli, 12 nömrəli arayışdan görünür ki, İddiaçı məxsus "Mercedes Benz C180" minik markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobilə nöqsan aktına əsasən 4534 manat məbləğində ziyan dəymişdir. (işçilərin zəhmət haqqı: 1910 manat, ehtiyat hissələri: 2624 manat). İş materiallarında olan 03 mart 2021-ci il tarixli, 12 nömrəli nöqsan aktından görünür ki, "Mercedes Benz C180" minik markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobilə 4534 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan X1 15 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən 03.03.2021-ci il tarixli, 12 saylı nöqsan aktı məlumatlarına əsasən, nəzəri hesablama yolu ilə, 1995-ci il buraxışlı, **-UL-*** dövlət qeydiyyat nişanlı, "Mercedes Benz C180 minik” markalı mühərrik həcmi 1800 sm3 olan avtomobilin təmir-bərpa xərci, yəni avtomobilin zədələnməsindən dəymiş maddi ziyanın məbləği təxminən 4249 manat müəyyən edilmişdir. İş materiallarında olan 23.03.2021-ci il tarixli müstəqil sığorta eksperti Talıblı Əhməd tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, "Mercedes Benz C180 minik " markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın məbləği 2963 manat müəyyən edilmişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli, 9/6423 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş ziyan aktı məlumatlarına əsasən 1995ci il buraxılışlı, mühərrik tutumu 1800 sm3 "Mercedes Benz C180 minik” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4235 manat müəyyən edilmişdir. (dəyişilməli hissələrin qiyməti – 2460 manat, təmir-bərpa işlərinin qiyməti – 1775 manat). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 14.01.2021-ci il tarixində yolnəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz C180 minik” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi ziyan dəymişdir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli, 9/6423 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1995-ci il buraxılışlı "Mercedes Benz C180 minik” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4235 manat təşkil etmişdir. Hazırda iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, yol nəqliyyat hadisəsi vaxtı İddiaçı "Mercedes Benz C180" markalı, **-UL-*** dövlət nömrə nişanlı avtomobili etibarnaməsiz idarə etmişdir. İddiaçının etibarnaməsi olmasa da, o, avtomobili mülkiyyətçinin iradəsinə zidd idarə etməmiş və bunun əskini sübuta yetirən isə heç bir məlumat daxil olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il tarixli 4 nömrəli bülletendən görünür ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. …Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir (İXM-nin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (MM-nin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də, şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üsüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti 23 Ali Məhkəmənin bülleteni 2020 iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur və ümumiyyətlə “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. … Nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Məhkəmə qeyd edir ki, 14.01.2021-ci il tarixində yol nəqliyyat hadisəsi baş verərkən İddiaçı "Mercedes Benz C180", **-UL-*** dövlət qeydiyyat nömrəsi avtomobilin mülkiyyətçisi X5 razılığı və iradəsinə uyğun olaraq istifadə etmişdir ki, bununda əksinə dair mülkiyyətçinin etirazı olmamışdır. Odur ki, hazırkı mülki iş üzrə iddiaçı iddia verməkdə subyektiv hüquqa malik olmuşdur. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Qeyd olunan Məcəllənin 934-cü maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Halbuki işin halları sığortaçının iddiaçıya sığorta ödənişi təklif etdiyini, iddiaçının isə həmin məbləğlə razı olmaması səbəbindən bu məbləğin ödənilmədiyinə dəlalət edir. Başqa sözlə, burada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933-cü maddəsində göstərilən sığortaçının sığorta ödənişini qəsdən gecikdirməsi halı mövcud deyil. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini iddiaçıya ödəməlidir. Məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, vurulmuş zərərin müəyyənləşdirilmiş 4235 manat məbləği əsas kimi tutularaq həmin məbləğ sığorta şirkətindən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin avtomobilin qiymətləndirilməsi üçün ödənilmiş 83 manat və 200 manat, avtomobilin evakuator vasitəsilə Bakı şəhərinə gətirilməsi üçün ödənilmiş 100 manat və ödənilmiş kirayə götürülməsi ilə bağlı 4435 manatın tutulması hissəsi üzrə qeyd edir ki, həmin əlavə xərclərin çəkilməsi iddiaçının şəxsi təşəbbüsü olmuş və bu xərclər cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranmamışdır. Çünki sığorta məbləğini sığorta şirkəti verməkdən yayınmamış sadəcə verilə biləcək məbləği təklif etmişdir. Odur ki, iddia tələbi bu hissələrdə əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X6 məxsus olan 1995-ci il buraxılışlı "Mercedes Benz C180 minik” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 4235 manat sığorta ödənişi cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat "xxxx" ASC-dən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X6 məxsus olan 1995-ci il buraxılışlı "Mercedes Benz C180 minik” markalı, **-UL- *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 4235 (dörd min iki yüz otuz beş) manat sığorta ödənişi cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat "xxxx" ASC-dən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar