Məhkəmə qərarları › İş №2(006)-493/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-493/2023

14.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-493/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə övladları xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 üçün Cavabdeh hər ay əməkhaqqının üçdə biri miqdarında olmaqla alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci ildə nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikah dövründə övladları xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. İlk vaxtlarda ailə münasibətləri normal olsa da, sonradan məlum olmuşdur ki, xasiyyətləri uyğun gəlmir, birgə yaşamaları və ailənin saxlanılması mümkün deyil. Uzun müddətdir ki, nikahları formal xarakter daşıyır. Cavabdeh iddiaçı və uşaqları ilə maraqlanmadığı üçün iddiaçı məcburiyyət qarşısında qalaraq bir neçə aydır ki, valideynlərinin yanına qayıtmışdır. Xeyli vaxtdır ki, cavabdehlə ayrı yaşayırlar və uşaqlar halhazırda analarının yanındadır. Cavabdeh bu aylar ərzində uşaqlarla maraqlanmayıb, onların xərcləri ilə bağlı hər hansı formada maddi dəstək olmamışdır. İddiaçı işləmədiyi üçün uşaqların tam tələbatlarını (mövsümi geyimlər, müəyyən qidalar, dərman və s.) təmin edə bilməmişdir. İddiaçının dəfələrlə cavabdehə şifahi şəkildə uşaqlarla maraqlanmasını söyləməsinə baxmayaraq, cəhdləri boşa getmişdir. Cavabdehin hal-hazırda rəsmi iş yeri mövcuddur, belə ki, o, Fövqəladə Hallar Nazirliyində işləyir. Lakin iddiaçı tərəfindən buna dair rəsmi arayış almaq mümkün olmamışdır. Cavabdeh aldığı əmək haqqına görə aliment ödəmək iqtidarındadır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı ərizə ilə məhkməyə müraciət edərək iclasın onun iştirakı olmadan keçirilməsini və müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan AZ-İ seriyalı 198124 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2005-ci il tarixdə 3464 №-li akt qeydi ilə Bakı şəhəri Səadət Sarayında nikaha daxil olmuşlar. Arvada nikah bağlandıqdan sonra Hadiyeva soyadı verilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 866085 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 810412 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı 5 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli vəsatətdən görünür ki, İddiaçı Cavabdeh rəsmi iş yeri olan AR FHN-dən əmək haqqı və başqa gəlirlərinə dair sorğu edilməsini məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən verilən sorğuya cavab verilməmiş, xx.xx.2022-ci il tarixdə əmək haqqı barədə məlumatların iş yerindən tələb edilməsi ilə əlaqədar sübutların cəlb edilməsinə dair qərardad qəbul edilmişdir. Mülki işin materiallarında olan FHN DYMX-nin Nəsimi Rayon Dövlət X2 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh FHN DYMX-nin Nəsimi Rayon Dövlət X2 texnika üzrə rəis müavini vəzifəsində, daxili xidmət mayoru rütbəsində 2013-cü ildən xidmət edir. Onun əməkhaqqı və digər gəlirləri cəmi, 958.48 manat təşkil edir. Mülki işin materiallarında olan FHN DYMX-nin Nəsimi Rayon Dövlət X2 xx.xx.2023-cü il tarixli məktubundan isə görünür ki, Cavabdeh FHN DYMX-nin Nəsimi Rayon Dövlət X2 texnika üzrə rəis müavini vəzifəsində, daxili xidmət mayoru rütbəsində 2013-cü ildən xidmət edir. Onun əməkhaqqı və digər gəlirləri cəmi, 988.45 manat təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı ilə bağlanmış hər hansı əmək müqaviləsi və onun gəlir yeri yoxdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikah dövründə xx.xx.2006-cı il tarixdə X5, xx.xx.2011-ci il tarixdə isə X4 adlı uşaqları anadan olmuşdur. Hazırda birgə yaşamırlar, uşaqlar analarının himayəsindədir. Cavabdeh FHN DYMX-nin Nəsimi Rayon Dövlət X2 texnika üzrə rəis müavini vəzifəsində, daxili xidmət mayoru rütbəsində 2013-cü ildən xidmət edir. Onun əməkhaqqı və digər gəlirləri cəmi 2023-cü il tarixə 988.45 manat təşkil edir. İddiaçı uşaqların saxlanılması üçün cavabdehdən hər ay əməkhaqqının üçdə bir hissəsi miqdarında alimentin ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyinə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də, öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunun mənasından göründüyü kimi, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə tərəflərin birgə yaşayışdan olan uşaqlarının ananın - iddiaçının himayəsində qaldığını, cavabdehin müntəzəm qazanca malik olduğunu, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulmasının mümkün olduğunu və heç bir tərəfin marağını pozmadığını və eyni zamanda, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün aliment sabit pul məbləğində deyil, qazancın müəyyən hissəsi kimi tutulmalıdır. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, qətnamə dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar