Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4822/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat ofisinə (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat ofisinə (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən verilmiş 01.10.2020-ci il tarixli 8İ/12941 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 14 saylı Notariat ofisinin 01.10.2020-ci il tarixli 8İ/12941 saylı icra qeydinə əsasən ondan 19.000 manat borc və 20 manat rüsum olmaqla, cəmi 19.020 manatın tələbkar X1 xeyrinə tutulması müəyyən edilmişdir. Hazırda bildirmək istəyir ki, icra qeydi düzgün aparılmamışdır, qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, onun icra qeydinin aparılmasından xəbəri olmamışdır, ona qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada bildiriş göndərilməmişdir. Yalnız Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən barəsində məcburi icra tədbirləri görüləndən sonra həmin icra qeydindən xəbəri olmuşdur. Həmçinin qeyd etmək istəyir ki, X5 ilə aralarında borc 22.000 manat məbləğində olmuşdur. Sonradan o, borcdan 3.750 manat qaytarmışdır, 18.250 manat borc qalmışdır. Beləliklə, icra qeydi aparılarkən borc düzgün hesablanmamış, ondan tutulmalı olan məbləğ artıq göstərilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə istinad edən iddiaçı iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan teleqramı nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi X6 məhkəmə iclasında onlar tərəfindən Sabunçu Rayon Məhkəməsində iddia qaldırıldığını və iddia tələblərinin qismən təmin edildiyini qeyd edərək qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi, Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən verilmiş 01.10.2020-ci il tarixli 8İ/12941 saylı icra qeydi «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə riayət olunmadan verilmiş, pretenziya qaydasında həll ilə bağlı qanun normasına riayət edilməmiş, bildiriş icra qeydi verilməmişdən ən azı 20 gün öncə iddiaçıya rəsmi şəkildə təqdim edilməmişdir. Bundan başqa, iş materiallarına əlavə olunmuş sənədlərdən (icra qeydində tutulmalı olması qeyd edilən məbləğdən, eyni tərəflər arasında eyni predmet barəsində mübahisə üzrə çıxarılmış məhkəmə qətnaməsindən və s.) göründüyü kimi, icra vərəqəsi mübahisəli məbləğə görə verilmişdir. Halbuki, yuxarıda qeyd olunan Qanunun 76-cı maddəsinin tələbinə görə, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkarın ərizəsinə əsasən Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən 01.10.2020-ci il tarixdə 8İ/12941 saylı icra qeydi veriləndən sonra, tələbkar mübahisəli borc məbləği ilə bağlı həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mülki işə mahiyyəti üzrə Sabunçu Rayon Məhkəməsində baxılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2(008)-4089/2021 saylı qətnaməsinə əsasən X1 İddiaçı qarşı «borc» tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı 11.176 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan manat məzənnəsi ilə və 30 manat dövlət rüsumunun tutularaq X4 ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd edilənlərdən başqa, eyni borc məbləğinə görə icra edilməli olan iki icra sənədi mövcuddur ki, bu, qanunvericiliyin tələblərinə zidd olmaqla, iddiaçının hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki, borclu eyni borc məbləğini iki dəfə ödəməli deyil, borclunun üzərinə borcundan artıq vəsaiti ödəməsi öhdəliyinin qoyulması yolverilməzdir. İddiaçı məhz bu səbəbdən məhkəməyə müraciət edərək, icra qeydini mübahisələndirmişdir və göründüyü kimi, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı X1 xeyrinə pul vəsaitinin tutulması barədə Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 01.10.2020-ci il tarixli 8İ/12941 saylı icra qeydi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X1 xeyrinə pul vəsaitinin tutulması barədə Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 01.10.2020-ci il tarixli 8İ/12941 saylı icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4822/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4822/2021
13.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver