Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4928/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 xidmət dövründə xəsarət alaraq vəfat etməsi ilə bağlı qanunla nəzərdə tutulmuş 11.000 (on bir min) manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin AR Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş qardaşı X1 şəhərində ezamiyyətdə olan müddətdə baş vermiş Gəncə hadisələri zamanı iyun 1993-cü il tarixdə 22 yaşında aldığı çoxsaylı qəlpə yarasından həlak olmuşdur. Binəqədi rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Hər iki valideyini vəfat etmişdir. Ona sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh tərəfə ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sadəcə şablon cavab verilmişdir və tədbir görülməmişdir. xx xxxxxx 1991-ci il tarixində qəbul edilmiş, xx.xx.1992-ci il tarixdən etibarən qüvvəyə minmiş “Hərbi Qulluqçuların Statusu Hqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsində qeyd olunur ki, “Hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmək), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq) səhhəti korlanmaq, hərbi xidmət keçirilməsi ilə bağlı bədbəxt hadisələr və ya xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdırlar. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərin sosial təminatına dövlət zəmanət verir. Sığortalanmanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabnineti tərəfindən müəyyən edilir”. Qeyd olunanlardan da görünür ki, cavabdeh tərəf qanunvericilikdə nəzərdə tutulmuş icbari sığorta məbləğini ona ödəməyə borcludur, lakin icbari sığorta ödənilməsindən imtina etmələri nəticəsində onun hüquqları pozulmuşdur. Şərh olunanlara əsasən X4 xidmət dövründə xəsarət alaraq vəfat etməsi ilə bağlı qanunla nəzərdə tutulmuş 11.000 (on bir min) manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin AR Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanınının 2-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 428184 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1993-cü ildə ölmüşdür. Azərbaycan Respublikasl Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş AB seriyalı 0217 nömrəli vəsiqənin surətindən görünür ki, X2 “Hərbi qulluqçuların pensiya təminatı” Qanunun 29б və 34а bəndinə uyğun olaraq ailə başçısını itirdiyinə görə xx.xx.1994-cü il tarixdən başlayaraq 6531,0 manat məbləğində ömürlük pensiya təyin edilmişdir. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 460896 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu ildə ölmüşdür. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 07-07-266 nömrəli cavabdan görünür ki, qardaşı mərhum hərbi qulluqçu X4 vərəsələrinə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə ünvanladığı ərizəyə baxılmışdır. Bildirirlər ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu xx xxx 1997-ci ildə qəbul edildiyindən onun şərtləri N.Ş.Ağayevə münasibətdə tətbiq edilə bilməz. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş X1 şəhərində 1993-cü ilin iyun ayında aldığı çoxsaylı qəlpə yarasından həlak olmuş və Binəqədi rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Namiq Ağayevin hər iki valideyini vəfat etdiyindən onun hüquqi varisi qismində İddiaçı çıxış edir. O, qardaşı Namiq Ağayevin ölməsi ilə bağlı sığorta ödənişinin verilməsi üçün cavabdeh tərəfə ərizə ilə müraciət etsə də, ona sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 xidmət dövründə xəsarət alaraq vəfat etməsi ilə bağlı qanunla nəzərdə tutulmuş 11.000 (on bir min) manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin AR Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanınının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Həmin fərmanın 2-ci bəndinə əsasən birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməli və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə həmin fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hazırkı iddia tələbi üzrə cavabdehlik daşıması müəyyən edilmədiyindən ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Cavabdehin əsl cavabdehlə əvəz edilməsinin iddiaçıya təklif olunması məhkəmə aidiyyəti qaydaları ilə ziddiyyət təşkil etdiyi üçün (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət orqanı olduğundan) məhkəmə iddiaçıya bu təklifi irəli sürmək zərurətinin olmadığı qənaətinə gəlir. Belə ki, iddia ərizəsini qəbul edən məhkəmə tərəfindən tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddia üzrə cavab verməli şəxs olduğunu müəyyənləşdirilməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olmayan cavabdeh əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. İddiaçının öz hüquqlarını məhkəmə vasitəsilə müdafiə etmək hüququna malik olmasına baxmayaraq iddia tələbləri, həmin tələblər üzrə cavabdehlik daşımayan şəxsə qarşı irəli sürülmüş olarsa, əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 54.2-ci maddəsinin tələblərinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4928/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4928/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver