Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-49/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta və s. ödənişlərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta və s. ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 7350 (yeddi min üç yüz əlli) manat sığorta ödənişi məbləğinin, hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 6801 (altı min səkkiz yüz bir) manat məbləğində dəbbə pulunun (14350 manat sığorta ödənişi * 474 gün * 0,1 % dəbbə=6801), 1000 (min) manat vəkil xərcləri məbləğinin, ümumilikdə 15151 (on beş min yüz əlli bir) manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı2 xeyrinə 7000 (yeddi min) manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi X2 iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, cavabdeh "xxxx" ASC-dən 8132 manat məbləğində fərdi yaşayış evinə dəymiş maddi zərərin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsinə dəqiqləşdirməni Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinin göstərişinə uyğun olduğundan iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05.01.2018-ci il tarixində fiziki şəxs İddiaçı1 ilə "xxxx" ASC arasında “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən BA seriyalı, 633639 №-li icbari sığorta müqaviləsi (şəhadətnamə verilmək yolu ilə) bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı1 istifadə etdiyi İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən daşınmaz əmlaka 15000 (on beş min) manat məbləğində sığorta təminatı verilmişdir. Sığorta müqaviləsi qüvvədə olan tarixdə sözügedən İsmayıllı rayonu ərazisində təbii fəlakət, yəni leysan yağışları və bununla bağlı yer sürüşməsi hadisəsi baş vermişdir. Baş vermiş hadisə səlahiyyətli dövlət qurumları tərəfindən təsdiq edilmişdir. Təbii fəlakət hadisəsi ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə tikinti üzrə 25000 (iyirmi beş min) manat məbləğində zərər dəymişdir. Lakin "xxxx" ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək sığortalıya sığorta ödənişini verməmişdir. İddiaçı1 sığorta ödənişi ilə bağlı hüquq və tələblərinin bir hissəsini digər iddiaçı fiziki şəxs İddiaçı2 güzəşt etmişdir. Bu barədə cavabdehə ("xxxx" ASC-yə) bildiriş vermişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, idda tələbinin təmin olunması barədə məhkəmə tərəfindən ədalətli şəkildə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan digər iddiaçı və cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 633639 №-li, BA seriyalı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, 05.01.2018-ci il tarixində fiziki şəxs İddiaçı1 ilə "xxxx" ASC arasında “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İcbari Sığorta Müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin 07.12.2017-ci il tarixli, 407-2618/148 inventar nömrəli Texniki Pasportdan görünür ki, İsmayıllı rayonu, Tircan kəndində yerləşən hüquqi subyekti İddiaçı1 olan fərdi yaşayış evi sığorta müqaviləsi əsasənda sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilən ******* №-li, RX seriyalı Çıxarışdan görünür ki, İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına 07.12.2017-ci il tarixdə qeydiyyata salınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan cavabdeh "xxxx" ASC-yə ünvanlanan tələb sahibinin (kreditorun) öz tələbini üçüncü şəxsə güzəşt etməsi barədə 06.09.2019-cu il tarixli Bildirişdən və 06.09.2019-cu il tarixli Tələbin güzəşti barədə müqavilədən görünür ki, İddiaçı1, yəni “tələbin ilkin sahibi” və İddiaçı2, yəni “tələbin yeni sahibi arasında yazılı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İsmayıllı rayonu, Tircan kəndində baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evinə 25.000 manat məbləğində dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan "xxxx" ASC-yə qarşı malik olduğu hüquq və tələbləri qismən, yəni 7.000 manat həddində “tələbin yeni sahibi”nə İddiaçı2 güzəşt edib. İş materiallarında olan 03.08.2018-ci il tarixli “sığorta ödənişinin və vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” pretenziya məktubundan görünür ki, İddiaçı1 məhkəməyə müraciət etməzdən öncə cavabdeh "xxxx" ASC-yə məktub ünvanlayaraq təbii fəlakət nəticəsində evinə dəymiş 25.000 manat zərər üzrə sığorta ödənişinin həyata keçirilməsi, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 % həcmində dəbbə pulunun ödənilməsini tələb etmişdir. İş materiallarında olan 2018-ci il 27 may tarixində İsmayıllı hidrometeoroloji stansiyasında müşahidə olunmuş hava şəraiti haqqında məlumatdan görünür ki, həmin tarixdə leysan yağış yağmışdır. İş materiallarında olan İsmayıllı rayonunun Tircan kəndi ərazisinin mühəndisi-geoloji şəraiti haqqında 31.07.2018-ci il tarixli, 384 №-li Arayışdan görünür ki, İddiaçı1 məxsus sahə mailliyi 20-250 olan dağətəyi ərazidə yerləşir. Ümumilikdə, Tircan kəndi ekzogen geoloji proseslərin orta inkişaf etdiyi ərazidə yerləşir. Baxış keçirilən sahədə 2018-ci il ərzində düşən yağışların təsirindən sahənin geoloji quruluşunda iştirak edən bərkiməmiş (ellüvial-dellüvial mənşəli gilcələr və qumcalar) çöküntülər su ilə doyması nəticəsində ərazidə çökmə (oturma) prosesi baş vermişdir. İş materiallarında olan ekspert S.feyzullayeva tərəfindən verilən Arayışdan görünür ki, İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən, İddiaçı1 məxsus daşınmaz əmlaka təbii fəlakət nəticəsində dəymiş zərərin bazar qiyməti 25.000 manat müəyyən olunmuşdur. İş materiallarında olan 29.11.2019-cu il tarixli, 245 №-li İsmayıllı RİH başçısı tərəfindən verilən Arayışdan görünür ki, Tircan kənd sakini İddiaçı1 məxsus fərdi yaşayış evi vardır. 2018-ci ilin may ayında yağan leysan yağışlar və torpaq sürüşməsi nəticəsində evə ciddi ziyan dəymiş, divarlarda çox sayda çatlar əmələ gəlmişdir. İş materiallarında olan İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən, İddiaçı1 məxsus fərdi yaşayış evinə güclü leysan yağışları və təbii sürüşmə nəticəsində dəymiş ziyanla əlaqədar görüləcək tikinti-bərpa işləri üçün smetadan görünür ki, tikinti-bərpa işləri üçün yekun məbləğ 25016,45 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli, 2(006)-162/2021 saylı qərardaddan görünür ki, mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. İş materiallarında olan 25.09.2021-ci il tarixli fərdi yaşayış evinin texniki vəziyyəti haqqında Təcrübi-konstruktor arayışdan görünür ki, sözügedən fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır, fərdi yaşayış evinə 2018-ci ilin may ayının 27-si baş vermiş təbii fəlakət (leysan yağışları ilə bağlı yer sürüşmə-çökməsi) hadisələri nəticəsində zərər dəymişdir, 2018-ci ilin may ayının 27-si düşən atmosfer yağıntılarının və digər yeraltı təbii amillərin təsirindən tikilinin əsasını təşkil edən quruntun yuyulması və yumşalması nəticəsində torpağın dayanıqlığı zəifləmişdir. Ona görə də tikililərin divarlarında müxtəlif ölçüdə və istiqamətdə çat və deformasiyalar əmələ gələrək ev qəzalı vəziyyətə düşmüşdür. İş materiallarında olan 04.04.2022-ci il tarixli, 218 №-li ekspertiza arayışından görünür ki, İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evi 2018-ci ilin may ayında baş vermiş təbii fəlakət hadisəsi nəticəsində zədələnmişdir. Baş vermiş təbii fəlakət hadisəsi nəticəsində fərdi yaşayış evinə 8132 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; 35.2-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir; 36.1.8-ci maddəsinə əsasən, daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur; 40.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 04.04.2022-ci il tarixli Arayışı əsasında müəyyən edilir ki, İsmayıllı rayonu, Tircan kəndində yerləşən, İddiaçı1 məxsus fərdi yaşayış evinə baş vermiş təbii fəlakət nəticəsində dəyən zərərin ümumi dəyəri 8132 (səkkiz min yüz otuz iki) manat məbləğindədir. Azərbaycan Respublikası MPM-nin 101.7-ci maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Odur ki, ekspertin rəyi iş üzrə sübut kimi qəbul edilməklə, daşınmaz əmlaka dəymiş zərərin məbləğini məhkəmə 8132 manat məbləğində müəyyən edir. Məhkəmə iddianın “...sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 6801 manat məbləğində dəbbə pulunun, 1000 manat vəkil xərcləri məbləğinin məbləğinin tutulması..., İddiaçı2 xeyrinə 7000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması...” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyi üçün əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinə dəymiş maddi zərərin əvəzi olaraq 8132 (səkkiz min yüz otuz iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-49/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-49/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver