Məhkəmə qərarları › İş №2(006)-4958/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4958/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4958/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Ağacanov Elçı̇ n Füzuli oğlunun cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya Şı̇ rkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Ağacanov Elçı̇ n Füzuli oğlu cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya Şı̇ rkətinə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci il tarixində Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi dövrdə yəni, xx.xx.2005-ci il tarixində həqiqi hərbi xidmətdə olarkən vəziyyəti kəskin olaraq pisləşmiş və elə həmin gün Mərkəzi Hərbi Klinik Hospitalına yerləşdirilmişdir. xx.xx.2005-ci tarixindən xx.xx.2005-ci il tarixinə qədər Hospitalda müalicə alsa da səhhətində irəliləyiş olmadığı üçün, xx.xx.2005-ci il tarixdə həqiqi-hərbi xidmətə yararsız hesab edilərək ordu sıralarından tərxis edilmişdir. Hərbi- Xidmət dövründə alınmış olduğu xəstəliklə əlaqədar olaraq ona 3-cü dərəcəli əlillik diaqnozu təyin edilmişdir. 2006-cı ildə əlillik diaqnozu təyin edilməsinə baxmayaraq halhazırki günə qədər ona sığorta ödənişi ödənilməmişdir. Sığorta ödənişinin təyin edilməsi ilə əlaqədar olaraq dəfələrlə Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya Şı̇ rkətindən 4400 manat sığorta ödənişinin və dövlət rüsumunun tutularaq iddiaçı Ağacanov Elçı̇ n Füzuli oğlunun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddia ərizəsinə əlavə olunmuş hərbi biletə əsasən Ağacanov Elçı̇ n Füzuli oğlu xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Xəstəlik haqqında arayışdan məlum olur ki, iddiaçının almış olduğu xəstəlik ümumi xəstəlikdir və ona həmin xəstəlik nəticəsində 3-cü dərəcəli əlillik təyin olunmuşdur. İddiaçıya ümumi xəstəlik nəticəsində əlillik təyin olunması təyinatın həyata keçirildiyi dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq sığorta hadisəsi hesab olunmur. Bu hal sığorta ödənişini ödəməkdən imtinaya əsas verir. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon hərbi komissarlığı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AO seriyalı, ******* saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Fizuli oğlu Bakı şəhəri Qaradağ rayon çağırış komissiyası tərəfindən xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış və xx.xx.2005-ci il tarixində hərbi hissəyə göndərilmişdir. xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2000-ci il tarixli 95 nömrəli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata buraxılmış və Qaradağ rayon Hərbi Komissiyasına göndərilmişdir.

7. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2005-ci il tarixli, 2659 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Ağacanov Elçı̇ n Füzuli oğlunda aşkar edilən “orta ağır dərəcəli irsi mikrosferositar anemiya, qanyaratma funksiyasının mülayim dərəcədə pozulması ilə. Üzün və gövdənin çoxsaylı pigmentli nevusları. Sağ gözün mürəkkəb hipermetropik astiqmatizmi 2,0D və 3,0D, makulodistrofiya və (korreksiya olunmur) azalması, sol gözün görmə itiliyi 1,0 olmaqla. ÜMUMİ XƏSTƏLİKDİR.” “Keçirilmiş sol ağ ciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyasından sonrakı vəziyyət. Keçirilmiş reaktiv hepatitdən sonrakı vəziyyət, qara ciyər funksiyasının pozulmaması ilə. XƏSTƏLİK HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR.”

8. İş materiallarında olan Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, Ağacanov Elçı̇ n Füzuli oğluna İİİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi ümumi xəstəlikdir. TSEK-in diaqnozu: irsi mikrosfererositar anemiya qanyaranma funksiyasının mülayim dərəcədə pozulması ilə üzün və gövdənin çoxsaylı nevruslar OD görmə sinirinin atrofiyası OS yungul dərəcəli hipermetropiya.

9. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən X2 ünvanlanmış 5/4818 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qanunla nəzərdə tutulmuş sığorta ödənişi almaq üçün “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilən qaydada xəstəliyi təsdiq edən sənədlərlə Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq rayon və ya şəhər şöbələrinə ərizə ilə müraciət etməyi tövsiyə olunmuşdur.

10. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/1967 saylı məktubunda bildirilmişdir ki, “Həri qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “d” bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman xəsarət (yaralanma, travma, kantuziya) aldıqda sığorta ödənişi verilir və ya sığorta olunanın hərbi xidmətdə olarkən xəstəlik və ya xəsarət almasına görə əlillik təyin olunduqda bu sığorta hadisəsi hesab edilir. Lakin təqdim edilən sənədlərdən aydın olur ki, Ağacanov Elçı̇ n Füzuli oğluna əlillik hərbi xidmət dövrü ilə əlaqədar deyil, ümumi səbəbdən təyin olunmuşdur. Bu səbəbdən Ağacanov Elçı̇ n Füzuli oğluna təyin olunmuş əlilliyə görə sığorta ödənişinin verilməsi qeyri-mümkündür.

11. İş materiallarında olan Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 701 saylı tibbi arayışdan görünür ki, Ağacanov Elçı̇ n Füzuli oğlu həqiqətən xx.xx.2006-cı il tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzinə ambulator müraciət edərək müayinə olunmuşdur. İlkin müayinələr nəticəsində xəstədə “ikincili anemiya” diaqnozu təyin olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağacanov Elçı̇ n Füzuli oğlu Bakı şəhəri Qaradağ rayon çağırış komissiyası tərəfindən xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış və xx.xx.2005-ci il tarixində hərbi hissəyə göndərilmişdir. Daha sonra Ağacanov Elçı̇ n Füzuli oğlu xx.xx.2005-ci ildə MN MHKH Terapiya Profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda aşkar edilən “orta ağır dərəcəli irsi mikrosferositar anemiya, qanyaratma funksiyasının mülayim dərəcədə pozulması ilə. Üzün və gövdənin çoxsaylı pigmentli nevusları. Sağ gözün mürəkkəb hipermetropik astiqmatizmi 2,0D və 3,0D, makulodistrofiya və (korreksiya olunmur) azalması, sol gözün görmə itiliyi 1,0 olmaqla – ümumi xəstəlik kimi müəyyən edilmiş, “keçirilmiş sol ağ ciyərin aşağı payının kəskin ocaqlı pnevmoniyasından sonrakı vəziyyət. Keçirilmiş reaktiv hepatitdən sonrakı vəziyyət, qara ciyər fuksiyasının pozulması ilə - xəstəliyinin isə hərbi xidmət dövründə alındığı qeyd edilmişdir. 2006-cı il tarixində Ağacanov Elçı̇ n Füzuli oğluna 3-ci qrup əlillik dərəcəsi ümumi səbəbdən verilmişdir. Hazırda iddiaçı Ağacanov Elçı̇ n Füzuli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı vəzifəsini yerinə yetirərkən aldığı xəstəlik ilə əlaqədar, xəstəliyə görə 4400 manat məbləğində sığorta ödənişinin və dövlət büdcəsinə ödənilmiş 65 manat dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

15. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır.

16. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.

17. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər.

18. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.

19. Həmin Qanunun 5-ci maddəsinin ç) bəndinə görə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik sığorta hadisəsi hesab edilir və bununla əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə ona İ dərəcə əlilliyə görə — 80 faiz; İİ dərəcə əlilliyə görə — 60 faiz; İİİ dərəcə əlilliyə görə — 40 faiz nisbətlərində verilir.

20. Həmin maddənin d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz nisbətində sığortaolunana sığorta ödənişi ödənilir.

21. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir.

22. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir.

23. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə görə sağ olan hərbi qulluqçunun sığorta ödənişini almaq hüququ yalnız o halda yaranır ki, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə ona əlillik müəyyən edilsin və ya o, həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən ağır və ya yüngül xəsarət (yaralanma, travma, kontuziya) alsın. İş materiallarından göründüyü kimi Ağacanov Elçı̇ n Füzuli oğluna təyin olunmuş əlilliyin yaranma səbəbi xəstəlik olsa da, bu xəstəliyin kateqoriyası ümumi kimi qeyd edilmişdir.

24. Beləliklə, iddiaçı Ağacanov Elçı̇ n Füzuli oğlunun, aldığı əlillik dərəcəsi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət alması, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsi ilə əlaqədar olmadığı, həmin dövrdə xəsarət alması isə müəyyən edilmədiyindən, 2659 saylı xəstəlik haqqında şəhadətnamədə xəstəliyin ümumi xəstəlik olmasından ( irsi olaraq keçmiş xəstəlik) sığorta ödənişinin ödənilməsini tələb etmək hüququ yaranmamışdır.

25. Məhkəmə həmçinin cavabdehin etirazında qeyd olunan 3 illik müddətin nəzərə alınması hissəsi ilə bağlı qeyd edir ki, qeyd olunan 3 illik (“İcbar sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2 və 14.2.3-cü maddələrinə əsasən xəsarət aldığı vaxtdan 3 il müddətinə əllik qrupunun təyin edilməsi üçün nəzərdə tutulan müddət) müddət bu hala tətbiq oluna bilməz.

26. Belə ki, müddətin tətbiqi o halda tətbiq oluna bilər ki, iddiaçının iddiası əsaslı olsun və bu müddət əsaslı olmasına baxmayaraq itirilmiş olsun. Lakin məhkəmənin gəldiyi mövqe iddiaçının iddiasının əsaslı olmaması ilə nəticələndiyindən qeyd olunan müddət tətbiq edilə bilməz. (əsaslı olsaydı belə 3 illik müddət ötürülməmişdir)

27. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə Ağacanov Elçı̇ n Füzuli oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir.

28. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. (lakin iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa 9-cu maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunmuşdur)

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Ağacanov Elçı̇ n Füzuli oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar