Məhkəmə qərarları › İş №2(006)-4816/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4816/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4816/2021 06.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “borcun olmaması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh ASC-nin X2 Fondu tərəfindən adının MKR-dən çıxarılması və buraxılış ili 1998-ci il olan “Opel Vectra” markalı, **-NC-*** D.Q.N-lı avtomobilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Cavabdeh ASC-nin X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 29.12.2012ci il tarixli, 553 saylı kredit müqaviləsi üzrə 3146,34 manat əsas borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 735,24 manat faiz borcu olmaqla, cəmi 3881,58 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın buraxılış ili 1998-ci il olan “Opel Vectra” markalı, **-NC-*** D.Q.N-lı avtomobilə yönəldilərək açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun tərəfindən Xətai rayon məhkəməsinə təqdim edilən sübutları mövcud hüquqi vəziyyəti məhkəmə ətraflı aradıraraq iddiaçının iddia tələbi təmin edilməmişdir. Həmçinin iddiaçı tərəfindən Apellyasiya Məhkəməsinə müraciət olunsa da iddia tələbi təmin olunmamışdır. Qeyd etmək istəyir ki, onun tərəfindən məhkəməyə təqdim olunan qəbzlərdən göründüyü kimi o, kredit borcunu ödəmişdir. Lakin məhkəmə qətnamələrindən göründüyü kimi iddiaçı tərəfindən iddia müddətinin çatması ilə əlaqədar iddiaları təmin edilməmişdir. Belə ki Cavabdeh ASC ilə onun arasında bağlanır. 29.12.2012-ci il tarixli 553 saylı kredit müqaviləsinin icra müddəti 29.06.2014-cü il tarixə qədər müəyyən olunmuşdur. Belə olan halda 3 illik müddətin axımı 29.06.2014-cü il tarixdən başlanmış, 07.09.2016-cı il tarixdə iddia müddətinin axımı kəsilmiş, həmin tarixdə iddia müddətinin yeni axımı başlayaraq 07.09.2019-cu il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra yəni 17.09.2019-cu il tarixdə verilmişdir. Məhkəmə işi başa çatanadək onun verdiyi ərizə əsasında məhkəmə bu qənaətə gəlmişdir. Onun Cavabdeh ASC ilə ilişkisi qalmadığına baxmayaraq ipoteka predmeti olmuş avtomobil üzərindən yüklülüyün götürülməsi və adının MKR-dən çıxarılması tələbinə məhəl qoyulmur. Bunları etmələri üçün bank tərəfindən, yəni ləğv prosesində olan Cavabdeh ASC-nin X2 Fondu tərəfindən ona məhkəməyə iddia ərizəsi ilə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, onun LPO Cavabdeh ASC-yə 29.12.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsini və “Opel Vectra” markalı, **- NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin girovdan azad edilməsi vəzifəsinin LPO Cavabdeh ASC-yə həvalə edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, icraatda olan 2(006)-4816/2021 saylı iş üzrə 06.08.2021-ci il tarixə təyin edilən məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini xahiş edirlər. İddiaçı iddia tələbini qəbul etmirlər və iddia ərizəsi üzrə etirazda qeyd əsaslara əsasən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli 2(011)-359/2020 saylı qətnaməsinə əsasən iddia müddətinin keçməsi əsası ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin X2 Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5543/2020 saylı, 13.08.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı LPO "Zaminbank” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə 11 fevral 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. "xxxx" MMC-dən 04.08.2021-ci il tarixli, SF-3256 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO Cavabdeh ASC-yə 29.12.2012-ci il tarixli kredit müqaviləsinə əsasən kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 3164,34 AZN, faiz məbləği üzrə 0,00 AZN məbləğində borcu vardır. Beləliklə araşdırılmış iş materiallarından göründüyü ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli 2(011)-359/2020 saylı qətnaməsinə əsasən ləğv prosesində olan Cavabdeh ASC-nin İddiaçı qarşı kredit məbləğinin və ona hesablanmış faiz borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası iddia müddətinin keçməsi səbəbi ilə rədd edilmişdir. Qeyd edilən məhkəmə aktı qanuni qüvvəsini almışdır. Borcun qaytarılmasını tələb etmək qeyri-mümkün olmasına buna baxmayaraq cavabdeh tərəfindən "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumat verilməmiş, "xxxx" MMC tərəfindən iddiaçının adına tərtib edilmiş 04.08.2021-ci il tarixli, SF-3256 saylı çıxarışa əsasən İddiaçı LPO Cavabdeh ASC-yə 29.12.2012-ci il tarixli kredit müqaviləsi üzrə, hazırki iş üzrə cavabdehin hazırki iş üzrə iddiaçıya qarşı, kreditin qalıq məbləği üzrə 3164,34 AZN, faiz məbləği üzrə 0,00 AZN məbləğində borclu olduğu müəyyən edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, tərəflər kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Cavabdeh tərəf kredit müqaviləsi üzrə iddiaçının banka borclu olmasına baxmayaraq kredit məbləğinin qaytarılması üçün mülki prosessual qanunvericiliyə uyğun olaraq vaxtında müvafiq hərəkətləri yerinə yetirmədiyindən iddia müddətini ötürmüşdür. Lakin cavabdeh müvafiq məlumatı "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməmiş, halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar tərəfindən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında Büroya məlumat verməlidir. Beləliklə bank "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuşdur. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, məlumat təchizatçısı olan LPO Cavabdeh ASC "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Bu Məcəllənin 294.1.1-ci maddəsinə əsasən girova girovla təmin edilmiş öhdəliyə xitam verildikdə xitam verilir. Beləliklə sadalanan maddələrin məzmunundan göründüyü kimi, ipoteka hüququnun xitamına səbəb olan fakt kimi ipoteka ilə təmin edilən öhdəliyin xitam edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, mübahisə predmeti olan avtomobilin əldə edilməsi ilə bağlı İddiaçı Bank qarşısında xitam verilməmiş öhdəliyi mövcud deyildir. Məhkəmə “Opel Vectra” markalı, **-NC-*** dövlət nişanlı avtomobilə dair ödənilməmiş öhdəliyin olmamasını nəzərə alaraq hesab edir ki, həmin öhdəliyin təminatı kimi əmlakın üzərinə qoyulmuş yüklülüyün qalması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, LPO Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 29.12.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi və “Opel Vectra” markalı, **-NC-*** dövlət nişanlı avtomobilin ipoteka yüklülüyündən azad edilməsi vəzifəsi LPO Cavabdeh ASC-yə həvalə edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı LPO Cavabdeh ASC-yə 29.12.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi və “Opel Vectra” markalı, **-NC-*** dövlət nişanlı avtomobilin ipoteka yüklülüyündən azad edilməsi vəzifəsi LPO Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar