Məhkəmə qərarları › İş №2(006)-4962/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4962/2021

13.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4962/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «cehizlik əşyalarının mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cehizlik əşyalarının mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X7 11 noyabr 2008-ci ildə Mehdiyeva (Əliyeva) Turac Çingiz qızı ilə ailə qurmuşdur. Birgə nigahdan iki uşaqları olmuşdur. X1 14.07.2009-cu il təvəllüdlü, nəvəsi X6 15.02.2011-ci il təvəllüdlüdür. Məlum səbəblərdən oğlu Rasim arvadı Turacdan ayrılmaq üçün 2020-ci ildə nigahın ləğvinə dair iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Turac 2020-ci ilin 29 iyun ayından öz atası evinə, yəni ünvan 1 ünvanına getmiş və hazırda orada yaşayır. Turac gəlin gələndə özü ilə bəzi əşya və avadanlıqlar gətirmişdir. Hazırda bu avadanlıqlar iddiaçının şəxsi mülkiyyətində olan evində, yəni, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 196 C ünvanında yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışına əsasən, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 196 C fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir və evin qanuni sahibi iddiaçıdır. X3 dəfələrlə desə və xahiş etsə də, o, öz əşyalarını iddiaçının evində saxlayır və iddiaçının qanuni hüquqlarımı pozur. Göstərilənlərə əsasən, cavabdeh X2 öz gəlinlik cehiz və əşyalarını, 1 ədəd istifadə olunmuş, köhnə stolun, 8 ədəd istifadə olunmuş, köhnə stulların, 1 ədəd istifadə olunmuş, köhnə divanın, 2 ədəd istifadə olunmuş, köhnə kresloların, 1 ədəd dairəvi 3.5x2.4 sm ölçüdə, köhnə xalçanın, 1 ədəd 4 qapılı qablar üçün, istifadə olunmuş, köhnə şkaf – qorkanın, 1.20x1.60 sm istifadə olunmuş, köhnə kiçik güzgülü şkafın, istifadə olunmuş, köhnə yataq dəstinin iddiaçının şəxsi mülkiyyətində olan ünvan 2 ünvanından çıxararaq hazırda yaşadığı atası evinə, ünvan 1 ünvanına aparılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh onun keçmiş gəlinidir. Əşyalar isə ona məxsusdur. Hal-hazırda əşyalar iddiaçıya lazım deyil və maneəçilik törədir. Odur ki, iddiaçı qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Bu halda məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23.10.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin 29 iyun 2021-ci il tarixli S-46 saylı arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur, cavabdeh iddiaçının gəlini Cavabdeh həmin evə qeydiyyatı yoxdur və həmin evdə yaşamır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının oğlu X7 11 noyabr 2008-ci ildə Mehdiyeva (Əliyeva) Turac Çingiz qızı ilə ailə qurmuş və 2020-ci ildə nikahları pozulmuşdur. Mehdiyeva (Əliyeva) Turac Çingiz qızının cehiz əşyaları hazırda iddiaçının mülkiyyətində olan evdədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı» işi üzrə qərarında göstərilmişdir ki, «1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz… Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bu ondan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır». Həmçinin, həmin qərarda göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; üçüncü qayda təsdiq edir ki, razılığa gələn yüksək tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsində qalması və bunun qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına, həmçinin iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun «şərti və qeyri-sabit» xarakter almasına dəlalət edir. Cavabdehin hazırki müdaxiləsi nəticəsində iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüququ məhdudlaşdırılmışdır. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, iddiaçı cavabdehə qarşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən cehiz əşyalarının çıxarılma tələbini irəli sürməkdə haqlıdır. Belə ki, İddiaçı həmin əşyaların çıxarılmasını tələb edir, cavabdeh Mehdiyeva (Əliyeva) Turac Çingiz qızı əşyaları evdən könüllü çıxarmaqdan imtina edir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi cehiz əşyalarının çıxarılması hissəsində təmin edilməlidir. İddia tələbinin cehiz əşyalarının ünvan 1 ünvanına aparılması hissəsinə münsibətdə məhkəmə hesab edir ki, iddia göstərilən hissədə əsaslı olmadığından təmin oluna bilməz. Belə ki, həmin əşyalar cavabdehin cehizi olmaqla onlar üzərində mülkiyyət hüququna malikdir ki, bu halda həmin əşyalar üzərində sərəncam vermək hüququ, o cümlədən cehiz əşyalarının hara aparılması barədə qərar qəbul etmək hüququ cavabdehə məxsusdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 gəlinlik cehiz və əşyaları, 1 ədəd istifadə olunmuş köhnə stol, 8 ədəd istifadə olunmuş köhnə stullar, 1 ədəd istifadə olunmuş köhnə divan, 2 ədəd istifadə olunmuş köhnə kreslolar, 1 ədəd dairəvi 3.5x2.4 sm ölçüdə, köhnə xalça, 1 ədəd 4 qapılı qablar üçün, istifadə olunmuş köhnə şkaf – qorka, 1.20x1.60 sm istifadə olunmuş, köhnə kiçik güzgülü şkaf, istifadə olunmuş, köhnə yataq dəsti İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanından çıxarılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 üzərinə gəlinlik cehiz və əşyaları, 1 ədəd istifadə olunmuş, köhnə stol, 8 ədəd istifadə olunmuş, köhnə stullar, 1 ədəd istifadə olunmuş, köhnə divan, 2 ədəd istifadə olunmuş, köhnə kreslolar, 1 ədəd dairəvi 3.5x2.4 sm ölçüdə, köhnə xalça, 1 ədəd 4 qapılı qablar üçün, istifadə olunmuş, köhnə şkaf – qorka, 1.20x1.60 sm istifadə olunmuş, köhnə kiçik güzgülü şkaf, istifadə olunmuş, köhnə yataq dəsti İddiaçı xüsusi mülkiyyətində olan ünvan 4 ünvanından çıxarılması vəzifəsi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar