Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-509/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Qələndər qızının, cavabdeh «xxxx» QSC-nin nümayəndə və vəkilləri X1, X2 və Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər «xxxx» QSC və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı "sığorta ödənişinin ödənilməsi və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Qələndər qızı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 ölümü ilə əlaqədar sığorta ödənişinin cavabdehlər «xxxx» QSC və Cavabdeh2 Sığorta Şirkəti ASCdən tutularaq İddiaçı ödənilməsi və mənəvi təzminat olaraq 30000 manat məbləğində pulun cavabdeh «xxxx» QSC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Qələndər qızı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının atası X8 30 mart 2012-ci il tarixli əmək müqaviləsinə əsasən “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin 1 saylı Tunel-Tikinti İdarəsində 1-ci növbə üzrə saat 08:00-dan 14:00-a kimi fəhlə kimi işə qəbul edilir. 31.08.2012-ci il tarixində saat 15:30-da “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin 1 saylı Tunel-Tikinti İdarəsinin 162 saylı sahəsində iş zamanı vəfat etmişdir. İddiaçının o zaman 12 yaşı olduğu üçün hadisələri dərk edə bilməmişdir. Yetkinlik yaşına çatdıqdan sonra atasının ölüm işini yenidən araşdırmağa, onun ölüm səbəbini öyrənməyə və pozulmuş hüquqlarının bərpasına qərar vermişdir. Bundan sonra sorğular əsasında atasının ölüm işinə dair sənədləri əldə etmişdir. Həmin sənədləri tədqiq etdikdən sonra atasının heç bir günahı olmadan istehsalat zamanı vəfat etdiyi halda, onlara atasının öz günahı olduğu üçün vəfat etməsi ilə deyilənlərin hamısının yalan olduğunu dərk etmiş və atasının ölüm işinin ümumiyyətlə araşdırılmadığının, onlara məlum olmayan maraqlarla qapadıldığının şahidi olmuşdur. Əmək müqaviləsi üzrə F.Əsgərov 1-ci növbə üzrə işə qəbul edilsə də, 2-ci növbə işə cəlb edilmiş, fəhlə kimi işə qəbul edilsə də, elektrovozçumaşinist işi gördürülmüşdür. F.Əsgərov ilə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin 1 saylı Tunel-Tikinti İdarəsi arasında bağlanmış əmək müqaviləsində Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. İşçinin əmək funksiyası, sığorta və digər qanunvericilik tələbləri əks olunmamışdır. F.Əsgərov iş vaxtından əlavə işə cəlb olunmuşdur. Onun əmək funksiyasının nədən ibarət olması bilinmir. 3-cü dərəcəli yeraltı fəhlə vəzifəsinə təyin olunmuş, bütün işçilərin yerinə işlədilmişdir. Burada bir məqam da odur ki, işəgötürənin marağı naminə F.Əsgərov öldüyü üçün bütün işçilərdən onun əleyhinə izahat almaqla, bütün işçilərin vəzifə təlimatı F.Əsgərovun üzərinə qoyulmuşdur. X11 Xidməti və Xətai rayon prokurorluğunun birgə təhqiqat sənədlərindən belə nəticəyə gəlinir ki, F.Əsgərov fəhlə kimi işə qəbul edilsə də, nəqliyyatla bağlı biliyinin olub-olmaması yoxlanılmadan ona nəqliyyatçı vəzifəsinin öhdəliyini icra etdirmişlər, hansı ki, F.Əsgərovun ölüm anı gördüyü iş elektrovoz-maşinistin vəzifə təlimatına daxil olan iş olmuşdur. Burada eyni zamanda iddiaçının bir oğlan övladı olaraq atasız böyüməsində mənəvi iztirab keçirməsini təsəvvür belə etmək çətindir. Anası təhsilsiz və sakit bir qadındır. Cavabdeh işəgötürən isə anasının bu sakitliyindən və təhsilsizliyindən istifadə edərək, onlara çatası haqqı verməmişdir. Məktəbdə hamının atası haqqında danışdığı zaman iddiaçının atası haqqında danışa bilməməsi çox çətindir. Bunu yalnız atasız böyüyən insan bilə bilər. Bu günə kimi cavabdeh işəgötürən F.Əsgərovun onun öz günahı səbəbindən vəfat etməsinə onun ailəsini inandırmaqla həm pozuntuları üstlərindən atmışlar, həm də onun ailəsinin hüquqlarını pozmuşlar. Bütün bunları öyrəndikdən sonra oğlunun mənəvi iztirabı ona rahatlıq vermir. Çünki sağlam və gənc atası bir gün işə gedir və bir neçə saat sonra ölüm xəbəri verilir. İddiaçının atasının ölümünə görə vurulan mənəvi zərəri 30000 manat miqdarında dəyərləndirirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» QSC-nin nümayəndə və vəkili X7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının atası X4 ölüm faktı ilə bağlı açılmış cinayət işi üzrə icraata Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 20.11.2012-ci il tarixli Qərarı ilə xitam verilmişdir. Həmin Qərarda da göstərilmişdir ki, X4 ölümü ilə nəticələnmiş bədbəxt hadisənin baş verməsində 1 №-li Tunel Tikinti İdarəsinin rəhbər vəzifəli şəxslərinin cavabdehliyi, yəni işəgötürənin təqsiri müəyyən olunmamışdır. Bundan əlavə, X4 ölümünün səbəbi onun tərəfindən tikintidə təhlükəsizlik texnikası qaydalarının, Qazmaçı və Dağ-mədən fəhlələri üçün təhlükəsizlik texnikası üzrə Təlimatının tələblərinin pozulması idi. Ayrıca qeyd olunmalıdır ki, işçilər, o cümlədən, X8 mütəmadi olaraq (hər rübdə bir dəfədən az olmayaraq) əməyin mühafizəsi normaları ilə təlimatlandırılırdılar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, 1) İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2) İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərər o görə müvafiq ödənclər ödənilməlidir. 3) İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4) İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5) Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Bu maddədən göründüyü kimi, işəgötürən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli olduğu halda dəymiş zərərin əvəzini ödəməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. “Azərtunelmetrotikinti” SC-nin 1 saylı Tunel-Tikinti İdarəsinin sözügedən bədbəxt hadisədə təqsiri müəyyən edilmədiyinə görə, işəgötürən AR Əmək Məcəlləsinin 239-cu maddəsində göstərilən ödənişlərin ödəməyə borclu deyildir. Yuxarıda qeyd etdiyimiz kimi, Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 20.11.2012-ci il tarixli Qərarı ilə iddiaçının atası X4 ölüm faktı ilə bağlı açılmış cinayət işi üzrə icraata xitam verilmişdir və bununla da “Azərtunelmetrotikinti” SC-nin 1 saylı Tunel-Tikinti İdarəsinin bu hadisədə cavabdehliyi müəyyən olunmamışdır. Buna görə də iddiaçının cavabdeh “xxxx” QSC-dən mənəvi zərərin əvəzinin tələb etməsi absurddur. Cavabdeh «xxxx» QSC Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli Sərəncamı əsasında xxxxnin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılmışdır. 1 saylı Tunel Tikinti İdarəsi isə hüquqi şəxs statusuna malik olan törəmə müəssisəsi olmuş və 17.04.2015-ci il tarixdə ləğv olunmuşdur. İddiaçının atasının işəgötürəni 1 saylı Tunel Tikinti İdarəsi olduğundan, əmək münasibətlərindən irəli gələn bütün hüquq və öhdəlikləri də məhz həmin İdarə daşımış və həmiş şəxsin ölüm hadisəsi baş verən zaman İdarə mövcud olmuş bütün münasibətlərdə müstəqil şəkildə özü iştirak etmişdir. 1 saylı Tunel Tikinti İdarəsi qanunvericiliyə uyğun ləğv prosessindən keçmiş və bu prosesdə iddiaçı İdarəyə qarşı hər hansı tələb irəli sürülməmişdir. 1 saylı Tunel Tikinti İdarəsi 17.04.2015-ci il tarixdə ləğv olunduğundan "xxxx” QSC həmin İdarənin hüquqi varisi hesab edilmir və bu səbəbdən də hazırkı iş üzrə cavabdeh ola bilməz. Göstərilənlərə əsasən iddianın onlara aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» QSC-nin nümayəndə və vəkili X9 digər nümayəndənin dediklərinə uyğun məzmunda izahat verərək iddianın onlara aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh2 Sığorta Şirkəti ASC ilə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin 1 saylı Tunel Tikinti İdarəsi arasında 11.03.2011-ci il tarixində QAL-00000088 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmış və sonrakı müddətləri əhatə edən prolonqasiyalar imzalanmışdır. Lakin məhkəmədə iddia qaldırmamışdan əvvəl iddiaçının vəkili Vəkil 16.10.2019-cu il tarxili sorğusuna və “xxxx” QSC-nin 16.05.2019-cu il tarixli müraciətinə tərəflərindən cavab verilərək bildirilmişdir ki, vəkilin sorğusunda qeyd olunan 31.08.2012-ci il tarixdə və ya “xxxx” QSC-nin məktubunda qeyd olunan 31.08.2012-ci il tarixdə X10 vəfat edərkən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə əsasən sığorta olunmamışdır. Hər iki müraciətdə şəxsin ölüm tarixi müxtəlif tarixlər göstərilmişdir. Hadisənin nə vaxt baş verməsi qeyri-müəyyəndir. 2010-cu ildə onların şirkəti heç olmamışdır. Hadisə 2012-ci ildə olsa belə, həmin şəxsin müqaviləsi olmamışdır. Əgər müqavilə olsa idi, həmin şəxsə veriləcək sığorta ödənişinin məbləği 15227,64 manat təşkil edə bilərdi (eyni vəzifədə işləyən şəxsin maaşına uyğun olaraq «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası»na əsasən müəyyən edilmiş sığorta ödənişi məbləği) Göstərilənlərə əsasən iddianın onlara aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Azərtunelmetrotikinti” ATSC-nin 1 saylı Tunel Tikinti İdarəsi ilə X10 arasında bağlanmış 30.03.2012-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X10 1 saylı Tunel Tikinti İdarəsində 162 №-li sahə - üçüncü dərəcəli yeraltı fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Lənkəran rayonu Liman şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən 26 sentyabr 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 548560 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 31.08.2012-ci il tarixdə həyatla bir araya sığmayan travma səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26.09.2012-ci il tarixdə 60 № ilə qeyd edilmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. Həmin Qanunun 20.0.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Həmin Məcəllənin 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Eyni Məcəllənin 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının atası X10 31.08.2012-ci il tarixdə iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən vəfat etmişdir. Faiq Əskərov sığorta olunmamışdır. Hazırda iddiaçı atasının ölümü ilə bağlı müvafiq sığorta məbləğinin cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iş materialları əsasında istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının atasının vəfat etməsi müəyyən edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası»na əsasən sığorta ödənişi kimi ödənilməli olan 15227,64 manat məbləğində pul iddiaçıya dəymiş zərərin əvəzi kimi «xxxx» QSC-dən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti xxxxn və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçmişdir. Məhkəmə həmçinin hesab edir ki, digər Cavabdeh2 Sığorta Şirkəti ASC-nin iddiaçı qarşısında hər hansı öhdəlik daşımadığından iddia tələbi ona aid hissədə təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində və onun vəkili məhkəmə baxışı zamanı cavabdeh «xxxx» QSC-nin təqsiri nəticəsində iddiaçıya mənəvi zərərin vurulmasını qeyd etsə də, cavabdeh «xxxx» QSC-nin tərəfindən iddiaçıya mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının atasının ölümündə cavabdehin təqsiri müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh «xxxx» QSC-dən 15227,64 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia digər hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh «xxxx» QSC-dən 15227,64 (on beş min iki yüz iyirmi yeddi manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-509/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-509/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver