Məhkəmə qərarları › İş №2(006)-5161/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5161/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5161/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, 1992-ci il tarixdən 1995-ci il tarixədək N saylı hərbi hissədə xidmət keşmişdir. N-cü ilin avqust ayında döyüş vaxtı yaralanmışdır. Hərbi xidmət dövrü aldığı yaralanma (travma) ilə əlaqədar 2017-ci il tarixdə ona 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilmişdir. Lakin bu günə qədər o 2-ci qrup əlillər üçün nəzərədə tutulan sığorta ödənişini ala bilməmişdir. “Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında” AR Qanununda 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 manat məbləğində sığorta ödənişinin ona ödənilməsi xahişi ilə o 01.06.2021-ci il tarixdə AR Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Müraciətinə 14.06.2021-ci il tarixli, 07-07-553 məktubla formal imtina cavabı verilmişdir. Göstərilənlərə əsasən, 2-ci qrup əlillər üçün nəzərdə tutulmuş 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən edən iddiaçı Qarayev Müşfiq Raqub oğlu iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respyblikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti yanında Ağdaş Rayon Səfərbərlik Və Hərbi Xidmətə Çağırış Şöbəsi tərəfindən verilən ZE seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 08.08.N-cü il tarixdə Ağdam rayonu, Kəngərli kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən 31.01.2018ci il tarixdə verilmiş 007285 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 2022-ci il avqust ayınadək 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X3 Birliyi tərəfindən 02.04.2019-cu il tarixdə verilmiş 016251 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci qrup müharibə əlili statusu verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən 17.03.2016-cı il tarixdə verilmiş 246 nömrəli qərarın surətindən görünür ki, Ağdaş rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən, 08.12.N-cü ildə aldığı və 09.03.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Qəlpə yaralanmalarından sonra ayağın 1-ci barmağının distal falanqasının köhnə bitişmiş sınığı, başın təpə nayihəsininn, sol çənəaltı nayihənin ayağın 1-ci barmaq nayihəsinin, sağ diz oynağının ön səthinin bərkimiş dəri çapıqları”. (AR SHXÇDX-nin Ağdaş rayon şöbəsinin 14.03.2016-cı il tarixli 251 nömrəli göndərişi,14.03.2016-cı il tarixli 13 saylı arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verlmiş 161 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 14.08.2017-ci il tarixli, 4083003AACKF nömrəli arayışın surətindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmasıdır. Diaqnoz: kəllədaxili travma, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya, teztez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə). Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, qəlpə yaralanmasından sonra sağ ayağın 1-ci barmağının distal falanqasının köhnə bitişmiş sınığı. Sağ diz oynağının zədələnməsindən sonrakı hal, yerişin pozulması ilə beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, kəllədaxili hipertenziya, vago-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, diensefal sindrom. Kəskin asteno-nevrotik sindrom. Əsas: 2043 saylı, 14.08.2017-ci il tarixli müayinə aktıdır. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin "xxxx" bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının 03.10.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Hazırkı iş üzrə İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara, müharibə əlilləri statusuna malik olan şəxslər kimi, dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən çərçivələrə salınmasına gətirib çıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi çıxış etmir, həmçinin Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "xxxx" bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 6.600 manat sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar