Məhkəmə qərarları › İş №2(006)-4948/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4948/2022

19.10.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4948/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqaviləyə xitam verilməsi və borcun silinməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqaviləyə xitam verilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı tərəfindən iddianın məhkəməyə verilməzdən əvvəl cavabdehə müvafiq tələblə müraciət etməsinə dair hər hansı sübut iddia ərizəsinə əlavə edilməmişdir. Belə olan halda iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilibedilməməsi məsələsini müəyyən etmək mümkün olmamışdır. Halbuki iddiaçı və cavabdehin tərəf olduqları xx.xx.2019-cu il tarixli, BPM1905729B1652 saylı kredit xətti müqaviləsinin 8.2-ci və 8.3-cü bəndlərinə əsasən bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Mübahisələrin danışıqlar yolu ilə həllinə nail olmadıqda, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Bu Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmçinin iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilsə də, həmin qəbzdən məlum olunmuşdur ki, rüsum “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Halbuki iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumu qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmənin hesabına 31 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmçinin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə hesab edirəm ki, iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqaviləyə xitam verilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pul ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar