Məhkəmə qərarları › İş №2(006)-484/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-484/2022

15.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-484/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı1, Cavabdeh1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 13 saylı dövlət notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1, X8 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 115 saylı evə dair Bakı şəhər 13 saylı notariat ofisində bağlanmış 04.06.2018-ci il tarixli alqı-satqı müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 23.09.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** saylı çıxarışın ləğv edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 115 saylı ev onların paylı mülkiyyətindədir. Həmin evin paylı 1/6 hissədə mülkiyyəçisi olmuş cavavdeh Cavabdeh2 onlardan xəbərsiz ona aid həmin pay hissəsini Bakı şəhər Nəsimi rayonu 13 saylı Notariat kontorunda bağlanan 04.06.2018-ci il tarixli alqı-satqı müaviləsinə əsasən Cavabdeh1 satmışdır. Onlar arasında bağlanmış bu müqavilə barəsində onlar İddiaçı2 01.04.2021-ci il tarixdə həmin evə dair öz adına yeni çıxarış alarkən xəbər tutmuşlar. Belə ki, həmin çıxarışda artıq Cavabdeh1 paylı mülkiyyətçi kimi adı qeyd edilmişdir. Bu barədə xəbər tutduqdan sonra onlar Ədliyyə Nazirliyinin notariat idarəsinə müraciət edərək cavabdehlər arasında alqı-satqı müaviləsinin Bakı şəhər 13 sayı notariat ofisində bağlandığı barədə məlumat əldə etmişlər. Belə ki, həmin müraciətlərə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəisi Mehman Soltanovun 14.09.2021-ci il tarixli məktubunda cavabdehlər arasında müqavilənin 04.06.2018-ci il tarixdə, Bakı şəhər 13 saylı notariat kontorunda bağlanıldığı qeyd edilmişdir. Belə ki, Cavabdeh2 bizə payını satması barədə heç bir bildiriş göndərməmiş, öz növbəsində cavabdehlər arasıdna alqı-satqı müqaviləsini bağlayan maralqı şəxs Bakı şəhər 13 saylı notariat ofisi də qanunun yuxarıda qeyd etdikləri tələblərini pozaraq onlar payçılara Atlasın payını almaq barədə heç bir təklif bildirişi göndərməmişlər. Bu qanunusuz hərəkət isə bir payçı kimi onların qanuni maraqları kobud şəkildə pozmuşdur. Onlar Cavabdeh2 mübahisəli evdə olan payını almaqda maraqlı olmuşlar. Lakin, o, onlara xəbər vermədən evini başqa şəxsə satmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, iddianı qəbul etmir. İddia tələbi tam qanunsuz, cəfəngiyyat xarakterli, əsassız və ədalətsiz tələbdir. Belə ki, 04.06.2018-ci il tarixində 13 saylı notariat kontorunda alqı-satqı müqaviləsi imzlanmazdan əvvəl hər 3 iddiaçıya dövlət notariusu X5 tərəfindən rəsmi məlumatlandırma məktubları gönədərilərək, həmin fərdi evdə payın alınmasi ucun ilk olaraq və üstünlük hüququ əsasında onlara təklif olunmuşdur. Onlar bu təklifdən məlumatlı olmuşlar, hətta X8 şəxsən notariat ofisinə gəlmişdi, notarius Kəmalə xanim ona izah etmişdir ki, Cavabdeh2 1/8 hissədən özünə məxsus 1/3 hissə satilir, onun almaq hüququ vardir, İlkin Əliyev bu təklifdən imtina etmişdir. İddiaçı1 isə, Novruz Bayramında İ.Əbilov 115 ünvanında təsadüfən onunla rastlaşanda, ona məxsus 2-ci mərtəbədə tikilən evin kimə satıldığı və hansı qiymətə satıldığı ilə maraqlanmışdır. O da ona öz adına alqı-satqı yolu ilə 13 saylı notariat kontorunda rəsmiləşdirildiyini bildirmişdir. Həmçinin qardaşı İddiaçı2 da may ayının təxminən iyirmisində, o atalarından miras qalan evi təmir etdirərkən, ondan gülümsəyərək soruşmuşdu ki, ikinci mərtəbəni yenidən başqasına satmışsan, o isə cavab olaraq bildirmişdir ki, öz adına alqı-satqı yolu ilə qaytarır. Bu iddiaçıların üçünün də, vaxtında məlumatları olmuşdur. Yalnız bunlardan xeyli sonra, 04.06.2018-ci ildə, dövlət notariusu alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir. O həmin fərdi evi qardaşı Ələsgər Həsənovun adından Cavabdeh2 satmış, lakin o razılaşdıqları pulu gələcəkdə ödəyə bilmədiyinə görə evi ona geri alqı-satqı yolu ilə qaytarmışdır. Həmçinin, İddiaçı2 həmin vaxt şəxsən alqı-satqı prosesində iştriak etmişdir. Cavabdeh2 ilə, alqı-satqı müqaviləsini rəsmiləşdirməsinə baxmayaraq, aralarında yazılı müqaviləyə əsasən pul tam olaraq ödənildikdən sonra fərdi evin 2-ci mərtəbəsi sənədləşib Cavabdeh2 adına keçməli idi. Lakin 5 aydan sonra o, bildirdi ki, razılaşdıqları pul məbləğini ödəyə bilmir, ona görə də evi özünə alqı-satqı yolu ilə qaytarmışdır. Həmin fərdi evdə olan 1/8 hissədən 1/3 hissə hal-hazırda da və əvvəlcədən də onun vəsaiti hesabına tikilərək ona məxsus olduğu üçün hansı alqı-satqı müqaviləsinin ləğvindən söhbət gedə bilər? Beləliklə də bu iddia tələbi ilə onu şantaj edərək, pul və əmlak tələb etmək, məhkəmənin vaxtını almaq üçün irəli sürülmüş cəfəngiyyat xarakterli iddiadır, ona görə də iddia tələbi əsassızdır və qanunsuz olduğu üçün, məhkəmə tərəfindən rədd edilməlidir. Həmçinin iddia iddia müddətinin keçməsi səbəbilə rədd edilməlidir. İddiaçılar X6 və İddiaçı2, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 13 saylı dövlət notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 115 saylı evin paylı mülkiyyət hüququ üzrə ¼ hissəsi X9 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 30.09.2009cu il tarixdə, ¼ hissəsi X11 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 16.05.2009-cu il tarixdə, 3/8 hissədən 10,0 kv.m İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 14.09.2016-cı il tarixdə, 3/8 hissədən 41,0 kv.m X7 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 16.12.2016-cı il tarixdə, 1/8 hissəsindən 1/3 hissəsi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 09.09.2017-ci il tarixdə, 1/8 hissəsindən 1/3 hissəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində ********* nömrə ilə 06.09.2017-ci il tarixdə və 1/8 hissəsindən 1/3 hissəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 30.11.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Həsənov X4 Atlas Ənvər qızı arasında Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda bağlanmış, 4Ə-266 saylı reyestrlə qeydiyyata alınmış ünvan 1 saylı evə dair 04.06.2018-ci il tarixdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə dair notariat işindəki sənədlərdən görünür ki, - 04.07.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 136,4 kv/m olan fərdi yaşayış evinin 1/8 hissəsindən paylı mülkiyyət üzrə ona məxsus olan 1/3 hissəsini alıcı Cavabdeh1 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 16.000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. - Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən X17, X14 və İddiaçı1 oğluna ünvanlanmış məktubun surətindən görünür ki, X2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus 1/3 hissəsini satmaq istədiyini və onların həmin hissəni satın almaqda üstünlük hüququna malik olması bildirmişdir. Evin sənədlərindən göstərilən evdə onların X2 qonşuları olduqları görünür. Həmin üstünlük hüququndan istifadə edib qeyd edilən mənzili almaq istədikləri təqdirdə Bakı şəhəri 13 saylı Dövlət notariat kontoruna 45 gün müddətində məlumat vermələri, əks halda evin başqa şəxsə satılacağı barədə bildirilmişdir. - X10 tərəfindən notariat ofisinə ünvanlanmış 09.02.2018-ci il tarixli ərizəyə əsasən, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qonşusu Cavabdeh2 məxsus olan hissəsin satılması ona məlumdur və həmin hissəni almaq niyyəti yoxdur. Həmin hissəni almaqda üstünlük hüququndan imtina edir və onun istənilən şəxsə istənilən qiymətə satılmasına etiraz etmədiyini bildirmişdir. - Bakı şəhəri 13 saylı notariat ofisi tərəfindən Əliyev ilkin Dağabəyli və İddiaçı2 ünvanlanmış məktubun surətindən görünür ki, X2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus 1/3 hissəsini satmaq istədiyini və onların həmin hissəni satın almaqda üstünlük hüququna malik olması bildirmişdir. Evin sənədlərindən göstərilən evdə onların X2 qonşuları olduqları görünür. Həmin üstünlük hüququndan istifadə edib qeyd edilən mənzili almaq istədikləri təqdirdə Bakı şəhəri 13 saylı Dövlət notariat kontoruna 45 gün müddətində məlumat vermələri, əks halda evin başqa şəxsə satılacağı barədə bildirilmişdir. - 01.06.2018-ci il tarixli mədaxil orderindən görünür ki, X2 alqı-satqı müqaviləsinə əsasən AZ37MUGA**********00093AZM64 hesabına 16.000 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 paylı mülkiyyət hüququ üzrə ¼ hissədə X9 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 30.09.2009-cu il tarixdə, ¼ hissədə X11 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 16.05.2009-cu il tarixdə, 3/8 hissədən 10,0 kv.m İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 14.09.2016-cı il tarixdə, 3/8 hissədən 41,0 kv.m X7 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 16.12.2016-cı il tarixdə, 1/8 hissədən 1/3 hissə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 09.09.2017-ci il tarixdə, 1/8 hissədən 1/3 hissə (5,69 kv.m) X3 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 21.02.2018-ci il tarixdə və 1/8 hissədən 1/3 hissə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə 23.09.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddiada iddiaçıların istinad etdikləri qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.6, 218-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-215.6-cı maddələrinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Bu Məcəllənin 218.1-ci maddəsinin tələblərinə görə ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Mülki Məcəllənin 218.3-cü maddəsinin tələblərinə görə pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. İddia ərizəsindən göründüyü kimi iddiaçılar İddiaçı1, X8 və İddiaçı2 məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi, 115 saylı fərdi yaşayış evinin özünə məxsus 1/3 hissəsinə dair Bakı şəhəri 13 saylı notariat ofisində bağlanmış 04.06.2018-ci il tarixli alqı-satqı müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 23.09.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** saylı olan çıxarışın ləğv edilməsini xahiş edirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 04.07.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən 115 saylı fərdi yaşayış evinin özünə məxsus hissəsini 16.000 manata Cavabdeh1 satmışdır. Cavabdeh1 paylı mülkiyyətin mülkiyyətçilərindən olmadığı üçün Bakı şəhəri 13 saylı dövlət notariat ofisinin notariusu tərəfindən alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl Cavabdeh2 öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş göndərilmiş, onlara 45 gün müddətində cavab verilmədiyi təqdirdə payın digər şəxsə satılacağı barədə məlumat verilmişdir. Lakin iddiaçılar qeyd olunan müddətdə mübahisə predmeti olan payı almamışlar. Beləliklə qeyd edilənlərə əsasən Cavabdeh2 tərəfindən yaşayış sahəsindəki payı özgəninkiləşdirilən zaman paylı mülkiyyətdə olan əmlaka sərəncam verilməsinə dair maddi hüquq normalarının tələblərinə riayət edildiyi müəyyən edilmişdir. İddiaçılar iddia ərizəsində bildirişin ünvanlarına çatdırılmadığına istinad etsələr də, tələblərini əsaslandıran bu hal Bakı şəhəri 13 saylı dövlət notariat ofisində 04.06.2018-ci il tarixli alqısatqı müqaviləsinə dair tərtib edilmiş notariat işində bildirişlərin paylı mülkiyyətin qalan mülkiyyətçilərinin faktiki ünvanlarına göndərilməsini təsdiq edən poçt göndərişi qəbzlərinin mövcudluğu ilə təkzib edilmişdir. Məhkəmə vurğulayır ki, iddiaçıların iddia ərizəsində göstərilənlərin həqiqətə uyğun olduğu, yəni Cavabdeh2 öz payını satmaq barədə digər ümumi mülkiyyətçiləri lazımi qaydada xəbərdar etmədən alqı-satqı müqaviləsini kənar şəxslə bağladığı halı müəyyən edildiyi təqdirdə belə yenə də hazırki iddianın rədd edilməsi qənaətinə gəlinməli idi. Belə ki, Mülki Məcəllənin 218.3-cü maddəsinin tələblərinə görə pay üstün alıcılıq hüququnun pozulması ilə satıldıqda ümumi mülkiyyətçilərdən hər hansı biri alıcının hüquq və vəzifələrinin ona keçirilməsini üç ay ərzində məhkəmə qaydasında tələb edə bilər. İddia ərizəsindən göründüyü kimi isə iddiaçılar Mülki Məcəllənin qeyd edilən maddəsinə istinad edərək məhkəmədən müqavilənin onlardan biri ilə bağlanmasını deyil, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 04.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və bu müqaviləyə əsasən verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, ümumiyyətlə payın alınması istiqamətində hər hansı təklif irəli sürmək niyyətlərinin olmasını məhkəmədə şifahi və ya yazılı qaydada nümayiş etdirməmişlər. Bundan başqa qeyd edilməlidir ki, payı almaqda pozulmuş üstünlük hüququnun bərpası qanunvericilikdə üç aylıq müddətlə məhdudlaşdırılmışdır. Həmin müddətin ötürülməsi məsələsini həll etmək üçün məhkəmə ilk öncə sözügedən hüquq pozuntusunun iddiaçılara məlum olduğu günü müəyyən etməlidir. İddia ərizəsindən göründüyü kimi iddiaçılar mübahisə predmeti olan payın satılmış olduğu barədə 01.04.2021-ci il tarixdə məlumatlı olmuşlar. Qeyd edilənləri və iddiaçıların məhkəməyə müraciət tarixini (07.10.2021-ci il) nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş üç aylıq kəsici müddəti ötürmüşlər. Məhkəmə həmçinin Cavabdeh1 tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda sadalanan mülki qanunvericiliyin normalarından və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddiadan imtina barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Məhkəmə iddiaçıların baş vermiş hadisə üzrə xüsusi qərardadın çıxarılması tələbləri ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə isə iddia tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia “alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsində rədd edilməlidir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 13 saylı dövlət notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar