Məhkəmə qərarları › İş №2(006)-5201/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5201/2024

10.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5201/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Səadət Sarayı tərəfindən 1042 saylı rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahlarından iki övladı - xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 dünyaya gəlmişlər. Bildirir ki, onlar ünvan 1 ünvanında yerləşən 34 saylı evdə yaşayırlar. Bir evdə yaşasalar da, övladlarının həm maddi, həm də ki, mənəvi yükü onun üzərindədir. Cavabdeh ona nə maddi, nə də ki, mənəvi heç bir köməklik göstərmir. Övladlarının hazırlığı, geyimi, yeməyi və s. pul istəyən zaman pulunun olmadığına bəhanə edir və bundan boyun qaçırır. Bu hal dəfələrlə təkrarlandığı üçün o, məcbur olub iddiasını məhkəməyə ünvanlayır. Onların nikahları formaldır və bir ailə kimi təsərrüfat apara bilmirlər. Cavabdeh qazancı hara və kimə xərrcləyir ona məlum deyil, öz doğma övladlarına baxmır və onların maddi xərclərini ödəməkdən imtina edir. O, bu ciddi məsələ ilə bağlı ilk əvvəl Bakı 13 saylı mediasiya təşkilatına müraciət etmişdir. Təşkilat tərəfindən sessiyada iştirak edilməməsi barədə ona arayış verilmiş və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Bir daha bildirir ki, işləmir və heç bir yerdən gəliri yoxdur. Maddi cəhətdən çox əziyyət çəkir. Ona görə də alimentin dərhal cavabdehdən tutulmasına ehtiyacı vardır. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 321577 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 27 aprel 2007-ci il tarixdə Səadət Sarayında 1042 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmamış uşaqları vardır. Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01515 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında iddiaçı tərəf iştirak etsə də, cavabdeh iştirak etməmişdir (mediator:A.Hacıyev). Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş işin halı ondan ibarətdir ki, tərəflər 27 aprel 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Hazırda uşaqlar anasının yanındadır. İddiaçının bildirdiyinə görə cavabdehlə nikah münasibətlərinə son verilməsə də, cavabdeh azyaşlıların saxlanmasında iştirak etmir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək və alimentin məhkəmə qaydasında tutulmasını tələb etmək məcburiyyətindədir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin tələblərinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə iddia tələbinin “uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğinə” münasibətdə qeyd edir ki, ailə münasibətlərindən irəli gələn məsələləri tənzimləyən qanunvericilik bu məsələni də xüsusi olaraq tənzimləyir. Qanunvericiliyin tələblərinə əsasən aliment valideynin aylıq qazancın (gəlirin) müəyyən hissəsi və yaxud sabit pul məbləğində tutula bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən (aliment tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən (aliment tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar