Məhkəmə qərarları › İş №2(006)-5134/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5134/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5134/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi əməliyyatlar aparılan zonada travma alaraq ikinci dərəcəli əlil olduğu üçün ona qanunla müəyyən edilmiş qaydada 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə yaşadığı Ağdam rayonunun Qiyaslı kəndi işğal edilərkən ermənilər tərəfindən girov götürülmüşdür. Bərdə Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-891-2005 saylı qətnaməsindən görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilədək erməni əsirliyində girov qalmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin SER TSE-02-N 137077 nömrəli arayışından görünür ki, hərbi əməliyyatlar keçirilən zonada yararlanması ilə əlaqədar iddiaçıya 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bu yaxınlarda onun Şuşa türməsində keçirdiyi əsirlik günləri ilə bağlı sənədli film də çəkilmiş və 08 may 2022-ci ildə saat 19:20-də “AzTV” telekanalında nümayiş etdirilmişdir. Həmin çəkilişlər zamanı əsirlikdə işgəncələrə məruz qalması və yaralanması ilə bağlı sığorta pulunun ödənilib-ödənilməməsi ondan soruşulmuş, iddiaçı sığorta pulu almadığını bildirdikdə isə ərizə ilə müraciət etməli olması ona tövsiyə edilmişdir. Belə olan halda iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Şirkətə müraciət edərək, ona sığorta pulunun ödənilməsini xahiş etmiş, ancaq bu günədək cavabdeh tərəfindən ona heç bir cavab verilməmişdir. Ona görə də iddiaçı hesab edir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi əməliyyatlar aparılan zonada travma alaraq ikinci dərəcəli əlil olması ilə bağlı ona sığorta pulu ödənilməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddia ərizəsinə etirazla müraciət edərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddianı qəbul etmir və hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən və işin faktiki hallarından məlum olur ki, İddiaçı rayon işğal olduğu zaman mülki vətəndaş qismində girov götürülmüşdür. İddiaçı hərbi qulluqçu statusuna malik olmamış, hərbi xidmət dövründə xəstələnməmiş, yaxud hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar xəsarət almamış, iddiaçıya ümumi xəstəlik səbəbindən əlillik təyin edilmişdir. Şəxsə ümumi xəstəlik səbəbindən əlilliyin təyin olunması təyinatın həyata keçirildiyi dövrdə qüvvədə olan qanunverciliyə uyğun olaraq sığorta hadisəsi hesab edilmir. Nəticə etibarilə hazırki iş üzrə iddiaçının xəstəliyi qanunvericiliyin tələbi baxımından sığorta hadisəsi hesab edilmir. İddiaçının əlilliyinin mövcud olması hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında qanunvericiliyə əsasən sığorta hadisəsi hesab edilmədiyindən, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas verir. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verib, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuşdur. Mülki işin materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2- 891-2005 saylı qətnaməsindən görünür ki, İddiaçı 23 iyul 1993-cü ildən 28 avqust 1993-cü ilə qədər erməni əsirliyində girovda olması faktı müəyyən edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-02 seriyalı 137077 nömrəli arayışından görünür ki, İddiaçı hərbi əməliyyatlar keçirilən zonada olması səbəbindən xx.xx.2012-ci ilədək ikinci dərəcəli əlillik təyin edilmiş və əmək qabiliyyətsiz hesab edilmişdir. Mülki işin materiallarında olan 100926 nömrəli vəsiqədən görünür ki, İddiaçı İİ (ikinci) qrup əlildir. Mülki işin materiallarında olan İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı məktubdan görünür ki, o Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi əməliyyatlar aparılan zonada travma alaraq ikinci dərəcəli əlil olması ilə bağlı sığorta pulunun ödənilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi sənədindən görünür ki, İddiaçı xx.xx.2014-cü ildən ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Ona “Q.K.B.T-dan sonrakı vəz ensefalopatiya. Davam edən eparanoid reaktiv paranoid pisxoz, residif fazada Şəxsiyyət dəşikliyi” diaqnozu qoyulmuş və o, əmək qabiliyyətsiz hesab olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 1993-cü ildə, 11 yaşında Birinci Qarabağ müharibəsi zamanı yaşadığı Ağdam rayonunun Qiyaslı kəndi işğal edilərkən ermənilər tərəfindən girov götürülmüşdür. Onun xx.xx.1993-xx.xx.1993-cü il dövründə erməni əsirliyində girovda olması faktı Bərdə Rayon Məhkəməsinin xx.xx.2005ci il tarixli 2-891-2005 saylı qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı əsir götürülərkən 11 yaşında olduğundan, onun həmin vaxt mülki vətəndaş olması işin mübahisəsiz halını təşkil edir. İddiaçıya hərbi əməliyyatlar keçirilən zonada olması səbəbindən xx.xx.2012-ci ilədək, xx.xx.2014-cü ildən isə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi iş materiallarında olan sübutlardan aydın olur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasında qeyd edilmişdir ki, bu Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Qanunun 1.1-ci maddəsinə əsasən, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir. Qanunun 2.1.3-cü maddəsinə görə, sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərdir. Qanunun 5-ci maddəsinə əsasən, aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi əməliyyatlar aparılan zonada travma alaraq ikinci dərəcəli əlil olduğu üçün qanunla müəyyən edilmiş qaydada 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, iddiasının qanuni əsası tapılmadığından, məhkəmə tərəfindən iddia ərizəsi əsassız hesab edilmişdir. Belə ki, iddiaçı hərbi əməliyyatlar aparılan zonada travma alaraq ikinci dərəcəli əlil olduğunu bildirməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada 6600 manat məbləğində sığorta pulunun cavabdehdən tutulub ona ödənilməsini tələb etməsinin heç bir qanuni əsası yoxdur. Belə ki, qeyd edilən qanunla müəyyən edilmiş qaydada ifadəsi və 6600 manat məbləğinin cavabdehdən tələb edilməsindən aydın olur ki, iddiaçı məhkəmə tərəfindən yuxarıda istinad edilmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir. Halbuki, nəzərə alınmalıdır ki, həmin Qanun məhz hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. İş materiallarına əsasən isə müəyyən edilir ki, iddiaçı əsir götürülən zaman 11 yaşında mülki vətəndaş olmuşdur. Belə ki, onun müvafiq Qanunda qeyd edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər sırasında olması müəyyən edilməmişdir. Qanunun sığorta hadisəsi hesab edilən hər bir maddəsində “həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman” ifadəsinin qeyd edilməsi, lakin iddiaçının həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman deyil, mülki vətəndaş kimi girov götürülən zaman (hərbi əməliyyatlar keçirilən zonada olması səbəbindən) aldığı travma nəticəsində ona əlillik təyin edilməsi göstərir ki, iddiaçının tələbi qanunda müəyyən edilmiş hallarla üst-üstə düşmür. Bundan əlavə həm də qeyd edilməlidir ki, mülki qanunvericiliyin normaları baxımından iddiaçının cavabdehdən sığorta ödənişini tələb etməsi üçün onlar arasında müqavilə olması zəruridir. Hazırki iş üzrə isə tərəflər arasında müqavilə olmadığından, iddiaçının müvafiq tələbi cavabdehə qarşı yönəltməsi haqlı hesab oluna bilməz. Göstərilənlərə əsasən, məhkəmə iddianın əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırki idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, məhkəmə iddia tələbinin əsassız olduğu qənaətinə gələrək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar