Məhkəmə qərarları › İş №2(006)-5049/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5049/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5049/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublika Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublika Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətindən 130000 (bir yüz otuz min manat) sığorta ödənişi,75000 (yetmiş beş min manat) dəbbə pulu,cəmi 205000 (iki yüz beş min manat) pulun İddiaçı1 və 20000 (iyirmi min) manat sığorta ödənişinin və 10000 (on min) manat dəbbə pulunun, cəmi 30000 (otuz min) manat pulun alınıb İddiaçı2 ödənilməsi barədə qətmanə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onların Bakı şəhəri ''Evrohome” ticarət mərkəzində 10.12.2019-cu il tarixdə baş verən yanğın nəticəsində sığortalanan ticarət malları yanıb məhv olmuşdur. Nəticədə Ş.V.Sədovaya 170190 (bir yüz yetmiş min bir yüz doxsan) manat ziyan və İddiaçı2 50534 (əlli min beş yüz otuz dörd) manat ziyan dəymişdir. Onların fəaliyyət göstərdiyi Bakı şəhəri ”Evrohome” ticarət mərkəzində 79 saylı mağazada olan 100000 (bir yüz min) manat məbləğində satılan ticarət mallarına, daşınar əmlaka görə Dövlət Kommersiya Sığorta şirkəti ilə 25.08.2019-cu il tarixdən 24.08.2020-ci il tarixədək dövr ərzində və 85 saylı mağazada isə, 20000 (iyirmi min) manat məbləğində satılan ticarət mallarına, daşınar əmlaka görə Dövlət Kommersiya Sığorta şirkəti ilə 02.11.2019-cu il tarixdən 01.11.2020-ci il tarixədək dövr ərzində sığorta müqaviləsi bağlamışlar. Eləcə də İddiaçı1 icarəsində olan daşınmaz əmlak isə 30000 (otuz min) manat məbləində icbari sığorta olunmuşdur. Cavabdeh onlara rəsmi olaraq bildirmişdir ki, yanğın hadisəsi nəticəsində İddiaçı1 əmlakına dəymiş 170190 manat və İddiaçı2 əmlakına dəymiş 50534 manat zərər təqsirkar şəxs tərəfindən ödənilmişdir. Bu səbəbdən də sığorta ödənişinin verilməsindən imtina olunur. Onlara heç kim yanğın nəticəsində dəyən zərəri ödəməmişdir. Onlar yanğın nəticəsində zərərə görə sığorta ödənişindən əlavə zərərlərinə görə məhkəmədə iddia qaldırmışlar və mülki iddiaçı kimi tanınmışlar. İddiaçılar İddiaçı1 və P.İddiaçı2 ticarət etməklə məşğul olurlar. İddiadan göründüyü kimi yanğın nəticəsində onların mağazalarında olan bütün malları yanaraq məhv olmaqla, onlar sığorta olunan məbləğdən də artıq miqdarda zərər dəymişdir. Cavabdehin iddiaçılara ödəməli olduğu sığorta məbləğinin qanunsuz və əsassız gecikdirməsi səbəbindən, ticarətlə məşğul olan, ailələrini ticarətlə dolandıran iddiaçılar, hansı vəsaitlə mağazalarını bərpa edib, mal alaraq ticarət etməli idi. Sığortaçının qanunsuz və əsassız olaraq, onalara ödəməli olan sığorta məbləğinin gecikdirməsi səbəbindən, iddiaçılar aylarlarla qazancsız qalmaqla, əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri pozulması göz qabağındadır. Qanunun bu imperativ normasını məhkəmənin nəzərə almasını hesab edərək iddiaçılara ödənilməli olan ən azı sığorat ödənişinin ikiqat məbləği iddiaçılara ödənilməlidir. Əgər iddiaçılar sığorta ödənişini vaxtında alsaydılar və həmin məbləği ticarətdə dövr etməli olub, ən azı 10 dəfə çox qazanc əldə edə bilərdilər. İddiaçı1 dəbbə pulu kimi 75000 manat, P.İddiaçı2 isə 10000 manat cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 şifahi vəsatətlə məhkəməyə müraciət edərək, hazırki mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin subyektiv tərkibini və mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından göründüyü kimi iddiaçılar fərdi sahibkar olmaqla (VÖEN **********, **********) ''Evrohome” ticarət mərkəzində 10.12.2019-cu il tarixdə baş verən yanğın nəticəsində sığortalanan ticarət mallarının məhv olmasına istinad edərək, sığorta ödənişlərinin həyata keçirilməsindən cavabdeh tərəfin imtinasını məhkəməyə müraciət etməklə mübahisələndirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, ümumi məhkəmədə yox, yurisdiksiya üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar