Məhkəmə qərarları › İş №2(006)-4898/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4898/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4898/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə istintaq orqanının səhvi nəticəsində dəymiş mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 05 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 07 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və Nəsimi RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Qeyd olunan vaxtdan barəsində ibtidai istintaq aparılmış və sonra cinayət işi baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-143/2023 saylı 16 may 2023-cü il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Həmin hökmdən verilmiş apellyasiya protesti təmin edilməmiş və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, barəsində olan cinayət işi üzrə 07 ay 11 gün müddətində əsassız və qanunsuz araşdırma aparılmışdır. Qeyd etmək istəyir ki, ibtidai istintaq hərəkətləri qanunsuz olaraq keçirilmiş, zor və işgəncə tətbiq edilərək cinayəti etiraf etməyinə vadar olunmuşdur. Belə ki, tutulan zamanı polis əməkdaşlarına bildirmişdir ki, ona qarşı belə haqsızlıq etməsinlər, onsuz da narkotik məsələsi ilə bağlı Binəqədi Rayon Məhkəməsində işi vardır. Lakin polis əməkdaşları ona qarşı təzyiqi davam etmiş, döymüşlər, həmçinin onu külli miqdarda narkotikə görə həbs etməsinlər deyə, çəkiliş vaxtı məcbur olub boynuna almışdır. Etirafının həmin vaxt könüllü deyil, təzyiq altında olmasını sübut etmək üçün sənədlərə öz həqiqi imzasını deyil, qəsdən fərqli formada imzalar çəkmişdir. İş müstəntiqin icraatına verildikdən sonra isə yol verilmiş qanunsuzluqlar barədə müstəntiqə məlumat vermiş, müstəntiq də bunlara göz yumduğu üçün istintaqa etiraz olaraq heç bir sənədi imzalamamışdır. Bu səbəbdən barəsində aparılmış qanunsuz araşdırma ilə bağlı daimi mənəvi iztirab çəkir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və eyni zamanda nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının 7 ay müddətinə əsassız olaraq araşdırmaya cəlb edilməsi, daha sonra iş üzrə verilmiş apellyasiya protestinə baxılması ilə əlaqədar vurulmuş mənəvi zərərin ödənilməsini və bütovlükdə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Maliyyə Nazirliyi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz əməlləri nəticəsində dəymiş mənəvi ziyana görə 50.000 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbinə etiraz edərək bildirir ki, qeyd olunan tələb əsaslı olmadığından iddia tələbi rədd edilməlidir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı barəsində həbs qətimkan tədbiri yaxud başqa yerə getməmək barədə iltizam seçilməmiş, iddiaçı hər hansı müddətə azadlıqdan məhrum edilməmişdir. Sadəcə barəsində ibtidai istintaq aparılmışdır, iddiaçının özünün də qeyd etdiyi kimi onsuz da ittiham olunduğu maddə üzrə (CM-nin 234-cü maddəsi) narkotik məsələsi ilə bağlı Binəqədi Rayon Məhkəməsində işi olmuşdur. Belə olan halda iddiaçının mənəvi zərərə məruz qalmasını qeyd etməsi və buna görə də 50.000 manat kompensasiya ödənilməsini tələb etməsi əsassızdır. Hazırkı iddiaçıya qarşı hər hansı cinayət törədilməmiş, yalnız onunla bağlı cinayət işi başlanılsa da, sonradan ona bəraət verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi də ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir.İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənlərə əsasən iddia ərizəsinə etiraz bildirir və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-143/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-143/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi və hökmün protestə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-143/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 17:40 radələrində şübhəli şəxs kimi saxlanılmışdır. İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 4-cü maddəsinə əsasən bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirilməsi: Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi müəyyən müddət ərzində əsassız yerə istintaq araşdırmasına cəlb edilmiş və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır, həmçinin iddianın qanuni əsası da qanunvericilikdə nəzərdə tutulmuşdur və tələb müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Lakin məhkəmə iddaçı İddiaçı 50.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbi bağlı onun haqqında bəraət hökmünün qəbul edilməsi ilə nəticələnmiş araşdırma zamanı yalnız 2 gün -xx.xx.2022-xx.xx.2022-ci il tarixləri- müddətində tutulma barədə qərar əsasında cinayət prosessual qanunvericiliyin yol verdiyi müddətdə tutulmasını və araşdırmanın sonrakı dövrü üçün isə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçının ona əsassız olaraq aparılmış araşdırma nəticəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsini, habelə barəsində Binəqədi Rayon Məhkəməsində baxılan digər cinayət işi ilə eyni zamanda Nəsimi Rayon Məhkəməsində də araşdırma aparılmasına məruz qalmasını, bu məsələnin ona əlavə çətinliklər yaratmaqla mənəvi zərərə məruz qalmasını əsaslı hesab etsə də, lakin iddiaçının tələbində ona məhz 50.000 manat məbləğində mənəvi zərərin vurulması ilə bağlı tələbini kifayət qədər əsaslandırmamasını da nəzərə alır. Belə ki, ümumi məhkəmə təcrübəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında işlərə baxılarkən mənəvi zərərlə bağlı məsələlər daha çox həbsdə saxlanılan şəxslərə münasibətdə əsaslı hesab edilir. Belə ki, azadlıq hüququ ümümbəşəri bir hüquqdur və onun uzun müddət əsassız olaraq məhdudlaşdırılması nəticəsində insandan yaranan mənfi emosiyaların kompensasiya olunması baxımdan bu kimi hallarda həmin şəxslərə dəymiş mənəvi zərər yüksək məbləğlərlə əvəzləşdirilir. Hazırki halda da məhkəmə iddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalmasının onda mənfi emosiyalara səbəb olmasını istisna etmir, lakin məhkəmə həmin emosiyaların müsbətə doğru dəyişməsi üçün kompensasiya məbləğinin 50.000 manat deyil, daha uyğun məbləğdə ödənilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərərin qismən təmin edilməsini mümkün hesab edərək, iddianın bu hissəsini qismən, yəni 2200 manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının barəsində təqsirləndirilən şəxs qismində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, həmçinin 2 gün tutularaq müvəqqəti saxlama yerində saxlanılması onda narahatlıq və məyusluq hissləri yaratsa da, bunun qarşılığının iddia edilən tam məbləğdə ödənilməsi ağlabatan deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 2200 (iki min iki yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar