Məhkəmə qərarları › İş №2(006)-4982/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4982/2025

20.10.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4982/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «elektron əmək müqaviləsi bildirişinə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin qoyulması» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun razılığı olmadan xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və ƏMAS sistemindən çıxarılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini, Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin X1 Xidmətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun razılığı olmadan Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci ildə guya həmin şirkətdə əmək müqaviləsi ilə işləyən şəxs kimi təqdim olunmuşdur. Lakin o, bu şirkətlə heç vaxt əmək müqaviləsi bağlamamış, onların işçisi olmamış və bu barədə heç bir razılıq verməmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlanılmışdır. Lakin o, bu əmək müqaviləsindən xəbərsiz olduğundan müqaviləyə xitam verilməsi ilə bağlı cavabdehə bildiriş ünvanlamamışdır. Hazırda o, başqa bir iş yerinə qəbul olunmaq istəyərkən yeni iş yerindən bildirmişlər ki, onun adı Cavabdeh MMC-də qeydiyyatdadır. Həmin şirkətlə əmək münasibətləri davam edir. Bu hal onun əmək hüquqlarını pozur, yeni iş yerinə qəbul olunmasına mane olur və Konstitusiya ilə təsbit edilmiş azad əmək hüququnun həyata keçiriməsinə əngəl yaradır. O, dərhal vəkil qohumuna müraciət etmişdir. Qohumu bu şirkətin vergi qurumunda qeyd edilmiş ünvanını tapmış və ora getmişlər. Həmin ünvanda belə bir şirkətə rast gəlməmişlər. Axtarsalar da, tapa bilməmişlər. Bu səbəbdən, məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmış, İddiaçı satış meneceri işinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2020-ci il tarixədək bağlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən iddiaçıya göndərilmiş məktubdan görünür ki, İddiaçı Cavabdehndə əmək hüquqlarının pozulması barədə 4 saylı Bakı DOST Mərkəzinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə ünvanladığı müraciətlərinə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətdə İddiaçı Cavabdeh MMC-nin işəgötürəni ilə heç bir əlaqəsinin olmadığını və əsas tələbinin əmək müqaviləsinə xitam verilməsi olduğunu bildirmişdir. Bununla bağlı bildirilmişdir ki, əmək hüquqlarının pozulması ilə əlaqədar ünvan 2 ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2- 83211/2025 nömrəli məktub göndərilmiş və İddiaçı aid olan sənədlərin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Tələb olunan sənədlərin təqdim olunması Cəmiyyət tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək və Məşğulluq» altsisteminə baxış keçirilərkən İddiaçı ilə Cəmiyyətin işəgötürəni arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Məlumat üçün bildirilmişdir ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «a» və «b» bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edildiyindən bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinin qüvvədən salınması Xidmətin vəzifəsi olaraq müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı «Əmək və Məşğulluq» alt sistemində qeydlərin aparılması hüququ X1 Xidmətinə həvalə edilməlidir. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/16/2025-01144 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 11:00-11:30-a təyin olunmuş ilkin mediasiya sessiyasına gəlmiş, lakin cavabdehin nümayəndəsi həmin sessiyaya gəlməmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt xərci ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. 7-ci maddəsinin 2-ci hissədinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. 46-cı maddəsinin 1-ci hissəsinə əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Həmin qaydaların 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Göründüyü kimi, yuxarıda qeyd olunan sistemdə iddiaçının təşəbbüsü, razılığı və xəbəri olmadan bağlanması göstərilən əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. O, digər işəgötürənlə əmək müqaviləsi bağlaya və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əmək hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişi ləğv edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində İddiaçı ilə Cavabdeh MMC (VÖEN: **********) arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişi ləğv edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar