Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4856/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X6, X9, Abbasova Hicran Qədim qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (X7, X6, X9, Abbasova Hicran Qədim qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİ qrup əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişini cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı 19.11.1991-ci il tarixdən 01.03.1992-ci il tarixədək N saylı (708 saylı) hərbi hissədə hərbi xidmət keçmişdir. 1992-ci ilin fevral ayında döyüş vaxtı yaralanmışdır. Hərbi xidmət dövrü aldığı yaralanma ilə əlaqədar 1993-cü il tarixdə ona İİ qrup əlillik təyin edilmişdir. Əlilliyin səbəbi “Hərbi travmadır, AR-nın müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilmişdir. Lakin bü günə qədər o, 2-ci qrup əlillər üçün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. 6600 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi xahişi ilə o, 01.04.2021-ci il tarixdə AR Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Müraciətinə 22.04.2021-ci il tarixli, 07-07-285 saylı məktubla formal imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X7, X6, X9, Abbasova Hicran Qədim qızı ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsinə, yəni X3 2-ci qrup əlil olması ilə bağlı nəzərdə tutulmuş 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin İddiaçı xeyrinə ödənilməsinə etiraz etmirlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 09.09.2020-ci il tarixli, 789/69 saylı arayışdan görünür ki, X5 ilə İddiaçı nikahı haqqında 09.09.2020-ci il tarixdə, 01 nömrəli bərpa akt qeydi tərtib edilmişdir.Adı çəkilən şəxslərin bərpa edilmiş nikahı 11.04.1969-cu ildə AR-nın Xocalı rayonunda qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 5 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE-01 seriyalı, 315280 nömrəli arayışdan görünür ki, X4 müddətsiz İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmasıdır. Əlilliyin verilməsi üçün əsas 408 nömrəli, 11.02.2014-cü il tarixli müayinə aktıdır. Xocalı RHK tərəfindən 23.02.2007-ci il tarixdə verilmiş 073241 saylı vəsiqədən görünür ki, X5 müharibə veteranıdır. Suraxanı rayon ƏSMM tərəfindən verilmiş 25.09.2008-ci il tarixli, 070281 saylı vəsiqədən görünür ki, X5 İİ qrup əlildir. Əlillik AR-nın müdafiəsi zamanı alınmışdır. SQ-in Məhkəmə tibbi ekspertiza mərkəzinin 658 saylı 17.03.2010-cu il tarixli aktından görünür ki, Q.M.Abbasovun məhkəmə tibbi müayinəsi zamanı sağ diz oynağında, sağ baldırın orta 1/3-də çapıq toxumalar aşkar edilmişdir. Qeyd edilən çapıq toxumaların saxlanmış xüsusiyyətlərinə əsasən onlar qəlpə yaralanmalarının sağalmış izləridir. Göstərilən çapıqların müddəti 3 ildən yuxarıdır, dəqiq vaxtı barədə tibbi sənəd olmadığından qəti fikir söyləmək mümkün deyildir, lakin həmin xəsarətin onun göstərdiyi vaxtda və şəraitdə mərmi partlaması nəticəsində də əmələ gəlməsi inkar olunmur. Qeyd edilən çapıq toxumalardan başqa onun qarnının ön səthində aparılmış cərrahi əməliyyat yarasının sağalmış izi olan çapıq toxuma da aşkar edilmişdir. Həmin cərrahi əməliyyat yarası ilə əlaqədar hər hansı bir sənəd olmadığından onun da barəsində fikir söyləmək mümkün deyildir, lakin sözlərinə görə qarın nahiyəsində omuş qəlpə yaralarından sonra aparılmış cərrahi əməliyyat yarasının sağalmış izi olması da mümkündür. Xocalı RHK tərəfindən MN-nin Məhkəmə tibbi ekspertiza mərkəzinə ünvanlanmış 26.04.2011-ci il tarixli məktubdan görünür ki, 1942-ci il təvəllüdlü, Xocalı rayon sakini X5 1989-ci ildən 26.02.1992-ci ilədək Xocalı könüllü özünü müdafiə dəstəsində iştirak etmiş və yaralanmışdır. Diaqnoz: Sol qıçın qrığı və böyrək çatışmamazlığı. Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının 23.05.2013-cü il tarixli arayışdan görünür ki, 1942-ci il təvəllüdlü X5 Azərbaycan Respublikası Xocalı şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı zamanı - 26 fevral 1992-ci il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş və 12 aprel 1992-ci il tarixdə azad edilmiş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2013-cü il tarixli qərarı ilə X3 19 noyabr 1991-ci il tarixdən 26 fevral 1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində hərbi xidmət keçməsi haqqında xidmət arayışın verilməsi vəzifəsinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı şəhər bölməsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 12.12.2013-cü il tarixli, 739 nömrəli qərarının surətindən görünür ki, Xocalı RHK tərəfindən Tərtər hərbi prokurorun 20.11.2013-cü il tarixli məktubuna əsasən cinayət işi aşkarlanmamış, vətəndaş X3 döyüş zonasında hərbi xidmət keçərkən 26.02.1992-ci ildə aldığı və 17.03.2010-cu ildə SQ-in MTEPA mərkəzində məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri – diaqnoz: “Qəlpə yaralanmalarından sonra sağ diz oynağında, sağ baldırın orta 1/3-dəçapıq toxumaları”. “Hərbi Travmadır, Azərbaycän Respublikasının müdafiəsi zamanı alınmışdır”. 4 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.12.2019cu il tarixli, AZ-İİ 058494 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20.12.2019-cu il tarixdə 2517 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 22.04.2021-ci il tarixli cavabından görünür ki, İ Qarabağ müharibəsi dövründə əlillik dərəcəsi almış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin operativ qaydada təmin edilməsi və bu istiqamətdə işlərin effektiv və səmərəli təşkili məqsədilə işçi Qrup yaradılmışdır. İşçi Qrupu əlaqədar dövlət qurumları ilə birgə əlillik dərəcəsi almış hərbi qulluqçulara sığorta ödənişlərinin ödənilməsi məqsədilə mütəşəkkil qaydada iş aparılır. Buna görə də birdəfəlik sığorta ödənişinin verilməsinə dair müvafiq Qərar qəbul edildikdən sonra onun tələbi təmin olunacaqdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X5 26 fevral 1992-ci il tarixdə erməni-rus hərbi birləşmələrinin Xocalı şəhərinə hücumları zaman ermənilər tərəfindən əsir götürülərək əlli günə qədər əsirlikdə olmuş, Xocalı şəhər Məhkəməsinin 11.01.2011-ci il tarixli qətnaməsi ilə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və 26.02.1992-ci il tarixdə Xocalı şəhərində hərbçi kimi yaralanması faktı təsdiq edilmişdir. X1 həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman yaralanması halı işin mübahisələndirilməyən halıdır. Hazırkı iş üzrə İddiaçı əri X5 hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. X2 ikən həqiqi hərbi xidmətdə olduğu zaman xəsarət alması ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş lakin qanunvericilikdə nəzərdə tutulmayan səbəblərdən ona sığorta ödənişinin verilməsindən Şirkət tərəfindən imtina edilmişdir. Qeyd edilməlidir ki, X3 vərəsələri olan X7, X6, X9, Abbasova Hicran Qədim qızı sığorta ödənişindən ibarət mirasın qəbulundan iddiaçının xeyrinə imtina etmişlər. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Bu Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin "xxxx" bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının 03.10.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "xxxx" bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 6.600 manat sığorta ödənişi verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4856/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4856/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver