Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5102/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı Əliyeva (Cavadova) Zəminə Məmməd qızının Cavabdeh qarşı «qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Cavadova) Zəminə Məmməd qızı Cavabdeh qarşı «qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyində olan ona və övladına məxsus, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının ona qaytarılması, həmin qızıl-zinət əşyaları aşkar edilmədiyi halda isə dəyəri olan 7.000 manatın (iddia ərizəsinin xahiş hissəsində səhvən 7.000 manat qeyd olunur, iddia ərizəsində siyahıda göstərilən əşyaların ümumi dəyəri 7.200 manat kimi göstərilib) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əliyeva (Cavadova) Zəminə Məmməd qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli 2(006)- 713/2021 saylı qətnaməsinə əsasən onunla keçmiş həyat yoldaşı Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Yaranmış ailə mübahisəsi zəminində o, cavabdehlə birgə yaşadığı evi tərk etmişdir və bu zaman onu və azyaşlı qızına məxsus olan qızıl-zinət əşyaları cavabdehin sahibliyində qalmış və hazıradək ona könüllü qaytarılmamışdır. Həmin qızıl-zinət əşyaları aşağıdakılardır: 1). Qızıl komplekt brilyant qaşlı – 750 əyarlı, qiyməti 5.000 manat; 2). Nişan üzüyü, Sibir brilyant qaşlı - qiyməti 800 manat; 3). Sadə alyans - qiyməti 300 manat; 4). Paxlava formasında qaşsız üzük - qiyməti 300 manat; 5). Gül formasında firuzəyi qaşlı üzük - qiyməti 300 manat; 6). Sadə üzük (anası hədiyyə edib) - qiyməti 200 manat; 7). Qızına (uşağa) məxsus qızıl sep, qolbaq və sırğa - qiyməti 300 manat; cəmi 7.200 manat dəyərində qızıl-zinət əşyaları. Toy günü gəlinə verilən qızılzinət əşyaları hədiyyə hesab olunduğu üçün qadının mülkiyyəti sayılır və mülkiyyətçi kimi ona qaytarılmalıdır. Həmin qızıl-zinət əşyalarının mövcudluğunu və hədiyyə kimi ona verilməsini təsdiq edən sübutları ərizəyə əlavə edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, Əliyeva (Cavadova) Zəminə Məmməd qızı ona qarşı «qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, iddiaçının iddiası əsassızdır. Ona görə də, bu iddiaya qarşı öz etirazını bildirir. Nəzərə çatdırır ki, o, Əliyeva (Cavadova) Zəminə Məmməd qızı ilə 25.11.2014-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onların evliliklərinin ilk günlərindən həm atası, həm də anası onların mehriban yaşamaları üçün bütün imkanlardan istifadə etmişlər. Belə ki, Əliyeva (Cavadova) Zəminə Məmməd qızı bir həyat yoldaşı kimi heç vaxt ona qulluq etməmiş, adi yemək və çayı belə ona verməmişdir. Lakin anası və o, bütün bunlara göz yummuşlar. Ailə qurduqları ilk gündən bu vaxta kimi ona yenə də anası qulluq edir. Bildirir ki, onların evliliyindən bir müddət sonra Əliyeva (Cavadova) Zəminə Məmməd qızı işləməyə başlamışdır. Bundan sonra iddiaçının hərəkətlərində və davranışlarında çox böyük dəyişikliklər baş vermişdir. İddiaçı dəfələrlə ona demədən öz valideynləri ilə Zaqatala rayonuna getmiş və gedəndə də, istədiyi əşyaları da özü ilə aparmışdır. Onların evli olduqları müddətdə iddiaçı üzərində qızıl-zinət əşyaları gəzdirmədiyi üçün dəfələrlə anası bunun səbəbini soruşmuş, lakin iddiaçı hər dəfə müxtəlif bəhanələr gətirərək bu suala cavab verməkdən yayınmışdır. Axırıncı dəfə iddiaçı 14.09.2020-ci il tarixdə işə getmək adı ilə evdən çıxmışdır. Amma həmin gün o, iddiaçı ilə hər hansı kafe və ya restoranda birlikdə nahar etməyi planlaşdırmışlar. O, iddiaçının iş saatı bitdikdən sonra dəfələrlə iddiaçıya mobil telefonla zəng etsə də, sonuncu telefon zənglərinə cavab verməmişdir. Həmçinin valideynləri də iddiaçının mobil telefonuna zəng etmiş, lakin iddiaçı onlara da cavab verməmişdir. Sonradan Zəminənin valideynləri ilə əlaqə saxladıqda onlara məlum olmuşdur ki, iddiaçı onları aldadaraq Zaqatala rayonuna, öz valideynlərinin yanına getmişdir. İddiaçı gedəndə həm özünün, həm də uşağın şəxsi əşyalarını yığıb aparmışdır. İddiaçının bütün əməlləri Zəminənin əvvəlcədən onların evdən gedəcəyini planlaşdırdığını sübut edir. Qeyd edir ki, Zəminə bundan əvvəl də dəfələrlə valideynlərinin yanına, Zaqatala rayonuna getmişdir. Nə o, nə də valideynləri iddiaçının əl çantasını və digər əşyalarını yoxlamamışlar. Yəni, Zəminə özü ilə istədiyi əşyanı aparmaq imkanına malik idi. Bildirmək istəyir ki, Zəminə özü onların evinə gəlin gələrkən heç bir cehiz əşyası gətirməmişdir. İddiaçının atası maddi vəziyyətinin çətin olduğunu və bu səbəbdən də qızı Zəminəyə toy hədiyyəsi kimi heç bir cehiz əşyasını vermək imkanının olmadığını bildirmişdir. Onun valideynləri isə iddiaçının atasının vəziyyətini başa düşərək sonuncudan heç nə tələb etməmiş, yalnız valideyn kimi öz xeyir-duasını verməsini istəmişlər. Amma işin sonrakı halları göstərir ki, Zəminə düşünülmüş və planlaşdırılmış şəkildə evdən getmişdir. Çünki nə o, nə də valideynləri tərəfindən iddiaçıya qarşı hər hansı bir pis rəftar olunmamışdır. Əksinə, valideynləri onun xoşbəxtliyi naminə çox şeyə göz yummuş, hər şeyin ziddinə getməmişlər. Ona görə də hesab edir ki, Əliyeva (Cavadova) Zəminə Məmməd qızının ona qarşı «qızıl-zinət əşyaları» tələbinə dair iddiası əsassız və qanunsuzdur. Yuxarıda qeyd olunanlara əsasən iddiaya öz etirazını bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər 25 noyabr 2014-cü il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 2761 saylı akt qeydi ilə nikah bağlayaraq ailə qurmuşlar, bu nikahdan tərəflərin bir övladı doğulmuş, tərəflər arasında olan nikah İddiaçı iddiasına əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(006)-713/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı gəlin köçərkən ona iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyaları hədiyyə edilmişdir və işin faktiki halları ilə müəyyən olunmuşdur ki, həmin qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuş, həmin əşyalar cavabdeh tərəfin fiziki nəzarəti altında olmamış, iddiaçı həmin qızıl-zinət əşyalarını özündə saxlamışdır və gedərkən sərbəst şəkildə mənzili tərk etmiş, həmin əşyaları özü ilə götürmüşdür. İddiaçı mənzili tərk edərkən evdə heç kim olmamışdır və iddiaçının mənzili sərbəst şəkildə tərk etməsinə və əşyaları mənzildən götürməsinə heç kim maneə törətməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar (qızılzinət əşyalarını mənzili tərk edərkən götürə bilməməsi) məhkəməyə təqdim edilməmişdir. Əksinə, işin faktiki hallarından göründüyü kimi, iddiaçı sərbəst şəkildə mənzili dəfələrlə tərk edərək, ölkə ərazisində sərbəst hərəkət etmiş, qızıl-zinət əşyaları cavabdeh tərəfdə deyil, iddiaçının özündə olmuş, iddiaçı sonuncu dəfə mənzili də sərbəst şəkildə, həmin zaman mənzildə heç kimin olmadığı vaxtda tərk edərək, rayona, valideynlərinin yanına getmiş, qızıl-zinət əşyalarını götürmək imkanı olmuş, həmin vaxt cavabdeh tərəf mənzildə olmamış və iddiaçının mənzildən nə isə götürməsinə maneə yaratmamışdır. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Əliyeva (Cavadova) Zəminə Məmməd qızının Cavabdeh qarşı «qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əliyeva (Cavadova) Zəminə Məmməd qızının Cavabdeh qarşı «qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5102/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5102/2021
31.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver