Məhkəmə qərarları › İş №2(006)-4992/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4992/2021

13.08.2021 · Müqavilələrin dəyişdirilməsi - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4992/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin dəyişdirilərək yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin dəyişdirilərək yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə aralarında bağlanmış 19.09.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin dəyişdirilərək kreditin restrukturizasiyadan sonra ödəniləcək 5.299 manat 26 qəpiyə dair LPO Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə onun arasında güzəştli şərtlərlə yeni müqavilənin bağlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC ilə aralarında bağlanmış 19.09.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə qaytarmaq şərti ilə, illik 29 faiz dərəcəsi ilə, 6.400 ABŞ dolları kredit götürmüşdür. İyul 2015-ci il tarixə kimi də daxil kreditin çox hissəsini ödəmişdir. Əlavə olaraq, 03.11.2014-cü il tarixli 819055 saylı kredit müqaviləsi üzrə həmin bankdan 36 ay müddətinə qaytarmaq şərtilə illik 29 faiz dərəcəsi ilə, 800 manat məbləğində (kart krediti) kredit götürüb əvvəlki kreditin ödənişini etmişdir. ABŞ dollarının kursu qalxsa belə iyul 2015-ci il tarixə kimi kredit ödənişini etmişdir. Hazırda bu müqaviləyə Fərmanın tələbləri tətbiq olunaraq 444 manat 25 qəpik məbləğində borcunun restrukturizasiya müqaviləsi hazırlanıb və həmin müqaviləyə imza etmişdir. Portaldan çıxarışda da bu rəqəm öz əksini tapmışdır. Ağsu rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli 2(016)-1803/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin borc tələbinə dair iddiası qismən təmin olunmuş, ********* saylı kredit müqaviləsi üzrə 5.608 ABŞ dolları əsas borc, 1.577 ABŞ dolları 31 sent məbləğində faiz, 80 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 7.265 ABŞ dolları 31 sent məbləğində borcun tutulması və müqavilənin ləğvinə dair qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanı ilə əlaqədar restrukturizasiya olunması üçün 10.10.2019-cu il tarixdə Cavabdeh1 ASC-nin Ağsu rayon filialına yaxınlaşıb xahiş etmişdir ki, adından müraciət ərizəsi yazılsın. Bir işçi xanım ərizəni yazmış, o da imzalamışdır. Elə zənn etmişdir ki, hər iki kredit müqaviləsi üçün müraciət yazılıb. Sonradan bilmişdir ki, ərizədə 19055 saylı kart krediti üzrə müqavilə qeyd olunub, 5.608 ABŞ dolları məbləğində ********* saylı müqavilənin xahişi yazılmayıb. Lakin həmin məbləğlə bağlı Ağsu rayon Məhkəməsindən icra işinin götürülməsi qeyd olunub. Hər dəfə şifahi formada aidiyyatı qurumlar ona cavablarında bildirirdilər ki, 2019-cu ilin sonuna kimi müraciət etmədiyindən mövcud Fərmanın tələbləri onun borcuna tətbiq oluna bilmir. "xxxx" MMC-nin sifarişli poçtu ilə 30.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna yeni kredit müqaviləsinin bağlanması barədə ərizələrlə müraciət etmişdir. Bu ilin əvvəlində ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 13 yanvar 2021-ci il tarixli **********490 saylı cavab məktubunda bank əməliyyat sistemində 3.117 ABŞ dolları 21 sent əsas borc, 6.764 ABŞ dolları 72 sent faiz, 4.484 ABŞ dolları 72 sent cərimə olmaqla, ümumilikdə 14.366 ABŞ dolları 21 sent məbləğində borc öhdəliyinin qaldığı bildirilmiş və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq 31.12.2019-cu il tarixə kimi müraciət etmədiyi bildirilmişdir. Məktubdan belə başa düşülür ki, həmin tarixə kimi rəsmi müraciət etmədiyindən barəsində olan kredit borcuna Fərmanın məzmunu tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mərkəzi Bankı Problemli kreditlərlə bağlı kompensasiya məbləğinin hesablanması üzrə internet informasiya sistemindən çıxarışı nəzərə çatdırır. Problemli kreditlərin kompensasiyası çıxarışını nəzərə çatdırır. 1. Bankın elektron sistem üzrə 2020-12-24-cü il tarixli çıxarışında yazılmışdır: Cəmi hesablanmış kompensasiya 4.814,06. Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi 0. Borcların ödənilməsinə yönəldilən hissə 4.814,06. Vətəndaşa çatan hissə 0. Restrukturizasiya məbləği 6.024,77. 2. Restrukturizasiya olunması təklif olunan kreditlərin izahında əsas kredit borcunun manatla ifadəsi: FİNKA Azərbaycana 281,26. LPO Dəmirbank ASC 444,25. LPO Dəmirbank ASC 5.299,26 ödəniləcək məbləğ. Bu ilin əvvəlində Bakı İnzibati məhkəməsinə Mərkəzi bankı da cavabdeh qismində tanıyaraq iddia ərizəsi ilə müraciət etmişdir. X8 sədrliyi ilə baxılan mülki iş üzrə Mərkəzi bankın 17.02.2021-ci il tarixli məktubundan aydın olur ki, götürdüyü kredit restrukturizasiya edildikdən sonra ödəniləcək məbləğ 5.299,26 manat hesablanmışdır. Palata Fərmanla üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Borclulara güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (kredit üzrə hesablanmış faiz və cərimə məbləğləri yalnız kredit borcu restrukturizasiya edildikdə silinir) Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Yeni kredit müqaviləsinin bağlanılması Mərkəzi Banka aid olmadığından ərizə ilə sənədlərini məhkəmədən götürmüşdür. Fərmanın 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərin yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri və 6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. O, hazırda banka ödəməli olduğu 5.299 manat 26 qəpiyi ödəmək istəyir. Bankla arasında yeni müqavilə olmadığından ödəyə bilmir. Odur ki, "xxxx" ASC ilə aralarında bağlanmış 19.09.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin dəyişdirilərək kreditin rnestrukturizasiyasından sonra qalan 5.299 manat 26 qəpiyin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında güzəştli şərtlərlə yeni müqavilənin bağlanması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağsu rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli 2(016)-1803/2016 saylı qətnaməsi ilə Cavabdeh1 ASC-nin İddiaçı, X2 və X5 qarşı «borc» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 19 sentyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 329 ABŞ dolları 20 sent məbləğində dəbbə pulu 80 ABŞ dolları məbləğinədək azaldılmış; İddiaçı, X1 və X4 19 sentyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 5.608 ABŞ dolları məbləğində əsas borc, 1.577 ABŞ dolları 31 sent məbləğində faiz, 80 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 7.265 ABŞ dolları 31 sent məbləğində borc və ödənilmiş dövlət rüsumundan 29 manat 01 qəpik məbləğində pulun alınaraq iddiaçı Cavabdeh1 ASC-nin hesabına ödənilməsi; ödənilmiş dövlət rüsumunun 3,3 faizi, yəni 0,99 manatın iddiaçıya aid edilməsi; Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 29 sentyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı 13 yanvar 2021-ci il tarixli **********490 saylı məktubundan görünür ki, LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 03.11.2014-cü il tarixli 800/AZN saylı kredit müqaviləsi üzrə ona 36 ay müddətinə 800 manat məbləğində kredit verilmişdir. Bildirilmişdir ki, LPO Cavabdeh1 ASC qarşısında 03.11.2014-cü il tarixli 800/AZN saylı kredit müqaviləsi üzrə 11 yanvar 2021-ci il tarixə bank əməliyyat sistemində 444 manat 25 qəpik əsas, 61 manat 48 qəpik faiz, 1.410 manat 23 qəpik məbləğində cərimə olmaqla, 1.915 manat 96 qəpik məbləğində borc öhdəliyi mövcuddur. Eyni zamanda bildirilmişdir ki, yuxarıda qeyd olunan müqavilə üzrə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya müqaviləsi hazırlanaraq imzalanması üçün göndərilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 19.09.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə ona 36 ay müddətinə 6.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Bildirilmişdir ki, LPO Cavabdeh1 ASC qarşısında 19.09.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə 11 yanvar 2021-ci il tarixə bank əməliyyat sistemində 3.117 ABŞ dolları 21 sent məbləğində əsas borc, 6.764 ABŞ dolları 72 sent məbləğində faiz, 4.484 ABŞ dolları 28 sent məbləğində cərimə olmaqla, 14.366 ABŞ dolları 21 sent məbləğində borc öhdəliyi mövcuddur. Eyni zamanda bildirilmişdir ki, yuxarıda qeyd olunan müqavilə üzrə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq 31.12.2019-cu il tarixədək müraciət edilməmişdir. Xahiş olunmuşdur ki, məktub ünvanlanmış şəxs nəzərə alsın. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının 07 yanvar 2021-ci il tarixli 26-00198-2021 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankının Apellyasiya Komissiyasında baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. Xahiş olunmuşdur ki, qeyd edilənlər nəzərə alınsın. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. Göründüyü kimi, kredit borclarının restrukturizasiyası ilə bağlı müddəalar tövsiyə xarakterli olmuş, eyni zamanda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. İş materiallarından da göründüyü kimi, borclu digər borc məbləğinin restrukturizasiya olunmasına dair 10.10.2019-cu il tarixdə Banka müraciət etsə də, hazırkı borcla bağlı hər hansı müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, yuxarıda qeyd edilən, iddiaçıya ünvanlanan məktublardan da görünür ki, iddiaçı 31.12.2019-cu il tarixədək müraciət etməmişdir. Digər tərəfdən, iddia ərizəsində də adı qeyd edilən Fərmanla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri banklara tövsiyə olunmuşdur. Həmçinin, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Bank (Ləğvedicisi) fiziki şəxslə müqavilə bağlamağa məcbur edilə bilməz, qanunvericilik bunu qəti şəkildə qadağan edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X7 cavabdeh "xxxx" BOKT ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin dəyişdirilərək yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar