Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4956/2020 16.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı vəzifəsini yerinə yetirərkən aldığı xəstəlik ilə əlaqədar, xəstəliyə görə 2750 manat məbləğində sığorta ödənişinin və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2780 (iki min yeddi yüz səksən) manat pulun, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən xx xxxxx 2011-ci il tarixdə hərbi xidmətə yararlı bilinib, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə xidmətə göndərilmişdir. Hərbi xidmət zamanı xəstələnmiş və xx xxxx 2012-ci ildə Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalına göndərilmişdir. Həmin tarixdən də MN SQ BKH-nın “Terapiya” şöbəsinə yerləşdirilmişdir. Ona “Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası arakəsmənin defekti (22 mm). Üştaylı qapağın prolapsı, İ (birinci) funksional sinif ürək çatışmazlığı. Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ böyrəyin vikar hipertrofiyası və sağalma ilə nəticələnmiş, şəraitlə əlaqəli nevrotik reaksiya” diaqnozu qoyulmuşdur. Ona edilən müalicələrin hamısı, çıxarış epikrizində göstərilmişdir. Həmin epikrizin surətini ərizəsinə əlavə etmişdir. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalının xx xxxx 2012-ci il tarixli, 1948 saylı rəyi ilə, Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” xəstəliklər cədvəlinin 80 “b” maddəsinin İİ qrafasına əsasən, “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. xx xxxx 2012-ci ildə hərbi hospitaldan xaric edilmiş və xx xxxxxx 2012-ci ildə Müdafiə Nazirinin əmri ilə, ordu sıralarından təxris olunaraq ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalının xx xxxx 2012-ci il tarixli, 1948 saylı xəstəlik haqqında Şəhadətnaməyə əsasən, hərbi həkim komissiyasının qərarı ilə “Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası arakəsmənin defekti. Üştaylı qapağın prolapsı, İ (birinci) funksional sinif ürək çatışmazlığı. Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ böyrəyin vikar hipertrofiyası” diaqnozu “ümumi xəstəlikdir” rəyi verilmişdir. “Sağalma ilə nəticələnmiş, şəraitlə əlaqəli nevrotik reaksiya” diaqnozu ilə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” rəyi verilmişdir. Evə gəldikdən sonra mütəmadi müalicə olunmuşdur. İllər keçdikcə xəstəliyi ağırlaşmış və müalicəyə tabe olmamışdır. xx xxxx 2016-cı il tarixdə ona 2-ci qrup əlillik dərəcəsi vermişlər. Hal-hazırda 2-ci qrup əlildir və yenə də vaxtaşırı müalicə olunur. Bundan sonra o, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanununa əsasən, sığorta almaq üçün, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Sözügedən şirkətdən ona göndərilmiş xx xxxxxx 2019-cu il, 07-07-901 saylı məktubla sığortanın ödənilməsindən imtina edilmişdir. Həmin məktub Saatlı rayonu Poçt İdarəsinin əməkdaşı tərəfindən valideynlərinə verilmişdir. Lakin valideynləri məktubu itirmişdir. O, ikinci dəfə AR DSKŞ-nə məktubla müraciət etmişdir. Lakin Dövlət Sığorta Kommersiya Şirkətinin xx xxxxxx 2020-ci il tarixli, 07-07-368 saylı məktubunda göstərilmişdir ki, xx xxxxxx 2019-cu ildə, 07-07-901 saylı məktubla ona cavab verilmişdir. Bundan sonra həmin şirkətə telefon vasitəsi ilə zəng vurmuş, şirkətin əməkdaşları xx xxxxxx 2019-cu il tarixli, 07-07-901 saylı məktubun surətini ona verməmişlər. Bu səbəbdən də sığorta ödənilməsindən imtina edilməsinə dair məktubu məhkəməyə təqdim edə bilmir. Həmin məktubun surətinin məhkəməyə təqdim edilməsi məqsədi ilə, qərardad verilməsi üçün, məhkəməyə vəsatət vermişdir. Vəsatətini ərizəsinə əlavə etmişdir. Bildirir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (VÖEN: **********) hüquqi ünvanı ünvan 1 saylı ünvanda yerləşir. Odur ki, o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edir və sığorta ödənişinin alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx xxxxxx 2013-cü il tarixli 832-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, xx xxxxxx 2013-cü il, № 285, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1491) ilə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanununun 5-ci maddəsinin mətni yeni redaksiyada verilmişdir. xx xxxxxx 2013-cü il tarixə qədər sözügedən qanunun 5-ci maddəsinin d bəndində göstərilmişdir ki, sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman: ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə) görə hərbi xidmətə yararsız hesab edildikdə - 25 faiz sığorta ödənişləri verilir. O, hərbi xidmət vəzifəsini yerinə yetirərkən xəstələnmişdir. Lakin bu günə qədər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə ona verilməli olan 2750 manat icbari sığorta pulunu ala bilməmişdir. Hesab edir ki, sığota ödənişini tələb etməkdə haqlıdır, cavabdehin sığorta məbləğinin verilməməsi barədə göstərdiyi dəlilləri isə əsassızdır. Belə ki, o, hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan etibarən qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. Hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermişdir və bununla da normativ hüquqi aktlara əsasən, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq hərbi xidmət zamanı vəzifəsini yerinə yetirərkən aldığı xəstəlik ilə əlaqədar, xəstəliyə görə 2750 manat məbləğində sığorta ödənişinin və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2780 (iki min yeddi yüz səksən) manat pulun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi dövrdə xəstələnmiş və buna görə ona sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-cu il tarixli 1948 saylı xəstəlik haqqında şəhadətnamənə əsasən İddiaçı aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlanmış sol ayağın İİİ, sağ ayağın İİ dərəcəli boylama yastıayaqlığı diaqnozu qoyulmuşdur. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Hesab edirlər ki, qeyd edilən səbəblərdən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan sənədlərə əsasən Həsənov X1 əlaqədar şəhadətləndirilmiş, xidmət dövründə travma və ya xəsarət almamışdır. Göründüyü kimi əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir. Əlilliyin “Ümumi xəstəlik”dən təyini sığorta ödənişi üçün təminata daxil deyil. İddiaçı həmçinin sığorta məbləğinin ödənilməsi tələbi ilə bağlı 2019-cu ildə, yəni DİO-dan xaric edildiyi vaxtdan 7 il sonra müraciət etməsini nəzərə alaraq, iddiaçı mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan hüquq normasını pozmuş, yəni Qanunda nəzərdə tutulan 3 illik “kəsici” müddəti ötürmüşdür. Həmin müddət ərzində müvafiq tələblə Şirkətə müraciət etməyən iddiaçı artıq bu hüququnu itirmişdir. Beləliklə, İddiaçı xidmət dövrü aldığı xəstəlik sığorta hadisəsi hesab edilmədiyi üçün ona sığorta məbləğinin verilməsi mümkün deyil. Beləliklə, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin “D” bəndinin tələblərinə əsasən sığorta ödənişinin verilməsi qanuna uyğun deyildir. Göstərilənlərə əsasən İddiaçı iddia tələbi əsassız olduğu üçün iddia tələbi təmin edilməməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Saatlı rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AO seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri Saatlı rayon çağırış komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış və xx.xx.2011-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 14032008-ci il tarixli 123 nömrəli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata buraxılmış və Saatlı RSHXÇDX-ya göndərilmişdir. Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının xx.xx.2012-ci il tarixli, 1948 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 1948 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı aşkar edilən “Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası arakəsmənin defekti. Üçtaylı qapağın prolapsı. İ (birinci) funksional sinif ürək çatışmazlığı. Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ böyrəyin vikar hipertrofiyası. ÜMUMİ XƏSTƏLİKDİR” və “Sağalma ilə nəticələnmiş, şəraitlə əlaqəli nevrotik reaksiya. XƏSTƏLİKDİR. HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHKH tərəfindən X2 ünvanlanmış 1970 saylı, xx.xx.2012-ci il tarixli məktubundan görünür ki, onun oğlu - N saylı hərbi hissənin əsgəri İddiaçı xx.xx.2012-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş «Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası arakəsmənin defekti (22 mm). Üçtaylı qapağın prolapsı. 1 (birinci) funksional sinif ürək çatışmazlığı. Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ böyrəyin vikar hiportrofiyası» diaqnozlarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» «Xəstəliklər cədvəlinin» 80 «b» maddəsinin İİ qrafasına əsasən «SÜLH DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİ» sayılmış və xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2 maddəsinin e) bəndinə əsasən «ÜMUMİ XƏSTƏLİKDİR» kimi təyin edilmişdir. Bu xəstəliklər anadangəlmə xəstəliklərdir, oğlunda hərbi xidmət dövründə yaranmamış və bu səbəbdən xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi «ÜMUMİ XƏSTƏLİKDİR» kimi düzgün təyin edilmişdir. Onun oğlu İddiaçı xx.xx.2012-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın terapiya profilli hospital hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş «Sağalma ilə nəticələnmiş şəraitlə əlaqəli nevrotik reaksiya» xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR» kimi təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Topçubaşov adına X3 xx.xx.2013-cü il tarixli, XT ******* saylı epikrizindən görünür ki, İddiaçı “Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası çəpərin defekti (sinus venozus tip). Ağ ciyər venasının anomal drenajı.” kliniki diaqnoz qoyulmuşdur. Saatlı rayon ƏSMM tərəfindən xx.xx.2016-cı il tarixində verilmiş, 057754 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı ümumi səbəbdən 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş müayinəyə dair məlumatın surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi ümumi xəstəlikdir. Növbəti müayinənin tarixi xx.xx.2021-ci ildir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin ç) bəndinə görə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik sığorta hadisəsi hesab edilir və bununla əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə ona İ dərəcə əlilliyə görə — 80 faiz; İİ dərəcə əlilliyə görə — 60 faiz; İİİ dərəcə əlilliyə görə — 40 faiz nisbətlərində verilir. Həmin maddənin d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz nisbətində sığortaolunana sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı Bakı şəhəri Saatlı rayon çağırış komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış və həmin tarixdə hərbi hissəyə göndərilmişdir. Daha sonra İddiaçı xx.xx.2012-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın terapiya profilli hospital hərbihərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda aşkar edilən “Anadangəlmə ürək qüsuru. Qulaqcıqlararası arakəsmənin defekti. Üçtaylı qapağın prolapsı. İ (birinci) funksional sinif ürək çatışmazlığı. Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə. Sağ böyrəyin vikar hipertrofiyası – ümumi xəstəlik kimi müəyyən edilmiş, “Sağalma ilə nəticələnmiş, şəraitlə əlaqəli nevrotik reaksiya” xəstəliyinin isə hərbi xidmət dövründə alındığı qeyd edilmişdir. Saatlı rayon ƏSMM tərəfindən xx.xx.2016-cı il tarixində İddiaçı 2-ci qrup əlillik dərəcəsi ümumi səbəbdən verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı vəzifəsini yerinə yetirərkən aldığı xəstəlik ilə əlaqədar, xəstəliyə görə 2750 manat məbləğində sığorta ödənişinin və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2780 (İki min yeddi yüz səksən) manat pulun, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə görə sağ olan hərbi qulluqçunun sığorta ödənişini almaq hüququ yalnız o halda yaranır ki, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə ona əlillik müəyyən edilsin və ya o, həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən ağır və ya yüngül xəsarət (yaralanma, travma, kontuziya) alsın. İş materiallarından göründüyü kimi İddiaçı təyin olunmuş əlilliyin yaranma səbəbi xəstəlik olsa da, bu xəstəliyin kateqoriyası ümumi kimi qeyd edilmişdir. İddiaçı həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman ağır və ya yüngül xəsarət aldığı halı isə işdə olan sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Beləliklə, İddiaçı, aldığı əlillik dərəcəsi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət alması, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsi ilə əlaqədar olmadığı, həmin dövrdə xəsarət alması isə müəyyən edilmədiyindən, sığorta ödənişinin ödənilməsini tələb etmək hüququ yaranmamışdır. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iş üzrə cavabdeh qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə iddianın rədd edilməsinə dair dəlillərinə münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4956/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4956/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver