Məhkəmə qərarları › İş №2(006)-4980/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4980/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4980/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh X7 xx.xx.2014-cü il tarixdə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurub. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 anadan olub. Bir ilə yaxındır ki, övladları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Birgə, eləcə də ayrı yaşadıqları dövrdə cavabdeh övladlarının həyat şəraiti ilə maraqlanmır, onların təlim-tərbiyəsi ilə məşğul olmur. O, təkbaşına maddi təminat baxımından övladlarının saxlanılmasında əziyyət çəkir. Cavabdeh hazırda rəsmi işləyir. Aylıq gəliri 1000 manatdan yüksəkdir. Bundan əlavə o, Səbail rayonu Badamdar qəsəbəsində olan 2 otaqlı mənzildən hər ay 650 manat, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən icarə obyektindən 1500 manat olmaqla cəmi 3150 manat gəlir əldə edir. Buna görə də aliment sabit pul məbləğində tutulmalıdır. Göstərilən səbəblərə əsasən, birgə nikahlarından doğulmuş övladları – xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması məqsədi ilə hər ay hər bir uşaq üçün 600 manat, ümumilikdə 1200 manat sabit pul məbləğində alimentin Cavabdeh əmək haqqısından (digər gəlirlərindən) 2024-cü ilin yanvar ayından hesablanaraq İddiaçı ödənilməsini, eyni zamanda mediasiya prosedurunun keçirilməsi üçün ödədiyi 61 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə iddiaçı olan qızı xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 anadan olmuşdur. Qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah pozulmasa da, onlar artıq 6 aydır ki, faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh valideynlərinə məxsus obyektlərini kirayə verməklə və rəsmi əmək fəaliyyəti ilə bağlı olaraq kifayət qədər gəlir əldə etsə də, o, öz ailəsinə ümumiyyətlə baxmır və onlara heç bir maddi yardım göstərmir. Hesab edir ki, cavabdeh də bir ata kimi öz üzərinə düşən öhdəlikləri icra etməyə borcludur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iki uşaq üçün ümumilikdə 470 manat alimentin təyin edilməsinə etiraz etmirlər. Belə ki, cavabdeh hazırda rəsmi olaraq əmək fəaliyyəti ilə məşğuldur və aylıq 880 manat əmək haqqı alır. Daha da artıq aliment ödəməyə maddi imkanı çatmır. Həmçinin, onu da qeyd edir ki, iddiaçı da əmək fəaliyyəti ilə məşğuldur və uşaqların maddi tələblərini ödəmək hesab edirlər ki, hər iki valideyinin borcudur. Ona görə də iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 5.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan iki övladları olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş, hazırda onlar arasında ər-arvad münasibətləri kəsilmişdir, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır. Hazırda iddiaçı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 1200 (min iki yüz) manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 923180 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 xx.xx.2014-cü il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 160 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. 8.Mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 488473 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. 9.Mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 202561 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2018-ci-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. 10.Mülki işin materiallarında olan “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə MŞB/6-01838 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, hər iki tərəf mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmiş, İddiaçı tərəfindən 61 manat məbləğində mediasiya xərci ödənilmişdir. 11.Mülki iş materiallarında olan "xxxx" MMMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. 12.Mülki işin materiallarında olan “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən edilən Cavabdeh dair gəlir məlumatları çıxarışından görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində anbardar vəzifəsində çalışır və əmək haqqı 989,94 manat məbləğindədir. 13.Mülki işin materiallarında olan “AZEMİS” Elektron Məhkəmə informasiya sistemindən edilən İddiaçı dair gəlir məlumatları çıxarışından görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində proqramla idarə olunan dəzgahların opreatoru vəzifəsində çalışır və əmək haqqı 700 manat məbləğindədir. 14.Mülki işin materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh bank hesabına hər ayın 4-nə qədər 880 manat əmək haqqı köçürülmüşdür. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 16.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 17.Həmin Məcəllənin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. 18.Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 19.«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. 20.«Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 21.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hər iki tərəf işləyir, Cavabdeh əmək haqqı məbləği 989,94 manat (kartına köçürülən məbləğ 880 manat), İddiaçı əmək haqqı məbləği isə 700 manat təşkil edir. 22.Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı hər ay 1200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, alimentin məhz həmin məbləğdə tutulması üçün zərurətin mövcudluğunu təsdiq edən, həmçinin cavabdehin əmlak icarəsindən gəlir əldə etməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. 23.Odur ki, məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafeyini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarda aliment, habelə hər iki uşaq üçün 177 (yüz yetmiş yeddi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. 24.Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, tutulan alimentin miqdarı cavabdehin rəsmi iş yerindən əldə etdiyi gəlirin 1/3 hissəsi ilə kifayət etmədiyindən geriyə qalan məbləğ hesablanmaqla minimum müəyyən edilən limitə çatdırılması baxımından sabit pul məbləğində tutulmalıdır. (880:3= 293 manat hissəvi, 470-293= 177 manat sabit məbləğ) 25.Bundan əlavə isə iddiaçının özünün əmək haqqısının aylıq 700 (yeddi yüz) manat olması da müəyyən edilmişdir ki, bu faktın özüdə hər iki valideynin uşağı saxlamaq vəzifəsinin mövcudluğundan irəli gələrək yetəri məbləğdir. 26.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 27.Hazırki iş üzrə isə İddiaçı tələbində alimentin 2024-cü ilin yanvar ayından etibarən hesablanaraq tutulmasını tələb etsə də, bununla bağlı zəruri sübutlarını, yəni cavabdehdən tutulacaq alimentin nəyə görə həmin tarixdən tutulmalı olmasına dair əsasları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının tələbini nəzərə alaraq cavabdehdən tutulacaq aliment məbləğinin 2024-cü ilin yanvar ayından yox, tərəflərə ilkin mediasiya ilə bağlı bildirişin göndərildiyi tarix əsas götürülərək xx.xx.2024-cü il tarixdən tutulmalı olması qənaətinə gəlir. 28.Bundan başqa, məhkəmə iddia tələbinin ödənilmiş mediasiya xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 61 manat məbləğində mediasiya xərci də Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. 29.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarda aliment, habelə hər iki uşaq üçün 177 (yüz yetmiş yeddi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, həmçinin ödənilmiş 61 (altmış bir) manat məbləğində mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 32.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 33.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 35.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 37.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarda aliment, habelə hər iki uşaq üçün 177 (yüz yetmiş yeddi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 61 (altmış bir) manat məbləğində mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar