Məhkəmə qərarları › İş №2(006)-4957/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4957/2020

17.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4957/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilmiş 10.000 (on min) və 190.000 (yüz doxsan min), ümumilikdə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan tərəflərin bir övladı, xx xxxxxx 2012-ci il təvəllüdlü X1 anadan olmuşdur. Əvvəllər tərəflər arasında münasibətlər normal olmuş, lakin 2015-ci ildə bu münasibətlər bir müddət pozulmuşdur. Ailə münasibətlərinin davam etdirilməsi mümkün olmadığı üçün 2018-ci ilin iyun ayında iddiaçı ilə cavabdeh ayrı yaşamağa qərara gələrək ailə münasibətlərinə xitam vermişlər və Nəsimi Rayon Məhkəməsinin 2(006)-3643/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli qəbzlərə (qoşma 1,2) əsasən iddiaçı 10000 (on min) ABŞ dolları və 190000 (yüz doxsan min) ABŞ dolları Cavabdeh bank köçürülməsi vasitəsi ilə pul vermişdir. İddiaçı ilə cavabdeh razılaşmışdırlar ki, məhkəmə qaydasında birgə əldə olunmuş əmlak bölünməsi əvəzi olaraq, bu pullar, artıq keçmiş həyat yoldaşının birgə əmlakındakı payına görə ödəniş sayılacaqdır. Bu puldan əlavə, həmçinin həmin razılşmaya əsasən, birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən 28 saylı və ünvan 2 ünvanında yerləşən 57 saylı mənzillər və **-SN-*** dövlət qeydiyyat nişanlı İnfinity markalı avtomobilin cavabdehə verilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh daha da çox zənginləşməsi üçün bu razılaşmanı pozaraq xx xxxx 2020-ci il tarixdə “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmiş və hazırda 2(004)-3239/2020 saylı mülki iş hakim Toğrul Axundovun icraatındadır. Bu səbəbdən də iddaçı hesab edir ki, cavabdeh ümumilikdə 200000 (iki yüz min) ABŞ dolları məbləğində əsassız olaraq varlanmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, əsassız varlanma nəticəsində əldə edilmiş 10.000 (on min) və 190.000 (yüz doxsan min), ümumilikdə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 yuxarıda qeyd edilən məzmunda izahat verərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında cavabdeh xx xxxxxxx 2020-ci il tarixli “İş yerindən arayış"ı məhkəməyə təqdim etmişdir. Cavabdeh 321473 ABŞ dollarının köçürülməsini bildirsə də, “bir hissəsini" təşkil edən məbləğini dəqiq göstərməmiş və ona dair təsdiq edən hər hansı sübut təqdmiş etməmişdir. Bu da aşağıdakı əsaslara görə, birgə nikah dövrdə əmlakların əldə edilməsini və həmin dövrdə ailənin tələbatını təmin etmək məqsədi ilə arayışda qeyd olunan vəsaitinin xərclənməsini ehtiva edir, belə ki: həmin arayışda qeyd olunan məlumatlar 2013-cü ilin aprel ayından 2016-cı ilin mart ayınadək olan dövrə (birgə nikah dövrünə) aiddir. Arayışda qeyd olunan həmin bu əmək haqqı vergi tutulmalarına qədər olan məbləğdir. Əmək haqqından ödəniləcək gəlir vergisi hər ay təxminən 2000 ABŞ dolları təşkil etməklə (tam dövr ərzində 60000 ABŞ dolları), hər ay tərəfindən cavabdehin əvəzinə ödənilmişdir. Habelə, Cənubi Koreyada birgə yaşadıqları dövrdə (Sentyabr 2012 - İyun 2018): ailənin xərcləri təxminən hər ay 2000 ABŞ dolları məbləğində, cəmi 144000 ABŞ dolları təşkil edir; ailənin yaşadığı mənzilin kirayəsi və kommunal xərcləri aylıq 3500 ABŞ dolları olmaqla 6 il ərzində 252000 ABŞ dolları təşkil edir, o Cavabdeh tərəfindən idarə edilən Hyundai Santafe nəqliyyat vasitəsinin alınması Mart 2016-cı il - $31000 təşkil edir, o uşağın bağça/məktəb pulu 2014-2018 il dövründə illik $24000, 4 il $96000, digər xərclər: xarici səfərləri, ailənin tədarükləri və sair bütün bu xərclər həmin hesabdən ödənilmişdir. Mart 2016-cı ildə cavabdehin adına alınmış ve sonradan yaşamağa mənzili olmadığına görə cavabdehin anasına bağışladığı ünvan 3 mənzil 57 ünvanda yerləşən, 54.5 kv.m. sahəsi olan iki otaqlı tam təmirli mənzil 155.000 azn ($90000) həmin vəsait hesabına əldə edilmişdir. O dövrdə alınan və ödənişləri edilən va hazırda Bakı şəhəri Yasamal rayon məhkəməsində mübahisələndirilən əmlaklar bu vasait hesabına alınıb. Koreyada yaşadıqları dövrdə onun tərəfindən/hesabından cavabdehin valideynin Azerbaycandakı bank hesabına dəfərlərlə köçürülmüş məbləğlər. Habelə, şəxsi əşyalarının zinət aşyalarının alınması da bu vasait hesabına hayata keçirilib. Bundan əlavə cavabdeh bildirir ki, "əlində olan sübutlar onların münasibətinin 2020-ci ilin avqust ayına qədər davam etdirilməsini sübut edir," Lakin "nikah pozulması" tələbinə dair mülki iş üzrə məhkəmə iclasında va "alimentin müəyyən edilməsi" tələbinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsində cavabdeh bildirmişdir ki, "ailə münasibəti 2020-ci il yanvar ayına kimi mövcud olmuşdur." Ailə münasibətlərinə 2018-ci ilin iyun ayından etibarən xitam verilmişdir. O, ailəsindən ayrı olaraq daimi yaşayış rezident statusunda əvvəlcə "Fairmont" apartamentlərində və sonra isə "Rosevill Residence" apartamentlərində indiyədək daimi yaşayır. Yuxarıdakı qeyd edilənlərə əsasən, cavabdehin təqdim etdiyi izahın əsassız olduğunu bildirir və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, cavabdeh İddiaçı ilə onun arasında xx.xx.2008-ci il tarixində Bakı Nikah Evində 2564 №-li qeydi ilə rəsmiləşən nikah bağlanmışdır. Həmin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X1 adlı övladı dünyaya gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə nikahları İddiaçı iddia ərizəsi əsasında pozulmuşdur. Nikahlarının pozulmasının səbəbi, iddiaçının iddia ərizəsində yazdığı əsas yox, onun Sabina Abdinbəyova adlı iş yoldaşı ilə ona qarşı olan xəyanəti olmuşdur. Əlində bunu sübut edən dəlillər də mövcuddur. Əfsuslar olsun ki, Azərbaycan kişisi bu faktı danmaq ilə yanaşı, öz övladının anasını məhkəmələrə sürükləyərək əsassız və hüquqi cəhətdən gülünc iddialar qaldırır. Hal-hazırda o, iddiaçı tərəfindən maddi və mənəvi zorakılığa məruz qalır. İddiaçı onu öz vəkili ilə qorxudaraq, onun Apelyasiya Məhkəməsində işləməsini və məhkəmələrdə çoxlu sayda tanışlarının olmasını əsas gətirərək bütün məhkəmələrdə onun udmaq perspektivinin olması ilə hədələyir. Hal-hazırda İddiaçı alimentin tam ödənilməməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Bundan əlavə, əmlak bölgüsü ilə bağlı olaraq o, Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırkı iddia ərizəsinin verilməsinin səbəbi də, onun qanun ilə ona məxsus olan əmlakların ona aid olmamasını mübahisələndirməkdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilən iddia əsassız faktlar əsasında tərtib olunmuşdur. Belə ki, iddiaçı iddia ərizəsinin 2-ci abzasında qeyd edir ki, tərəflərin ailə münasibətlərinə 2018-ci il tarixində xitam verilib. Bu fikir ilə bağlı olaraq bildirir ki, tərəflər arasında nikah münasibətlərinə xx xxxxxx 2020-ci il tarixində xitam verilib. Nikahın ləğv edilməsinə səbəb isə, İddiaçı həyat yoldaşına olan xəyanətidir. Xəyanət iddiaçının iş yoldaşı Sabinə Abdinbekova ilə baş tutub. Hal-hazırda cütlük münasibətlərini davam edir. Əlavə olaraq qeyd edir ki, əlində olan sübutlar onların münasibətlərinin 2020-ci ilin avqust ayına qədər davam etdirilməsini sübut edir. İddiaçı son günə qədər barışmağa can atıb bu da öz növbəsində onların problemli ailə münasibətlərinin mövcudluğunu sübut edir. İddiaçı iddia ərizəsinin 3-cü abzasında iddia edir ki, onlar evli olan dövrdə cavabdehə hədiyyə qismində köçürdüyü pul məbləği onu əsassız olaraq varlandırıb. Hansı dövrdən ərin arvadına verdiyi pul məbləği əsassız varlanmaya səbəb olur. Mehdiyeva X2 Orxana 2016cı ilə qədər öz əmək haqqını köçürmüşdür. Bu məbləğ 321473 ABŞ dolları təşkil edib. Həmin məbləğin bir hissəsini o ona köçürdüb. Yəni əsl sahibinə qaytarıb. Qalan məbləğ isə onun özünü əsassız varlandırıb. Ər-arvad arasında olan və onların əmlak statusunu müəyyən edən razılaşma AR Ailə Məcəlləsinin 39.3-cü maddəsinə əsasən yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Onunla iddiaçı arasında heç bir nikah müqaviləsi bağlanılmamışdır. İddia ərizəsinin 4-cü abzasında qeyd edilib ki, onun ona bağışladığı pulun müqabilində ona əlavə olaraq iddia ərizəsində sadalanan əmlakların verilməsini nəzərdə tuturdu. Həmin abzasda qeyd edilən ünvan 4 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur, digər mənzil isə Bakı ş. Nəsimi Rayonu, Dilarə Əliyeva küç., 235 A ünvanında yerləşən 57 saylı mənzil tam mülkiyyət hüququ ilə onun anasına məxsusdur. Həmçinin İnfinity markalı avtomobil də tam mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin, iddiaçı həmin əmlakları ona gələcəkdə verilməsini nəzərdə tutub. Maraqlı fakt ondan ibarətdir ki, iddiaçı 5-ci abzasda mövcud olmayan razılaşmaya istinad edir. İddia ərizəsinin qalan abzaslarında əsassız varlanmanın əsasını təşkil edilən normalara istinad edilir. Qeyd edir ki, əsassız varlanma ər-arvadın birgə əmlakına tətbiq edilə bilməz. Əsassız varlanma o halda baş verir ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin və bu varlanma nə qanun ilə, nə də müqavilə ilə təsbit olunmasın. Lakin iddiaçı özü iddia edir ki, o pulu hansısa mövcud olmayan müqavilə əsasında ona köçürdüb. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Honq Konq və X3 Bank Korporasiyası Ödəniş Xidmətləri Departamentinin pul köçürmələri barədə məlumatlardan görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına xx.xx.2016-cı il tarixdə 10.000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 190.200 ABŞ dolları məbləğində pul köçürülmüşdür. AD seriyalı, 472397 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “İNFİNİTİ QX30 MİNİK” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdır. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, “xxxx” MMC tərəfindən inşa edilmiş ünvan 8 nüvanında tikilən Bina A, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 157 kv.m. yaşayış sahəsi olan 28 saylı mənzildən və paydan imtina etmiş, MMC-nin üzvlüyündən azad edilməsini xahiş etmiş və mənzilin arvadı Cavabdeh adına rəsmiləşdirilməsinə, sənədləşdirilməsinə, bağışlamasına və dəyişdirməsinə heç bir etiraz etmədiyini, onun gələcəkdə bu mənzilə və MMC-yə qarşı heç bir iddiası olmayacağını bildirmişdir. İddiaçı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələrinin surətindən görünür ki, o, arvadı Cavabdeh məxsus ünvan 2, mənzil 57 nüvanında yerləşən ümumi sahəsi 54,5 kv.m. mənzilin satılmasına, bağışlamasına etiraz etmədiyini bildirmişdir. X6 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Mehdi Hüseyn 1A ünvanında yerləşən “xxxx” MMC-nin “X6” Alov Qüllələri mehmanxanasında xx.xx.2019-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək, 708 nömrəli mənzilində tam resident sakin statusunda yaşamışdır. “FMG” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı “X4” MMC ilə bağlanmış 19/166 saylı, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli, 19/570 saylı müqavilələr əsasında ünvan 7 ünvanında yerləşən “Roseville” yaşayış kompleksinin 67 nömrəli mənzilində yaşayır. SMS KOREA Co., LTD tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş iş yerindən arayışa əsasən müəyyən edilmişdir ki, işçi Cavabdeh “SMS Korea”-da 2013-cü ilin aprel ayından 2016-cı ilin mart ayına kimi “Songa CAT-D” layihəsi üçün Geoje-si-də DSME Yard-da Layihə planlaşdırması üzrə mühəndis vəzifəsində işləmişdir. Bu müddət ərzində aşağıda göstərildiyi kimi onun ümumi gəlirindən İddiaçı bank hesablarına pul köçürülmələri olmuşdur: 307,298 ABŞ dolları (hesab nömrəsi: 510-837461-833, hesab sahibi: İddiaçı) və 14,175 ABŞ dolları (hesab nömrəsi: 6695xx-xx-155387, hesab sahibi: İddiaçı). Beləliklə, işin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan onların 1 azyaşlı övladları vardır. Tərəflərin nikahları məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahda olarkən İddiaçı tərəfindən Cavabdeh məxsus bank hesabına 10.000 ABŞ dolları və 190.200 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.000 (on min) və 190.000 (yüz doxsan min), ümumilikdə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh hesabına müvafiq məbləğdə pul köçürülmüşdür. İddiaçı iddia etdiyinə görə, tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən, o, hesaba köçürdüyü puldan əlavə ünvan 8 ünvanında yerləşən 28 saylı mənzil, ünvan 9 ünvanında yerləşən 57 saylı mənzil və “İNFİNİTİ QX30 MİNİK” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilindən cavabdehin xeyrinə imtina etməyi, cavabdeh isə iddia ərizəsində adları çəkilməyən birgə nikah dövründə əldə olunmuş digər əmlakdan imtina etməyi öz üzərinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir Aİlə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən iddia tələbinin keçərliliyi qanunda nəzərdə tutulmuş və yuxarıda qeyd edilən dispozitiv şərtlərin həm də eyni vaxtda olmasından asılıdır. Belə ki, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Məhkəmə hazırki münasibətlərin ailə mübahisəsindən yarandığını vurğulamaqla qeyd edir ki, ər-arvad arasında birgə nikah dövründə pul köçürmələrinin baş tutması Ailə Məcəlləsinin 31-ci maddəsinin tələblərinə uyğun olaraq tənzimlənməlidir. Həmin maddənin birinci və ikinci hissələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Beləliklə tərəflərin birgə nikah dövründə əldə olunmuş və hal-hazırda Yasamal Rayon Məhkəməsində mübahisələndirilən digər əmlaklar kimi hazırki mübahisə predmeti olan pul vəsaitinin arvadın hesabına köçürülməsinin qanuni əsası məhz Ailə Məcəlləsinin 31-ci maddəsi olmuşdur. Ailə Məcəlləsinin 38.1-38.3-cü maddəsinin tələblərinə görə nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ərarvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ərarvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Həmin Məcəllənin 39.1-39.3-cü maddələrinə əsasən nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Mübahisəli pulun köçürülməsi müqabilində cavabdeh tərəfindən hər hansı hərəkətlərin yerinə yetirməli olduğu da iş materiallarından öz təsdiqini tapmamış, iddiaçının məhkəməyə təqdim etdiyi ünvan 8 ünvanında yerləşən 28 saylı mənzil və ünvan 9 ünvanında yerləşən 57 saylı mənzildən cavabdehin xeyrinə imtina etməsi barədə ərizələrdən də bu faktı müəyyən etmək mümkün olmamışdır. Belə ki, qanunverici ər-arvad üçün əmlakının qanuni rejimini dəyişdirmək məqsədilə nikah müqaviləsi adlanan razılaşmanı bağlamaq imkanını yaradır. Həmin müqavilə nikahın qüvvədə olduğu zaman və (və ya) nikah pozulduqda bağlana bilər. Qanunverici nikah müqaviləsinin bağlanma qaydasını notariat qaydasında təsdiq olunmaqla yazılı formada bağlanmalı olduğu kimi qeyd edir. Lakin iddiaçının istinad etdiyi razılaşmanın Ailə Məcəlləsinin 39-cu maddəsinin tələblərinə uyğun rəsmiləşdirilməsi iş materialları ilə öz təsdiqini tapmamış, əksinə Cavabdeh iddia ərizəsinə əsasən İddiaçı onun xeyrinə imtina etdiyi güman edilən həmin mənzillərin üzərində hər iki tərəfin ½ hissədə pay hüququnun tanınmasına dair tələb halhazırda Yasamal Rayon Məhkəməsində baxılmaqdadır. Halbuki məhkəmənin qənaətinə görə iddiaçının istinad etdiyi razılaşmanın mövcud olması qeyd edilən əmlakın və “İNFİNİTİ QX30 MİNİK” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin məhkəmə qaydasında birgə mülkiyyət hesab edilməsi barədə tələbi istisna edib, mənzillərin tam mülkiyyət hüququ əsasında cavabdehin adına rəsmiləşdirilməsinə zəmin yaradardı. Belə olan halda məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1093.1-ci maddəsinə istinadən hazırki iddianın təmin edilməsi də mümkün deyildir. Belə ki, Mülki Məcllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə həmçinin birdə xatırladır ki, nikah dövründə əldə edilən əmlak birgə mülkiyyət hüququ əsasında ərlə arvada bərabər paylarla məxsusdur. İddiaçı isə birgə nikah dövründə əldə olunmuş pulun tək ona məxsus olmasını təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki yuxarıda qeyd edilənlərə əsasən əsassız varlanma obyekti olan əmlak məhrum olana məxsus olmalı, əsassız varlanmış şəxsin isə həmin əmlaka heç bir aidiyyəti olmamalıdır. Belə olan halda məhkəmə iddiaçının mübahisəli pul vəsaitinin əsassız varlanma ilə tələb edilməsinə dair iddiasının əsaslı olması ilə razılaşmasa da, ona həmin pul vəsaitinin cavabdehlə arasında bərabər paylara bölünməsini tələb etmək hüququna malik olduğunu izah edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə belə qənaətə gələrkən mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar