Məhkəmə qərarları › İş №2(006)-5144/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5144/2021

09.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5144/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-lə 03.05.2018-ci il tarixdə 147GTKR181230005 saylı zaminlik müqaviləsinin və 03.05.2018-ci il tarixdə Z-**********01944147 saylı zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Masallı rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(032)1064/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Hüseynov Mahmud Maqsud oğluna və ona qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası tam təmin edilərək 03.05.2018-ci tarixli, 147GTKR181230005 saylı kredit müqaviləsi üzrə 2749,06 manat məbləğində əsas borcunun, 840,79 manat məbləğində faiz borcunun, cəmi 3589,85 manat pulun və 05.05.2018-ci il tarixli **********01944147 saylı kredit kartı müqaviləsi üzrə 968,08 manat məbləğində əsas borcunun, 357,50 manat məbləğində faiz borcunun, cəmi 1325,58 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh Hüseynov Mahmud Maqsud oğlu 03.05.2018-ci tarixli, 147GTKR********** saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 36 ay müddətinə illik 27,48% dərəcəsi olmaqla 6000 manat məbləğində kredit götürmüş, cavabdeh Hüseynov Mahmud Maqsud oğluna kredit verilərkən o, cavabdeh Hüseynov Mahmud Maqsud oğluna zamin duraraq bu barədə 03.05.2018-ci il tarixdə 147GTKR181230005 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa "xxxx" ASC ilə Hüseynov Mahmud Maqsud oğlu arasında 03 may 2018-ci il tarixli, **********01944147 saylı kredit kartı müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 25% dərəcəsi ilə 1000 manat kredit verilmişdir. Cavabdeh Hüseynov Mahmud Maqsud oğluna kredit verilərkən o, cavabdeh Hüseynov Mahmud Maqsud oğluna zamin duraraq bu barədə 03.05.2018-ci il tarixdə Z-**********01944147 saylı zaminlik müqaviləsi bağlanmışdır. O, cavabdeh Hüseynov Mahmud Maqsud oğluna zamin durmuş, özü hərbiçidir, İİ-ci Qarabağ müharibəsində iştirak etmiş, hal-hazırda vətəninin keşində durmuşdur. Odur ki, aparılmış əməliyyatadan narazı qaldığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin 16 avqust 2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Hüseynov Mahmud Maqsud oğlu arasında bağlanmış 03.05.2018-ci il tarixli, 147GTKR********** saylı kredit və həmin tarixli **********01944147 saylı kredit xətti müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən müvafiq olaraq illik 27.48 % olmaqla 36 ay müddətinə 6000 AZN məbləğində kredit verilmiş və 1000 AZN məbləğində kredit xətti ayrılmışdır. Həmin kreditlərin təminatı kimi İddiaçı ilə Bank arasında 03.05.2018-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən X1rşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və Zamin Bank qarşısında Borcalanla birgə məsuliyyət daşıyır. Borcalan qeyd olunan müqavilələr üzrə öhdəliklərini icra etmədiyindən Bank tərəfindən Borcalana və Zaminə qarşı iddia qaldırılmış və Masallı Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək Hüseynov Mahmud Maqsud oğlundan və İddiaçı yuxarıda qeyd olunan kredit müqavilələri üzrə müvafiq olaraq 3589.85 manat və 1325.58 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan tələb əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı zaminlik müqaviləsini imzalayarkən iradə ifadəsini göstərərək, Borcalanın Kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə istirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Masallı Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(050)-1064/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Hüseynov Mahmud Maqsud oğlundan və İddiaçı müştərək qaydada 03 may 2018-ci il tarixli 147GTKR181230005 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2749,06 manat, faiz borcuna görə 840,79 manat, cəmi 3589,85 manat, 03 may 2018-ci il tarixli, **********01944147 saylı kredit kartı müqaviləsi üzrə əsas borca görə 968,08 manat, faiz borcuna görə 357,50 manat, cəmi 1325,58 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı zaminlik müqavilələrində göstərilən şərtlərlə razılaşaraq cavabdeh "xxxx" ASC ilə həmin müqavilələri bağlamışdır. Həmin müqavilələrə əsasən zamin borcalanın bu müqavilə üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Hüseynov Mahmud Maqsud oğlu kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank kredit müqaviləsinin şərtlərini əsas götürərək zamin və borcludan müştərək qaydada borcu tələb etmiş və bu zaman Bank tərəfindən heç bir qanunun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə "xxxx" ASC ilə Hüseynov Mahmud Maqsud oğlu və İddiaçı arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan zaminlik müqaviləsinə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 16.1-ci bəndinə əsasən, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” qərarına əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin münkünsüzlüyü deməkdir. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin ləğv olunması” tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin ləğv olunması” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar