Məhkəmə qərarları › İş №2(006)-4900/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4900/2021

11.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4900/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədli Xanım Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 23.11.2018-ci il tarixli 2929A saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi, 1 ədəd «Changan Alsvin V7» minik markalı, 2018-ci il buraxılışlı, sedan tipli, göy rəngli, ** PS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yararsız hala düşməsi nəticəsində dəymiş 7.728 manat məbləğində zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 2929A saylı 23.11.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçı 1 ədəd «Changan Alsvin V7» minik markalı, 2018-ci il buraxılışlı, sedan tipli, göy rəngli, ** PS *** dövlət qeydiyyat nişanlı minik avtomobilini cavabdehə satmışdır. Bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən satılan minik avtomobilinin qiyməti 29.865 manat müəyyən olunmuşdur. Müqavilə üzrə əsas ödəniş cədvəlinə əsasən, tərəflər ilkin ödənişsiz ümumi məbləği 55 aya bərabər hissələrə bölünməklə hər ay üzrə 543 manat ödənilməsinə dair razılığa gəlmiş və son ödəniş günü 09.06.2023-cü il tarixini müəyyən etmişlər. Müqavilənin şərtinə görə avtomobilin tam dəyəri ödənilənədək mülkiyyət hüququ İddiaçı MMC-də saxlanılmışdır. İddiaçı müqavilənin 5.2-ci yarımbəndinə əsasən avtomobili cavabdehə yararlı vəziyyətdə təhvil vermiş və istifadəsinə heç bir maneə yaratmamışdır. Bununla müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Müqavilənin 5.1.4-cü bəndinə əsasən alıcı alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomobilin aylıq ödəniş pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, avtomobilin təhvil alınması, avtomobilin yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomobilə vurulmuş zərərin alıcının əmlakına yönəldilməsi tələbini irəli sürməkdə haqlıdır. Müqavilənin 6.2.1-ci yarımbəndinə görə alıcı maşının tam dəyərini alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəməlidir. Müqavilənin 6.2.3-cü yarımbəndinə əsasən alıcı alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomobilin aylıq ödəniş pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, aylıq ödəniş pulunu 15 gün müddətdən çox gecikdirəcəyi təqdirdə isə avtomobilin təhvil verilməsi, qarşılıqlı hesablaşmaların həyata keçirilməsi, avtomobil yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomobilə vurulmuş zərərin özünün əmlakına yönəldilməsi və avtomobilə görə ödənilmiş pulun satıcı tərəfindən geri qaytarılmaması tələbini qəbul edir. Müqavilənin 6.2.4-cü yarımbəndinə görə alıcı avtomobilin tam dəyərini ödəmədiyi təqdirdə vurulmuş ziyana görə maddi məsuliyyət daşıyır. Müqavilənin 2.3-cü yarımbəndinə əsasən müqavilənin 2.1-ci bəndində göstərilən avtomobil alıcıya təhvil verildikdən sonra onun yararlılığına görə məsuliyyəti alıcı daşıyır. Müqavilənin 2.4-cü yarımbəndinə əsasən müqavilənin müddəti ərzində avtomobillə bağlı bütün öhdəliklər, məsuliyyət, ondan istifadə ilə əlaqədar yaranan bütün hüquq və vəzifələr alıcının üzərindədir. Müqavilənin 12.4-cü yarımbəndinə əsasən bu müqavilədən irəli gələn sahibkarlıq risklərinin sığorta etdirilməsi müqaviləsi üzrə sığortaçı və faydalanan şəxs qismində satıcı çıxış edir. Müqavilənin 12.7-ci yarımbəndinə əsasən sığorta şirkəti tərəfindən sığorta hadisəsinin baş verməsi nəticəsində ödənişlər satıcıya ödənilmədikdə, satılan avtomobilə dəymiş ziyan tam həcmdə alıcı tərəfindən ödənilməlidir. Alğı-satqı müqaviləsinin 2.5-ci yarımbəndinə əsasən bu müqavilə bağlandıqdan sonra müqavilə müddəti ərzində avtomobillə bağlı bütün öhdəliklər, məsuliyyət, ondan istifadə ilə əlaqədar yaranan bütün hüquq və vəzifələr, habelə avtomobillə bağlı yaranmış qüsurlar, vurulmuş ziyanlara görə məsuliyyət alıcının üzərindədir. Cavabdeh müqavilə öhdəliklərinin demək olar ki, hamısını pozmuşdur və iddiaçıya böyük zərər vurmuşdur. Cavabdeh müqavilə bağlanan gündən 5.387 manat ödəniş etmişdir. Ödəniş 10 ay dövrü əhatə edir. 2018-ci ilin dekabr - 2019-cu ilin sentyabr ayları. 2019-cu ilin noyabr ayından etibarən cavabdeh heç bir ödəniş etmir və müqavilə üzrə qalıq borc 24.478 manat təşkil edir. Belə ki, 15.09.2019cu il tarixdə saat 23:20 radələrində Cavabdeh2 «Changan Alsvin V7» markalı ** PS *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti ilə Babək prospekti istiqamətində hərəkətdə olan zaman idarə etməni itirmiş, avtomobili yolun sağ kənarında dayanmış traktorun təkərinə vurmuşdur. İddiaçı MMC-nin servis xidmətinin əməkdaşları avtomobilə baxış keçirmiş və dəymiş zərəri müəyyən etmişlər. Beləliklə, avtomobilə dəyən zərər ilkin hesablamalara görə 7.728 manat təşkil edir. Nəqliyyat vasitəsi A-Qroup sığorta şirkətində sığortalansa da vətəndaş qaz balonu quraşdırdığına görə sığora müqaviləsinə xitam verilmişdir. Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, dəymiş ziyanın ödənilməsi tələbi ilə Cavabdeh1 müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh dəymiş zərərin qaytarılması üçün heç bir təşəbbüs göstərmir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 23 noyabr 2018-ci il tarixdə 2929.A saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC 1 ədəd «Changan Alsvin V7» minik markalı, 2018-ci il buraxılışlı, sedan tipli, göy rəngli, ** PS *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Cavabdeh1 satmışdır. Satılan minik avtomobilinin qiyməti 29.865 manat təşkil etmişdir. Ödəniş cədvəlinə əsasən Cavabdeh1 ilkin ödəniş etmədən, 55 ay ərzində hər ay 543 manat ödəmək öhdəliyini üzərinə götürmüşdür. Ödəniş cədvəli üzrə son ödəniş günü 09.06.2023-cü il tarixidir. Müqaviləyə əsasən avtomobilin tam dəyəri ödənilənədək mülkiyyət hüququ İddiaçı MMC-də saxlanılır. İddiaçı MMC müqavilənin 5.2-ci yarımbəndinə riayət edərək, avtomobili Cavabdeh1 yararlı vəziyyətdə təhvil vermiş və istifadəsinə heç bir maneə yaratmamışdır. Yuxarıda qeyd olunan müqavilənin 5.1.4-cü bəndinə əsasən alıcı alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomobilin aylıq ödəniş pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, avtomobilin təhvil alınması, avtomobilin yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomobilə vurulmuş zərərin alıcının əmlakına yönəldilməsi tələbini irəli sürməkdə haqlıdır. Müqavilənin 6.2.1-ci yarımbəndinə görə alıcı maşının tam dəyərini alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəməlidir. Müqavilənin 6.2.3-cü yarımbəndinə əsasən alıcı alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomobilin aylıq ödəniş pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, aylıq ödəniş pulunu 15 gün müddətdən çox gecikdirəcəyi təqdirdə isə avtomobilin təhvil verilməsi, qarşılıqlı hesablaşmaların həyata keçirilməsi, avtomobil yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomobilə vurulmuş zərərin özünün əmlakına yönəldilməsi və avtomobilə görə ödənilmiş pulun satıcı tərəfindən geri qaytarılmaması tələbini qəbul edir. Müqavilənin 6.2.4-cü yarımbəndinə görə alıcı avtomobilin tam dəyərini ödəmədiyi təqdirdə vurulmuş ziyana görə maddi məsuliyyət daşıyır. Müqavilənin 2.3-cü yarımbəndinə əsasən müqavilənin 2.1-ci bəndində göstərilən avtomobil alıcıya təhvil verildikdən sonra onun yararlılığına görə məsuliyyəti alıcı daşıyır. Müqavilənin 2.4-cü yarımbəndinə əsasən müqavilənin müddəti ərzində avtomobillə bağlı bütün öhdəliklər, məsuliyyət, ondan istifadə ilə əlaqədar yaranan bütün hüquq və vəzifələr alıcının üzərindədir. Müqavilənin 12.4-cü yarımbəndinə əsasən bu müqavilədən irəli gələn sahibkarlıq risklərinin sığorta etdirilməsi müqaviləsi üzrə sığortaçı və faydalanan şəxs qismində satıcı çıxış edir. Müqavilənin 12.7-ci yarımbəndinə əsasən sığorta şirkəti tərəfindən sığorta hadisəsinin baş verməsi nəticəsində ödənişlər satıcıya ödənilmədikdə, satılan avtomobilə dəymiş ziyan tam həcmdə alıcı tərəfindən ödənilməlidir. Müqavilənin 2.5-ci yarımbəndinə əsasən bu müqavilə bağlandıqdan sonra müqavilə müddəti ərzində avtomobillə bağlı bütün öhdəliklər, məsuliyyət, ondan istifadə ilə əlaqədar yaranan bütün hüquq və vəzifələr, habelə avtomobillə bağlı yaranmış qüsurlar, vurulmuş ziyanlara görə məsuliyyət alıcının üzərindədir. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Cavabdeh1 avtomobili idarə etməsi üçün Cavabdeh2 etibarnamə vermişdir. Cavabdeh2 Cavabdeh1 xalası oğludur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 23.11.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanan gündən 5.387 manat ödəniş etmiş, 2019-cu ilin noyabr ayından etibarən heç bir ödəniş etməmiş və müqavilə üzrə 24.478 manat qalıq borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 15.09.2019-cu il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 15.09.2019-cu il tarixdə saat 23:20 radələrində Cavabdeh2 «Changan Alsvin V7» markalı ** PS *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən Bakı şəhəri Nizami rayonu H.Əliyev prospekti ilə Babək prospekti istiqamətində hərəkətdə olan zaman idarə etməni itirmiş, avtomobili yolun sağ kənarında dayanmış traktorun təkərinə vurmuşdur. Cavabdeh2 törətdiyi yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC-nin Servis Mərkəzinin verdiyi 25.12.2019-cu il tarixli ziyan (zərər) aktından görünür ki, Cavabdeh2 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində «Changan Alsvin V7» markalı ** PS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə cəmi 7.728 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin məbləğdən 6.488 manat ehtiyat hissələrinin alınması, qalan məbləğ isə dəmirçi, boya, armatur, elektrik, razval.montaj, çilingər işlərinin görülməsi üçün lazımdır. İş materiallarına əlavə olunmuş 30 aprel 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün Cavabdeh1 müraciət edərək, vurulmuş maddi zərərin 10 gün müddətində iddiaçıya ödənilməsini xahiş etmiş, əks təqdirdə alğı-satqı müqaviləsinin ləğv edilməsi və dəymiş zərərin tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Buna baxmayaraq, avtomobilə vurulmuş maddi ziyan İddiaçı MMC-yə ödənilməmişdir. Bu səbəbdən, iddiaçı hazırkı mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Aidiyyəti maddi hüquq normalarının tələblərindən göründüyü kimi, iddiaçının iddia tələbi alğı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Göründüyü kimi, Cavabdeh2 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilə 7.728 manat maddi ziyan vurulmuşdur. Yol-nəqliyyat hadisəsi məhz avtomobili etibarnamə üzrə idarə edən Cavabdeh2 tərəfindən törədilmiş, zərər məhz onun tərəfindən vurulmuş, törədilmiş inzibati xətaya görə sonuncu inzibati qaydada cərimə edilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia vurulmuş maddi ziyanın həcminə görə əsaslı olsa da, həmin vəsait yalnız Cavabdeh2 tutulmalıdır. Bu səbəbdən, iddia qismən təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 23.11.2018-ci il tarixli 2929A saylı alğı-satqı müqaviləsi ləğv edilməli, 1 ədəd «Changan Alsvin V7» minik markalı, 2018-ci il buraxılışlı, sedan tipli, göy rəngli, ** PS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yararsız hala düşməsi nəticəsində dəymiş 7.728 manat məbləğində zərər Cavabdeh2, ödənilmiş 30 manat dövlət rüsumu isə Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 23.11.2018-ci il tarixli 2929A saylı alqı-satqı müqaviləsi ləğv edilsin. «Changan Alsvin V7» minik markalı, 2018-ci il buraxılışlı, sedan tipli, göy rəngli, ** PS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yararsız hala düşməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq 7.728 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı MMCyə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar